Medianews.az
Eyforiyadan məyusluğa
366 baxış

Eyforiyadan məyusluğa

xalid kazimli kose 1
Yeni ilin ilk günlərində qohum-əqrəbanın Rusiyadan gəlmiş nümayəndələri ilə söhbətim oldu.
Bu gəliş əvvəlkilərdən deyil. Onlar ildə bir, ya iki dəfə gələrdilər, elə il olardı ki, gəlməzdilər. 2 ay əvvəl gəlib-getmişdilər, indi yenidən qayııdblar. Adı budur ki, Yeni il tətilinə gəliblər. Bu da paradoksdur, köhnə vaxtlarda camaat Yeni il tətilini keçirmək üçün Moskvaya, Leninqrada gedərdi. İndi üzü bəri gəlirlər.
Özlərini tox tuturlar, şəxsi planda sıxıntıları yoxdur. Qazancları bir az azalıbsa da, iflas həddində deyillər, vəziyyətdən çıxmaq üçün resursları, fərasətləri, planları var.
Ancaq ümumən götürəndə etiraf edirlər ki, işlər yaxşılığa doğru getmir. Əhalinin maddi sıxıntısı artır və bu, iqtisadi geriləməyə, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.
Rusiyada yaşayan həmvətənlərimizin böyük qismi kimi, bunlar da ticarət sektorundadırlar, topdansatış işləri ilə məşğuldurlar. Əhalinin alıcılıq qabiliyyətinin necə aşağı düşdüyünü supermarketlərin onlardan götürdükləri əmtəənin çeşid və miqdarının azalmasından bilirlər. Bu üzdən əməkdaşlarını ixtisar etmək məcburiyyətində də qalıblar.
Keçən il bu vaxt belə deyilmiş. İşlər genişlənməyə, inkişafa, tərəqqiyə doğruymuş. Hətta yeni iş yerlərində çalışdırmaq üçün ölkəmizdən, öz tanış-bilişləri arasından Moskvaya etibarlı gənclər dəvət ediblər. Bu il isə onların bir çoxunu geri göndərməli olublar.
Bu tənəzzülün səbəbini soruşmuram, çünki bilirəm, Kremlin keçən il bu vaxtlar başlayan Yanukoviç isteriyasının, Donbas, Krım avantürasının bu günlərə gətirəcəyi öncədən bəlliydi. Politoloqlar, jurnalistlər, ictimai-siyasi xadimlər həyəcan təbilini keçən ildən çalırdılar. Hamı deyirdi, Moskvanın tutduğu mürtəce xətt, yeritdiyi aqressiv siyasət ölkədə iqtisadi sıxıntılar yaradacaq.
Bu, o zamanlar idi ki, Rusiya ictimaiyyəti eyforiyada idi, “Krım əzəli yuvasına qayıtdı” deyə öyünür, Putini qaldırıb dağın başına qoyurdular. Prezidentin reytinqi ərşdə-gürşdəydi.
İndi necədir, əvvəlki eyforiyadan, yüksək reytinq göstəricilərindən əsər qalıbmı?
 Məcburi tətilə gəlmiş həmvərənlərimiz deyirlər, rusların çoxu özlərini hələ o yerə qoymurlar, məyusluqlarını büruzə verməməyə çalışırlar, ancaq narazılığını açıq-aşkar ifadə edənlər də artıb. Onlar qorxub-eləmədən ictimai yerlərdə “Krım bizim torpağımız deyil, bizim Krıma ehtiyacımız yoxdur, o yarımadanı işğal etmək bizə heç nə vermədi” deyirlər.
Ancaq artıq gecdir, ox yaydan çıxıb, nə Putin tutub getdiyi yoldan geri dönənə oxşayır, nə də Qərb bloku Rusiyaya qarşı davranışını dəyişəcəkmiş kimi görünür.
Bütün bu mənasız intriqanın zərbəsi isə milyonlarla rusa və öz ruzisini bu ölkənin çoxsaylı, ərköyün və xeyli dərəcədə tənbəl əhalisinə xidmət göstərən (ticarətdən təmizliyə qədər) qastarbayterlərə dəyir.
Bəs işin gedişatı nə olacaq? Yəni Rusiya əhalisi, o cümlədən bu ölkəəd çalışan azərbaycanlılar sıxıntı çəkməyə nə qədər dözəcəklər, elə bu cür də davam edəcəklər?
Bu suallara doğru-dürüst cavab vermək çətindir. Rusiya avtoritarizmin cəngindədir. Bu dövlətdə hər şeyi Putin və  onun komandası həll edir. Onlar xalqı özləri ilə bərabər uçuruma da apara, yarı yoldan qayıda da bilərlər. Hələlik Rusiyanın hakim partiyasını ziyanın yarısından qayıtmağa vadar edəcək qüvvə yoxdur.
Bir neçə gün öncə Moskvada baş tutan etiraz nümayişi və onun amansızlıqla, həbslərlə dağıdılması göstərir ki, Rusiyanın xarici siyasətində korrektə etmək istəyən qüvvələr zəif də olsa mövcuddurlar. Ölkə əhalisinin maddi durumu pisləşdikcə etirazçıların sırasının sıxlaşacağı gözlənilir.
Qonşu dövlətdə baş verənlərə dair gələn xəbərlər bir daha avtoritarizmin, bir şəxsin dövləti istədiyi kimi idarə etməsinin, bütün hakimiyyət qollarına şəriksiz rəhbərlik etməsinin acı nəticələr doğurduğunu göstərir.

Bizə qoşulun