Medianews.az
Əvvəl morq idi, indi doğum evi olub?
471 baxış

Əvvəl morq idi, indi doğum evi olub?

images_dekabr_kose xalid kazimli
İndi jurnalistləri qınayırlar ki, bu mövzuda niyə çox yazırsınız. “Hazır mövzu tapmısız” deyirlər. İrad tuturlar: “Cinayətkarı müdafiə edirsiniz” və s.
Əslində jurnalistləri yalnız onda qınamaq olardı ki, 10 il bağlı qapılar arxasında hər cür alçaldılmaya məruz qalan o iki şəxs barədə niyə yazmırdınız.
Ancaq onun da məntiqli cavabı var: onlar qapalı bir yerdədirlər, hər saat yaxın düşmək olmur, informasiya verənləri də yoxdur. Jurnalistlər Penitensiar Xidmətin sərəncamında olan yerlərə sızmaq imtiyazına malik deyil.
Gərək ordan çıxan informasiyanı ictimailəşdirmək istəyən əzizlər, yaxınlar, ən azı vəkillər olsun. Məsələn, bu yaxınlarda məhbəsdə heç nə üstündə öldürülmüş Elşad Babayevin bacısı Simuzər xanım qardaşının qanının batırılmaması üçün öz qanını qaşığa qoyub mübarizə aparır, media ilə işləyir.
Lamiyə Quliyevanın nə özünün, nə yaxınlarının mediaya informasiya verməyə, başlarına gələn haqsızlıqları ictimailəşdirməyə ya həvəsləri, ya da bacarıqları olmayıb.
Budur, İH başçısının oğlunun qətlində iştirakı ilə məşhurlaşan gənc qadın məhbəsdə ana olunca cin şüşədən çıxıb. Artıq bu hadisəni gizlətmək, ört-basdır etmək mümkün deyil.
Hərçənd bu cür təşəbbüslər var. Məsələn, Penitensiar Xidmətindən, Ombudsman Aparatından yayılan açıqlamalar göstərir ki, çoxları qalmaqalın yat-yut olmasına çalışır.
L.Quliyevanın adından yayılan açıqlamanın nə dərəcədə doğru-dürüst olmasını bir yana qoyaq, gənc qadının “zorakılıq olmayıb, hər şey öz xoşumla olub” deməsiylə məsələ bitmiş sayılmaz.
Burada ən azı məhbusların saxlanılmasına dair təlimatların, qanun-qaydaların pozulması halı göz önündədir.
Türmə sanatoriya və ya kurort mərkəzi deyil ki, azad qadın və azad kişi hovuz qırağında tanış olub, mehribanlaşsınlar və romantik atmosferdə intim həyatlarına dalsınlar. Burada hər şey nəzarətdədir, hər bir hərəkət xüsusi rejim əsasında tənzimlənir.
Dustağın hər dəqiqə öz xoşuyla hərəkət etmək imkanı yoxdur, onun azadlığı məhdudlaşdırılıb. O qadın kiminləsə cinsi əlaqədə olub və doğub, deməli, burada xeyli cəzalandırılmalı adam olmalıdır.
İndi bu qadına və onun keçmiş nişanlısına ağır cəza verdirən, “sizi türmədən çıxmağa qoymayacam” deyə and içən Aslan Aslanov (sabiq İH başçısı, sabiq nazir müavini) deyir ki, bu məsələ mənlik deyil.
Bəs kimlikdir? Cəzasını günə-gün çəkib bitirən qadın türmədə qalıb, üstəlik, azadlığa çıxmasına bir az qalmış ona yenidən ağır cəza kəsiblər. Halbuki onun yol verdiyi ikinci qanun pozma halına görə karser cəzası da verilə bilərdi və məsələ bitərdi. Ancaq Lamiyəyə ən ağır cəzanı veriblər.
Bunu da qoyaq bir tərəfə. Dalaşmağa görə tutulanların adı amnistiyaya, əfv sərəncamlarına ilk növbədə salınır. Ancaq bu qadının ikinci “cinayət”inə görə əfv olunmaması ona qarşı qərəzin göstəricisidir. Belə çıxır ki, o, yenə günə-gün həbsdə qalmalıdır. Hələ o da yenidən ona üçüncü cəza müddəti verməsələr.
İndi mətbuat ona görə bu məsələdən yazır ki, ortada hər bir hüquqi dövlətin adına ləkə ola biləcək durum var. Bu hadisə mafiyalara məxsus haqq-hesab çəkilmə tərzinə oxşayır. Özünü boss sayan biri oğlunun qisasını almaq üçün dövlətin fövqündə dayanıb sifarişlər verir, onun icrasını təmin etdirir, hədəfə götürdüyü şəxsin, onun nəsl-nəcabətinin biabır-rüsvay olmasını təşkil edir.
Türmələr ayrıca götürülmüş bir arxipelaqdır. Orda hər an gənc və sağlam adamların meyiti çıxa bilər. Belə şeylər əvvəllər də çox olurdu, indi də vaxtaşırı olur. Cəzaçəkmə müəssisələrinin hərdən morqa dönməsi halları təəccüb doğurmurdu, indi doğum evi kimi işləməsi faktı da ortadadır.
Bütün bu neqativ hallara görə hələlik heç kəs cəzalandırılmayıb. Elşad Babayevi öldürənlər də əllərini, qollarını sallayıb gəzirlər. Özünün vicdan çatışmazlığı olan tibbi ekspertlər üzərində o qədər xəsarət izi olan mərhuma “ürək çatışmazlığı” diaqnozu qoyublar.
Onu da qeyd edim ki, bir neçə il öncə Gürcüstanda təcridxanada saxlanılan şəxslərə qarşı zorakılıq faktı aşkarlandığı zaman ədliyyə naziri istefa verdi, onlarla adam cəzalandırıldı.

Bizə qoşulun