“Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoyub. ABŞ bu prosesdə Zəngəzur dəhlizini — TRİP marşrutunu nəzarətə götürməklə Qərb və Şərqi birləşdirən Orta dəhlizin əsas strateji xəttinə nəzarət etmək imkanı qazanır”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, regionda sülh və təhlükəsizlik üçün əsas təhdid hələ də Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası, həmçinin Zəngəzur istiqamətində İran-Ermənistan sərhədini qoruyan Rusiyanın Federal Sərhəd Qoşunlarıdır. ABŞ, Türkiyə və Böyük Britaniyanın Cənubi Qafqaz strategiyasının əsas məqsədi bu hərbi kontingentin Ermənistandan çıxarılmasıdır. Bunun üçün Vaşinqton Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi mövqeyini gücləndirməyə yönəlmiş dəstək verir.
Ermənistanın baş naziri artıq növbəti parlament seçkilərinə hazırlaşır və seçki kampaniyasını “Qarabağsız Ermənistan” şüarı üzərində qurur. Bu, Ermənistan müxalifəti üçün ciddi zərbə olmaqla yanaşı, bədnam “Miatsum” ideologiyasının rəsmi şəkildə iflası və Rusiyanın 200 illik “Qarabağ kartına” vurulan mühüm zərbədir. Paşinyan “Real Ermənistan” konsepsiyasını önə çəkərək “tarixi Ermənistan” ideyasından faktiki imtina edir.
Əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq. Daha sonra isə onun Gümrüdə yerləşən 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirəcəyi istisna deyil.
Rusiya rəhbərliyi Paşinyanın seçkidən sonra atacağı bu addımları qabaqcadan təxmin edir. Buna görə də Moskva Ermənistanda kilsə, ordu və müxalifət qüvvələrindən istifadə edərək Paşinyanı devirmək planları qurur. Öz növbəsində Paşinyan da bu təzyiqlərə qarşı hücuma keçib və Rusiyanın siyasi təsir mexanizmlərini zəiflətməyə çalışır”.
Toğrul Əli,
Medianews.az