Tam cəsarətlə və əminliklə iddia irəli sürmək olar: 23 dekabr seçkisi son 100 ilin ən bərbad, ən sönük seçkisi oldu. Ölkə əhalisinin tam əksəriyyəti bu seçkidən xəbərsiz idi. Xəbər tutanlar da maraqlanmırdılar. Maraqlananların çoxu isə elə-belə, iştirak etmək niyyəti olmadan, şou-biznes xəbəri ilə ilgilənirmişlər kimi davranırdılar.
Əgər 23 dekabr qeyri-iş günü elan olunmasaydı və minlərlə şagird, tələbə 1 günlük tətil edərək evdə qalmasaydılar, onların özləri kimi valideynləri də bu günün nə ilə əlamətdar olduğunu bilməyəcəkdilər.
Bələdiyyə üzvlərini seçmək üçün seçki məntəqələrinə gələn seçicilərin faizinin sıfırın üstündə olması (çoxsaylı şahidlərin ifadələrinə əsasən) göstərir ki, bu ölkədə insanların seçkiyə etimadı və gözləntisi yoxdur.
İnsanlar bilirlər ki, seçki məntəqəsinə gedib kiməsə səs verməyin xeyri yoxdur, öncədən nəzərdə tutulmuş şəxslər “seçiləcək”.
Hətta seçicilər ona da əmindirlər ki, istədikləri şəxslərin seçilməsinin də heç bir əhəmiyyəti yoxdur, ona işləməyə imkan verməyəcəklər. Çünki bələdiyyə institutu bu ölkədə arabanın beşinci təkəri, yaxud da əldəki altıncı barmaq kimi bir şeydir.
Bir ölkədə ki hər bir səlahiyyət icra hakimiyyəti orqanlarındadır və bələdiyyə şuralarının heç bir yetərli səlahiyyəti yoxdur, onda ona keçirilən seçkilər nəyə görə maraqlı ola bilər.
Söz yox, seçilmək istəyənlər var və həmişə olacaq. Bu insan psixologiyası ilə bağlı məsələdir, amma onları seçmək istəyənlər olmayandan sonra bu “seçilmişliyin” də elə bir faydası yoxdur.
Bu, gözlə görünən, bəlli faktdır: ildən-ilə seçkiyə maraq, diqqət azalır. Səbəbi də bəllidir. Çünki bunlar əsl seçkilər deyil, nəinki sağlam rəqabət, dürüst yarışma mühiti yoxdur, hətta seçib-seçilmək ehtirası təhlükəli nəticələr verir.
Məsələn, hər dəfə öz namizədini seçmək istəyənlərin iradəsinə zor tətbiq olunur və adamlar pərt vəziyyətə düşürlər. Yüz minlərlə insan heç olmasa bir dəfə seçdiyinə mandat verildiyini görməzmi? Görmürlər.
Seçilmək istəyənlərin durumu daha ağırdır. Onlar mandat alıb hansısa seçkili orqanda post tutmaq imkanından məhrum olduqları bir yana, öz işlərindən də qovulurlar, üstəlik, yaxın qohum-əqrəbasının dövlət büdcəsinə baxan təsisatlarda işləyən fərdlərinin çörəyinə bais olurlar. Minlərlə fakt sadalamaq olar.
Ona görə də son illərdə yüz minlərlə seçici “ac qulağım - dinc qulağım” deyə bu sayaq xəta-bəlalı proseslərə qarışmaq istəmirlər. Tam da təbiidir: heç bir faydası yoxdur, ziyanı isə nə qədər desənE Salamatı “böyüklərin oyunu”na qarışmamaqdır, kimi seçirlər, seçsinlər, təki bizi işə salmasınlar - düşüncə budur.
Bununla belə, seçkilərdə ictimai fəallıq nə qədər az olsa da, heç bir fəallıq olmasa da, məntəqə seçki komissiyasının üzvləri səsvermə günü son dərəcə həyəcanlanırlar. Onların içində ruhi tarazlığını itirənlər, əməlli-başlı psixopata çevrilənlər olur.
Belələrinə elə gəlir ki, üzərilərinə düşən vəzifəni yerinə yetirə bilməyəcəklər və həm MnSK üzvlüyündən, həm də maaş aldıqları işdən qovulacaqlar. Bu baxımdan səsvermə günü onlar hər hansı bir problem yaradan (foto və video çəkilişləri aparan, diqqətlə müşahidə aparan, seçkinin gedişi ilə maraqlanaraq pozuntuları qeyd edən) hər bir şəxsi linç etməyə, şərləməyə, üzünə cırmaq atmağa hazırdırlar. Bəziləri öz üst-başlarını cıraraq, “bu mənə sataşdı” deyə üzə durmaq niyyətində olduqlarını göstərirlər.
İnsanlar niyə bu həddə çatır? Heç bir əhəmiyyəti olmayan müşahidələrə, qayda pozuntularının qeydə alınmasına görə nədən bu cür isterik-maniakal duruma çatırlar? Məgər bilmirlərmi ki, bu ölkədə heç bir halda seçki komissiyası üzvlərinə güldən ağır söz deyilməyəcək?
Anlamaq çətindir. Seçicilərin bir qismi də məhz o cür aqressiv insanlarla üzləşməmək, onların şər-böhtanına məruz qalmamaq üçün məntəqələrə getmirlər.
Bir müddət belə davam edəcək. Nəhayət, qismət olsa, nə vaxtsa biz də dava-dalaşsız, isterikasız, sakit seçki görəcəyik. Görməyəcəyiksə də, deməli, görməmişik və bu cür olmağa layiqik.
