Medianews.az
Bakıda Ermənistan nümayəndələri ilə görüşə hazırlıq gedir  
1,683 baxış

Bakıda Ermənistan nümayəndələri ilə görüşə hazırlıq gedir  

Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirildi. Azərbaycan cəmiyyətində belə bir görüşə hər hansı etiraz, mənfi münasibət müşahidə edilmədi. Lakin Ermənistanda bu görüşü tənqid edənlər oldu.

Dəyirmi masada iştirak edən Azərbaycan nümayəndə heyətinin beş üzvündən biri - 1News.az saytının baş redaktoru Kəmalə Məmmədova oktyabrın 29-da Medianews.az-a açıqlamasında deyib ki, o, İrəvandakı müzakirədən sonra mediada və sosial şəbəkələrdə yer alan şərhləri, reaksiyaları diqqətlə izləməyə çalışır: “Tənqidlər bizim üçün sürpriz olmadı. Çünki hər şeyin hər iki cəmiyyət tərəfindən alqışlarla qarşılanacağını biz heç düşünmürdük də. Bunu ummaq, bunu gözləmək sadəlövhlük olardı. Ona görə tənqidi reaksiyaları da tam normal qarşılayırıq”.

“Tənqidlər Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri davam etdirməsinə mane ola bilərmi” sualına Kəmalə Məmmədova belə cavab verib: “Xeyr, bu reaksiyalar gələcəkdə yeni görüşlərin keçirilməsinə maneə deyil. Əslində görüşlərin də mahiyyəti ondan ibarətdir ki, cəmiyyətlərə doğru məlumatı çatdıraq. Dövlətlər arasında sülhün yaranmasının cəmiyyətlərə verəcəyi faydaları doğru-düzgün izah edək”.

Eyni formatda növbəti görüşün Bakıda keçirilməsi planlaşdırılır. Kəmalə Məmmədova inanır ki, Bakıda dəyirmi masanı təşkil etmək mümkün olacaq: “Niyə də olmasın? Hazırlıqlar gedir. Hər iki tərəf arasında onlayın görüşlərimiz olur. Gələcəkdə qarşılıqlı görüşlər həm Azərbaycanda, həm də Ermənistanda planlaşdırılır. Danışıqlar bu yöndə aparılır. Bakı görüşünün vaxtı isə hələ dəqiqləşməyib. Görüş hər iki tərəf üçün uyğun bir vaxta təyin ediləcək. Bu ilin sonunadək baş tumalıdır".

Xatırladaq ki, İrəvan görüşündə Azərbaycanı Kəmalə Məmmədova ilə bərabər Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli və Dilarə Əfəndiyeva, Ermənistanı isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Bu il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayıb sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, eyni zamanda iki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masaların təşkilində əsas məqsəd Vaşinqtonda qəbul olunan Birgə Bəyannamənin ruhuna uyğun şəkildə sülh gündəliyini təşviq etməkdir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun