UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin dördüncü turu oynanır. Azərbaycan təmsilçisi “Qarabağ” noyabrın 5-i Bakıda İngiltərənin “Çelsi” komandasını qəbul edir. İndi “Qarabağ” 36 komanda arasında 6 xalla 14-cü yerdədir.
Medianews.az bildirir ki, qələbə qazanacağı halda “Qarabağ” turnir cədvəlində 7 pillə irəliləyə bilər, ancaq bunun üçün başqa bir neçə oyunun da ağdamlılar üçün sərfəli bitməsi lazımdır. Rəqibin gücünü nəzərə alanda heç-heçə də “Qarabağ”a çox yarayar.
Səkkiz turluq raundda ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürüləcək: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.
Qalan dörd turda “Qarabağ” Niderlandın “Ayaks”, Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları ilə evdə, İtaliyanın “Napoli”, İngiltərənin “Liverpul” komandaları ilə səfərdə görüşəcək.
Toğrul Əli,
Medianews.az