“Yaxın vaxtlarda yağış yağmasa, Tehran ciddi su qıtlığı ilə üzləşə və təxliyə edilə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Sənəndəc şəhərində çıxışı zamanı bildirib.
Dövlət başçısı hökumətin iqtisadi, ekoloji və sosial sahələri əhatə edən kompleks böhranla üzləşdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, yüksək inflyasiya və qiymət artımı həm daxili idarəetmədəki səhvlərin, həm də beynəlxalq sanksiyaların nəticəsidir:
“Qiymət artımına və inflyasiyaya görə həm parlament, həm də hökumət məsuliyyət daşıyır. İş aparılır, lakin maliyyə resurslarının məhdudluğu səbəbindən layihələr tamamlanmamış qalır”.
Dövlət başçısı ciddi quraqlığın səbəb olduğu su çatışmazlığına xüsusi diqqət ayırıb:
“Əgər yağış yağmasa, biz artıq gələn ay Tehrana su təchizatını məhdudlaşdırmalı olacağıq. Əgər quraqlıq davam edərsə, suyumuz tükənəcək və biz şəhəri təxliyə etməli olacağıq”.
Pezeşkian Tehrandakı vəziyyətin narahatlıq doğurduğunu, su və enerji ehtiyatlarının daha yaxşı idarə olunması və qorunması üçün təcili tədbirlərə ehtiyac olduğunu vurğulayıb.