Medianews.az
Prezidentin qaldırdığı məsələ həllini necə tapacaq? –
253 baxış

Prezidentin qaldırdığı məsələ həllini necə tapacaq? – Mexanizm varmı?

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması məsələsindən də danışıb, bəzi narahatlıqlarını ifadə edib.

Dövlət başçısı deyib:

“On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Medianews.az xatırladır ki, 2025-ci il iyulun 31-də Prezident İlham Əliyev “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi haqda fərman imzalayıb. Fərmana əsasən, nazirliyin vəzifələri sırasına bunlar da daxil edilib:

- Müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

- Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək.

Göründüyü kimi, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək Mədəniyyət Nazirliyinə həvalə olunub.

Sentyabr ayında Medianews.az saytı Mədəniyyət Nazirliyinin Prezidentin 31 iyul fərmanından irəli gələn hansı addımları atdığı, hansı tədbirləri həyata keçirməyi planlaşdırdığı haqda nazirliyə sorğu göndərmişdi. O zaman saytın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilmişdi ki, fərmanın icrasını təmin etmək məqsədilə ilk növbədə Azərbaycan dilinin tətbiqi, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycan dilinin inkişafı və saflaşdırılması istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi və məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Azərbaycan dilinin tətbiqi, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət mexanizmi necə olmalıdır?

Hüquqi bazanın təkmilləşdirilməsinə, qanunlara əlavələr edilməsinə, rəsmi xəbərdarlıq, cərimə və digər məsuliyyət növlərinin müəyyənləşdirilməsinə, cəzaların, sanksiyaların tətbiqinə ehtiyac varmı? Effektiv nəzarət mexanizminin qurulması və sanksiyaların tətbiqi ilə bağlı konkret olaraq hansı təklifləri irəli sürmək olar?

Mövzu ilə bağlı Medianews.az-ın suallarını cavablandıran nasir, publisist, ssenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlı bildirib ki, Prezident İlham Əliyevin on il əvvəl də, indi də dilimizin saflığının qorunması ilə bağlı qaldırdığı məsələ öz aktuallığını qoruyub saxlayır: “Təəssüf ki, aradan keçən müddət ərzində bu istiqamətdə yetərincə səmərəli işlər görülmədi, hətta dilin saflığını qorumaqla bağlı vəzifə qurumlar arasındakı açıq-gizli qarşıdurmaya çevrildi, nəticədə konseptual məsələlər həyata keçirilmədi. Mədəniyyət Nazirliyinin bu sahədə nizam yaradacağına inanmaq istərdim, amma nazirliyin belə bir imkanını görə bilmirəm, Məncə, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Terminologiya Komissiyası, üstəlik, Mətbuat Şurasının və Audiovizual Şuranın fəaliyyətini əlaqələndirən bir mexanizim yoxdur, şuraların, institut və komissiyanın vəziyyətə aktiv müdaxiləsi hiss olunmur.

Ölkədə nəşriyyatların işini əlaqələndirən bir qurum olmadığı üçün vəziyyət daha da mürəkkəbləşir. Buna görə də hesab edirəm ki, Dövlət Dil Qurumunun yaradılması, Terminologiya Komissiyasının və dil monitorinq funksiyasının həmin quruma tabe edilməsi, əlaqələndirmə səlahiyyətinin ona tabe edilməsi daha səmərəli olardı”.

N.Əbdülrəhmanlının fikrincə, bütün bunları gerçəkləşdirmək üçün, hər şeydən əvvəl, mütəxəssisllər tərəfindən qısa müddətdə Dövlət Dili Konsepsiyasının işlənib hazırlanması, Milli Məclisdə müzakirə və təsdiq edilməsi daha düzgün olardı: “Hüquqi bazanın təkmilləşdirilməsi, qanunlara əlavələr edilməsi, effektiv nəzarət mexanizminin qurulması və sanksiyaların tətbiqi, rəsmi xəbərdarlıq, cərimə və digər məsuliyyət növlərinin müəyyənləşdirilməsi, cəzaların, sanksiyaların tətbiqi də həmin Konsepsiyaya əsasən həyata keçirilməlidir. Xüsusilə kütləvi informasiya vasitələrinin dil normalarına riayət etməsi çox vacib məsələdir. Çünki dil xalqın şüuruna əsasən məhz həmin vasitələrlə təsir göstərir.

Belə hesab edirəm ki, bütün bu məsələlər geniş müzakirə olunmalı, vəziyyətin yaxışılaşdırılması üçün real addımlar atılmalıdır. Əks təqdirdə yenə vaxt itksi ilə üzləşəcəyik ki, bu da dilimizin taleyində xoşagəlməz izlər qoyacaq”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.

Bizə qoşulun