Dünyada baş qaldırmış ant-Amerika isterikasına bizim ölkəmizin, daha dəqiqi, onu idarə edənlərin də qoşulmasının öz mühüm səbəbləri var. Bu mövqe, eləcə də rəsmi dövlət qəzeti “Azərbaycan”da çıxan “Obamanın ikiüzlülüyü” məqaləsi boşuna deyil.
Görünür, rəsmi Bakı Vaşinqtondan özünə qarşı yönələn təzyiqlərə bu cür təpki verir, müdafiə olunmağa çalışır.
Bu, həm də bir seçim məsələsidir. Hazırda ötən əsrin 80-ci illərində olduğu qədər barışmaz şəkildə qarşı-qarşıya durub düşmənçilik edən ABŞ və Rusiya arasında qalan Azərbaycan ikinciyə sığınmağı üstün tutur.
Bunu demokratiya və avtoritarizm arasında seçim kimi səciyyələndirmək də olar.
Azərbaycan ona görə Rusiyaya yaxınlaşır ki, Rusiya yaxındadır, “rus ayısı”nın iti caynaqlı pəncəsinin bir qolaylanmaqlıq məsafəsindədir. Üstəlik, bu “ayı” hır-zır qanmır, uzun-uzadı düşünmür, qəzəblənəndə dərhal hərəkətə keçir.
ABŞ isə uzaqdadır, həm də hələm-hələm emosional hərəkət edən deyil, bəzi sayğısızlıqları uda, unuda, görməzliyə vura, güzəştə gedə bilir, arzusuna yetə bilməsə də, problemi dialoqla həll etməyə çalışır. Rəsmi Bakı Ağ Evin də, Dövlət Departamentinin qətiyyətlilik dərəcəsini, hara qədər gedə biləcəyini, nə vaxt hansı tədbirə əl atacağını yaxşı bilir, dəfələrlə yoxlayıb və əmindir ki, indilikdə ABŞ-dan ziyan gəlməz.
2013-cü ildə Rusiyanın ölkədə siyasi dəyişikliyə nail olmaq planı ortadaydı. Hazırda “Vaşinqton Azərbaycanda çevriliş etmək istəyir” iddiasını əks etdirən cümlənin iki il öncəki variantında isim yerində Rusiyanın adı vardı, fel isə dəyişmirdi. İqtidar düşərgəsi həyəcanlı idi, rəsmi və qeyri-rəsmi sözçülər Kremlin məkrli olanlarına alət olanlardan gen-bol danışır, yazırdılar. Ancaq o zaman heç kəs “Putinin ikiüzlülüyü” başlığı ilə yazı yazmağa cəsarət etmədi. Heç verilən müsahibələrdə də belə bir cümlə, ifadə işlədən olmadı.
Belə çıxır ki, bizimkilər Putinlə müqayisədə Obamanı fağır tanıyıblar və hesab edirlər ki, bununla ağac-ağaca durmaq olar.
Əslində Barak Obama prezident kürsüsündə oturduğu ilk gündən ta indiyə qədər atdığı addımlarla, verdiyi bəyanatlarla, müxtəlif qərarları ilə, rəsmi səfərlərdəki davranışlarıyla sələflərindən fərqli bir lider olduğunu göstərib və göstərməkdədir. Obama daha mülayimdir, aqressiv və kinli deyil. Belə adama dişsiz də deyirlər. Onun yerində rəqibi senator Makkeyn olsaydı, nə ABŞ-ın beynəlxalq nüfuzu indiki kimi olardı, nə də ABŞ prezidenti dünyada indiki reputasiya ilə tanınardı.
Bəzən deyirlər ki, ABŞ-ı “dərin dövlət”, müxtəlif institutlar idarə edir, prezident simvolik hakimiyyətə malikdir. Ola bilər ki, bu sözdə müəyyən həqiqət var, ancaq hər halda prezident olan şəxs “dərin dövlət”in də, idarəedici institutların da rəhbəridir və dövlətin simasıdır, ondan çox şey asılıdır.
Dünyanı sarmış anti-Amerikanizm dalğasının böyüyüb bu hala gəlməsində Obamanın, onun administrasiyasının da səhvləri olmamış deyil. Ancaq bir səbəb də dünyanın üçdə ikisində hökmran olan despotizmin ABŞ-a, onun dəstəklədiyi, yaymağa çalışdığı demokratik dəyərlərə müqavimətdir.
ABŞ-i ən çox pisləyənləri sırasına baxaq: Rusiya - avtoritar rejimə malik aqressiv dövlətdir; Şimali Koreya - totalitarizm və avtoritarizmin bütün hədləri aşdığı bir rejimə malikdir; İran - teokratik rejimli, nüvə silahı əldə etmək istəyərək regionda lider olmaq istəyən bir dövlətdir; Kuba - 55 ilin diktatura yuvasıdır; Venesuela - psevdosolçuluq ideologiyasının hökmran olduğu avtoritar dövlətdir; Belorus - Rusiyaya güvənən, 20 ildən bəri dəyişməz liderin idarə etdiyi tiranlıqdır; bir sıra ekstremist dini təşkilatlar - quldarlıq quruluşu dövrünə xas, şəriət qanunlarıyla idarə olan dövlət modeli qurmaq istəyən qruplardır.
Amerikanı ən çox pisləyən onlardır. Və onların öz mahiyyətləri, məram və məqsədləri ortadadır.
Söz yox, ABŞ-ı çox tənqid etmək, siyasətini bəyənməmək, pisləmək olar, amma yuxarıda adı çəkilənlərlə qoşulmaq, onların ritorikası ilə çıxış etmək lazım deyil.
ABŞ xarici siyasətində nə qədər səhvlərə yol versə də, dünya üzərindəki 200 dövlətin 180-indən yaxşıdır.
Dünyadakı bütün problemlərin qaynağı olaraq bu dövlətin adını çəkmək yanlışdır. O problemlər ABŞ-dan 1300, 2000 il öncə də vardı.
