Medianews.az
“Yəqin ki, ad günüm olduğu üçün xətrimə dəyməyiblər, başqa gün olsaydı...” -
1,249 baxış

“Yəqin ki, ad günüm olduğu üçün xətrimə dəyməyiblər, başqa gün olsaydı...” - Həsən Həsənovdan ÖZƏL AÇIQLAMALAR

“Heç vaxt dəbdəbəli doğum günü qeyd etməmişəm. Bu dəfə də ad günümü ailəmin ətrafında qeyd edirəm. Heç bir rəsmi tədbir keçirilmir. Bəzən də yaxın dostlarımla keçirmişəm. Ən böyük arzum dövlətimizlə bağlıdır. Artıq bütün arzularım həyata keçib. 30 il torpağımız, dövlətimiz yaralı vəziyyətdə idi. Şükür ki, artıq torpaqlarımız işğaldan azad edilib. Dövlətimizin salamat olması mənim üçün əsas və böyük dəyərdir. O biri məsələlər ikinci dərəcəlidir. Fərdi şəkildə götürəndə də adam istəyir ki, yaxınları, ətrafındakı insanların canı sağlam olsun”

Bunu Medianews.az-a özəl açıqlamasında Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov deyib. O daha sonra onu 85 illik yubileyi münasibəti ilə təbrik edənlərdən danışıb:

“Düzünü deyim ki, məni yubileyim münasibəti ilə lap çox adam təbrik edib. Hətta mən gözlədiyimdən də çox. Kitabxanalardan birində mənə həsr olunmuş sərgi təşkil olunub. Nə o kitabxananı tanıyıram, nə də harada yerləşdiyini bilirəm. Bunu mənə göndəriblər. Kimsə sosial şəbəkədə şəkilimi yerləşdirib, yaşımı yazıb. Böyük marağa səbəb olub və gözəl rəylər yazılıb. Deyilənə görə orada ancaq xoş sözlər yazılıb. Görünür doğum günüm olduğuna görə xətrimə dəyməyiblər. Başqa vaxt olsaydı bəlkə də mənfi nələrsə də yazardılar (gülür)”.



Həsən Həsənov çox nadir hallarda müsahibə verdiyini bildirib və səbəbini belə izah edib:

“Jurnalistlərə çox bel bağlamıram. Onların stabil münasibətinə inanmıram. Vəzifədə olan müddətdə, yəni Sovet dövründə ümumiyyətlə bizdə müsahibə ideyası yox idi. Müstəqillik dövründə başladı bu ideya. Müstəqillik dövründə də bir müddət Baş nazir, sonra Xarici İşlər Naziri işləmişəm. O vaxt ən aktual mövzu Qarabağ idi. Hamını bu mövzu maraqlandırırdı. Mən özüm də Azərbaycanın mövqeyini jurnalistlər vasitəsilə bildirməyini istəyirdim. O məqsədyönlü bir məsələ idi. Həm mənim, həm də jurnalistin tərəfindən. Qarabağ ideyasını yazmaq, yaymaq, aydınlıq gətirmək, ermənilərin mövqeyini ifşa etmək lazım idi".
Əli Əsgər
Medianews.az


Bizə qoşulun