Medianews.az
Ziyarətin cinayətə bərabər tutulduğu ölkə
423 baxış

Ziyarətin cinayətə bərabər tutulduğu ölkə

xalid kazimli kose 1
Məhkumları Fəxri Xiyabanı ziyarət etmək şərti ilə əfv edib azadlığa buraxmaq ənənəsi nə qədər qeyri-humanist aktdırsa, ziyarət edənlərin üzərində qınama kampaniyası təşkil etmək də eyni işdir.
Hər şeyi insanların öz vicdanına buraxmaq lazımdır: ziyarət etmək istəyən etsin, etmək istəməyən, etməsin.
Biri heykələ baş əyməyi əfv edənə minnətdarlıq jesti kimi anlayırsa, qəbul edirsə, onu bundan məhrum etmək olmaz. Qoy borcunu ödəsin.
Başqa biri üçün bu sınmazlığın, əyilməzliyin simvoludursa və heç cür etmək istəmirsə, hesab edirsə ki, bu hərəkət onun avtobioqrafiyasına yazıla bilər, gələcəkdə baş töhmətinə çevrilər, siyasi karyerasına zərbə vurar, qoy etməsin.
Adam baş əymir və əfv olunmur, bir neçə il artıq cəza, əziyyət, iztirab çəkir. Nəhayət, o da azadlığa çıxır. Məlum olur ki, azadlığa çıxıb baş əyənlə onun siyasi statusu, ictimai nüfuzu, maddi durumu arasında fərq ya yoxdur, ya da o birisi daha üstündür, amma bunun da mənəvi rahatlığı var.
Bununla belə, əfv ərizəsi yazmağın, Fəxri Xiyabanı ziyarət etməyin, heykələ baş əyməyin gələcəkdə ona hər hansı bir problem yaratmayacağını düşünən, siyasi karyera hayında olmayan məhkumlar da var ki, onları nə qınamaq olar, nə də bu qınaqla nəsə əldə etmək.
Belə şəxslərə qarşı hücumçu mövqeyində o şəxslər ola bilər ki, onlar da eyni maddələrlə, eyni şərtlərlə, eyni müddətdə cəza çəkiblər, amma sona qədər dəyanət göstəriblər, bağışlanma xahişi etməyiblər.
Hətta yenə də özünə, öz əqidəsinə hörmət edən səbatlı, təmkinli keçmiş məhkum özünə sığışdırıb sabiq türmə yoldaşına “bax, sən əfv yazdın, baş əydin, çıxdın, amma mən yazmadım” deməz.
İndiyədək Fəxri Xiyabanı ziyarət etmək və heykələ baş əymək şərti ilə azadlığa çıxanlar çox olub. Onların bir çoxunun sonrakı fəaliyyəti tamamilə başqa cür alınıb, bu adamlar yenə də müxalif mövqedə dayanıblar və bir də heç vaxt hakimiyyətə yarınmaq, xoş gəlmək üçün hansısa addım atmayıblar. Bir çoxlarının başəymə prosedurundan keçməsi də unudulub. (Hərçənd o hərəkəti yadda saxlayanlar da olmamış deyil. Bir gün adam rəqibə çevriləndə mütləq “türmədən çıxanda baş əydin” ittihamı ilə üzləşəcək).
Hazırda jurnalist Əvəz Zeynallıya qarşı da bənzər ittihamlar var. O, iki gün öncə Şəhidlər Xiyabanında, Fəxri Xiyabanda olaraq bir çox tarixi şəxsiyyətlərin məzarını ziyarət edib. Ancaq bu ziyarətlər barədə informasiya verərkən daha çox Zeynallının Əliyevlərin məzarını ziyarət etməsinə vurğu salınır.
Əslində məsələyə bu cür yanaşan jurnalistlərin hərəkəti də normaldır. Çünki Əvəz Zeynallı həbsdən çıxandan sonra yüzlərlə şəxsiyyətin məzarını ziyarət etsə də, jurnalistlər onu məhz Fəxri Xiyabanın darvazaları önündə gözləyəcəkdilər. Bu, daha maraqlıdır və əsas məsələ budur: Əvəz Zeynallı Heydər Əliyevin məzarını ziyarət edəcəkmi?
Bu ziyarəti iqtidar düşərgəsi də, müxalifət cinahı da məhək daşına çevirib. İqtidarın qənaətinə görə, Fəxri Xiyabanı ziyarət etmək təslim olmaq deməkdir, tərk-silahdır. Müxalifətin qənaəti də elədir, məsələyə “o heykələ baş əyən bizdən deyil” ehkamı var.
Ancaq Əvəz Zeynallı nə iqtidarçıdır, nə müxalifətçidir, adam azad jurnalistdir, heç kəsin qabağında haranısa ziyarət etməmək, baş əyməmək kimi öhdəliyi yoxdur.
Bu hərəkəti onun sonrakı azadlıqlarını da məhdudlaşdırmır. O, sabah mövcud hakimiyyətin ünvanına tənqid yazsa, ona “axı baş əymişdin, indi tənqid edirsən?” sualı ünvanlaya bilməyəcəklər. Ünvanlayanlar olsa da, ağır cavab alacaqlar. Eyni zamanda sabah Əvəz Zeynallı meydana çıxıb hamıdan artıq müxalifətçi olduğunu iddia etsə və bunu sübut etməyə cəhd göstərsə, ona həmin epizodu xatırladacaqlar.
Yəni nə qədər ki, Əvəz Zeynallı jurnalist kimi fəaliyyət göstərmək fikrindədir, siyasi ambisiya nümayiş etdirmir, onun həbsdən çıxdıqdan sonra atdığı bütün addımlara dözümlü yanaşmaq, öz vicdanına buraxmaq lazımdır.
İllərdən bəri mühakimə olunan bir qələm adamını simvolik xarakter daşıyan addımlara görə qınamaq olmaz və heç birimizə bu haqq verilməyib.
Ümumiyyətlə, bu sayaq bolşevik yanaşmaları ilə birdəfəlik qurtarmaq lazımdır. Bu cür qınama-pisləmələrlə, damğalamalarla siyasi uğur qazanmaq mümkün deyil.

Bizə qoşulun