Medianews.az
“Xətai”dəki Maydan
481 baxış

“Xətai”dəki Maydan

elsad pasasoy kose1 Düzü, Rauf bəyin zənginə qədər nə baş verdiyindən xəbərsiz idim. Sən demə, Xətai rayonunun yüzlərlə sakini gecəni fövqəladə rejimdə keçirib. Bu dəfə sakinlərin yuxusunu haram eləyən sürüşmə deyil, ağac qatilləri olub... Hadisə yerinə çatanda eşitdiyim ilk kəlmə hadisənin real qiymətləndirməsiydi. Gənclərdən biri “qardaş, bu gecə bura bizim üçün Maydan olub”. Barrikadalara bənzər taxta qalaqları, insanlarla əhatələnmiş, neçə gündür çatılan çıtır-çıtır yanan ocaq, qalın geyinib “post”da dayanan qadın, kişi, uşaqlar... Yuxarıdakı fikir əslində həqiqət idi: “Xəta”inin Maydanıydı bura. Sadəcə Kiyevin Maydanından fərqlisi o idi ki, burda camaat sadəcə sovetlər dövründə əkilmiş ağaclarının qırılmasına etiraz edrdi. 80-ci illərin əvvəllərində tikilən bu binaların ilk sakinləri danışdıqca az qalırdılar hönkür-hönkür ağlasın. Biologiya elmlər doktoru olan ağsaqqal kəsilən ağaclardan danışdıqca zənn edirdim ağacı yox, onun qolunu kəsiblər. Ömrünü təbiətə həsr eləmiş bir elm adamı üçün gözünün qabağında ağac qətliamının törədilməsindən ağır nə ola bilərdi? Danişdiqca titrəyirdi. Balaca qızcığaz isə “mən park istəyirəm” deyə, yumruğunu sıxmışdı. Görün uşaqlarımız nə istəyir, oynamaq üçün meydan... Düz 30 il əvvəl burdakı balaca şam ağaclarına qulluğundan danışan başqa ağsaqqal-ağbirçəklər də yasa gəlmiş kimiydilər. Az qala bir aydır gecələr həyata keçirilən ağac qətliamlarını durdurmaq üçün keşik çəksələr də, faydası olmamışdı. İri gövdəli ağacları kökündən çıxarıb əhaliyə göz dağı vermişdilər. Yeri gəlmişkən, Bakı şəhərinin baş memarı mətbuatla elə davrandı ki, hərəkəti əməllibaşlı təəccüb doğurdu. Sanki gecə ilə yaşıllığı məhv edən “Yeni Müsavat”ın əlibaltalı dəstəsiymiş. Qəfildən bu sətirlərin müəllifinə sarı dönüb diktofona işarə ilə “yığışdır onu, get işinlə məşğul ol” dedi. Bəli, bizim işimiz fidan balalarımızın göz yaşlarına baxmayaraq böyük bir parkı məhv edib yerində göydələnlər tikənlərin bəd əməllərini işıqlandırmaq idi, bu məqsədlə də redaksiya tapşırığını yerinə yetirirdik. Məgər doğrudanmı Bakı boyda şəhərin baş memarı vəzifəsini tutan şəxs indiyədək jurnalistin işinin nədən ibarət olduğunu ayır edə bilmir? Kimsə mənzilində divara bir mismar vuranda, ya eyvanının qabağına dəmir çərçivə çağlayanda dərhal səlahiyyətlilər növbə ilə qapını kəsdirir, müvafiq icazə tələb edir, ortaya qanun qoyur, Baş Planı xatırladır, Tikinti Məcəlləsinin “kobudcasına” pozulduğunu bəyan edir. Necə olur ki, bir aydır ən azı 3 doqquzmərtəbəli binanın sakinləri küçədə gecələyir, döymədiyi qapı qalmayıb, ancaq buna baxmayaraq cinayətin qarşısı alınmayıb. Düzdür, hələ ortada Bakının Baş Planı yoxdur və deyilənə görə hazırlanması üzərində iş gedir. Ancaq yəqin ki, həmin layihədə yaşıllıq zolaqları da nəzərdə tutulub. Məntiqlə baş memar cənab Abdullayev onlarla çoxillik ağacın məhvinə etiraz etdiyi üçün yerli sakinlərə, o cümlədən bu prosesdə kifayət qədər prinsipial mövqe tutan deputat İqbal Ağazadəyə, həmçinin vəziyyətə operativ müdaxilə edən “Yeni Müsavat” qəzetinə təşəkkür etməli idi. Məsələ ictimailəşməsəydi, yəqin ki, sonuncu beş-on ağac da kökündən qoparılıb atılacaqdı. Hətta artıq ərziyə bünövrənin qazılması üçün iri texnika da gətirilibmiş. Əgər bu, baş vermədisə, deməli, baş memarın cavabdeh olduğu Baş Planda nəzərdə tutulan yaşıllıq zolağından da az-çox nişanə qalmış oldu. Belə olan təqdirdə baş memar niyə mətbuat işçisinə “get, işinlə məşğul ol” desin? Məgər bizim ayrı işimiz də var? Bəlkə biz bu şəhərin memarının görməli olduğu işlərlə məşğul olmalıymışıq... Hər dəfə ağacların kəsilməsi səhnəsini görəndə mərhum prezident Heydər Əliyevin dediyi o məşhur fikrini xatırlayıram. Görəsən, 60 sot yerə 1,5 milyon xərcləyən o sahibkar, o pulu alan məmur, ya bu prosesdə cinayətlərə ortaq olmuş digər şəxslər “kim bir ağacın budağını kəsirsə, elə bilsin mənim qollarımı kəsir” fikrini, yaxud son illərdə “hərəyə bir ağac əkək” çağırışını xatırlayırmı? Axı ölkənin rəhbərliyi hərəyə bir ağac kəsək demir, bunlar hardan belə cəsarətlənib? Sonda “Xətai”dəki “Maydan”ı yığışdırdığına, ocaqların söndürülməsinə, sakinlərin evlərinə dağılışmasına nail olduğuna görə deputat İqbal Ağazadəyə təşəkkürlər. Gecə yarısı olay yerinə gəlməsəydi, kim bilir nələr baş verə bilərdi...

Bizə qoşulun