Medianews.az
Futbol oynaya bilmirik deyə intiharmı etməliyik?
442 baxış

Futbol oynaya bilmirik deyə intiharmı etməliyik?

xalid kazimli kose 1
Bu qədər dərdin-sərin içində bircə futboldan köşə yazmaq qalmışdı, onu da edəsi olduq. Çünki, baxırsan, ölkənin futbol dərdi ümummilli məsələyə, millətə natamamlıq kompleksi aşılayan bir mərəzə çevrilib.
Qarabağ müharibəsindəki acı məğlubiyyət 20 ildir xalqın qəddinin dikəlməsinə imkan vermədiyi kimi, futbol üzrə milli komandamızın dalbadal uğradığı acı məğlubiyyətlər də özünə gəlməyə çalışan millətə əlavə zərbələr vurur.
Bu üzdəndir ki, media və sosial şəbəkələrdə milli komandamızın Xorvatiyaya 0:6 hesabıyla məğlub olması geniş müzakirə olunur.
Ən pisi odur ki, bu müzakirələrdə, xalqa, millətə yönəlik aşağılamalar, bəyənməzlik, “biz elə buyuq”, “bizdən heç zad olmaz”, “bizi elə etdilər, belə etdilər” kimi mazoxist özünənifrət ovqatı duyulur.
Açığı, belə şərhləri, rəyləri oxumaq çox ağırdır. Bunu yazanlar nə qədər haqlı olsalar belə, rəylərini özünütəhqir ruhuna kökləməməlidirlər. Bu o qədər də xoş bir iş deyil.
Hər halda futbol məğlubiyyəti kütləvi zorlama aktı deyil, adı üstündədir: futbol məğlubiyyəti.
Dünyada elə bir milli komanda və ya futbol klubu yoxdur ki, o, nə vaxtsa böyük hesablı məğlubiyyətə uğramamış olsun. Bu, nə vaxtsa hamının başına gəlib. Onlar da sarsılıblar, amma toparlanıb vəziyyətdən çıxıblar.
Son mundialda Braziliya millisi öz meydanında Almaniya millisinə 1:7 hesabıyla rüsvayçı məğlubiyyətə uğramadımı? Halbuki braziliyalılar çempion olacaqlarını düşünürdülər... Ancaq onlar bu məğlubiyyətdən sonra özlərini öldürmədilər.
Ona görə də hər məğlubiyyətdən sonra natamamlıq kompleksini inkişaf etdirmək lazım deyil. Dünyaya meydan oxuyan Rusiya kimi dövlətin futbol komandası da zəifdir, həmişə uduzur. Çin və Hindistan kimi dünya əhalisinin az qala yarısına sahib ölkələr isə bizdən də zəif futbol oynayırlar.
İndi gələk bizə daima pərtlik gətirən bu sektordakı vəziyyətə.
Milli yığmanın baş məşqçisi Berti Foqtsun komandadan göndərilməsinin vacibliyi haqqında illərdir ki, yazılır, danışılır. Fəqət AFFA rəhbərliyi dirəşib, bu məsələyə, qeyrət, namus, şərəf məsələsi kimi baxır, Foqtsu geriyə göndərmir. Xorvatiyaya böyük hesablı məğlubiyyətin bir səbəbi də odur. Adam tükənib, komandaya heç bir faydası yoxdur. Yeni məşqçi nə ə qədər olmasa da, potensialını toparlayaraq, oyunçuları motivasiya edərək bu rəzalətə yol verməyəcəkdi.
Əslində isə milli komandamızın sərgilədiyi futbolun ümumilikdə zəif olmasının əsas səbəbi Berti Foqts deyil. Foqts olmasaydı, bir başqası, lap böyük vətənpərvərlərdən biri olsaydı da, bu materialla böyük uğur qazana bilməzdi.
Bizim əsas problemimiz futbolçuların fiziki hazırlıqları ilə yanaşı, intellektual potensiallarının yoxluğunda və mənəvi keyfiyyətlərinin aşağılığında, əzmkar olmamaqlarında, xaraktersizliklərindədır. Beş manat pul görən kimi qudurmaqla, bir maşın və ev alan kimi öz həyat idealına yetmiş, ömrünün ən böyük missiyasını yerinə yetiribmiş kimi davranmaqla uzağa getmək olmaz. Adamların hədəfi cılızdır. Onlar böyük futbolçu olmaq istəmirlər. İntriqandırlar. Cırtqoxdurlar. Ərköyündürlər. Sadə insanlar önündə dikbaşdırlar. Rəhbərlik qarşısında mütidirlər.
Jurnalist Aydın Bağırov danışır ki, bir dəfə ölkəmizin ən yaxşı futbol mütəxəssisi olan Qurban Qurbanovla söhbət edərkən bəzi parlaq oyunçuların, gələcək vəd edən futbolçuların nəyə görə “Qarabağ”dan uzaqlaşdırdığını soruşub. Qurban ona həmin futbolçuların intizamsızlığından, dikbaşlığından, əllərinə pul keçən kimi özlərinə olduqca bahalı maşınlar alıb şellənmələrindən danışıb.
Təsəvvür edin, bu adam Ronaldonun vurduğu qolların 1 faizini vura bilmir, onun qazandığının 5 faizini qazana bilmir, amma onunla eyni markalı maşın sürməsiylə fəxr edir. Bu təkəbbürlə, qürrə ilə heç yeri fəth etmək olmaz. Bu cür davranış mütləq idmançını uçuruma yuvarlamalıdır.
Futbol təsərrüfatı ilə savadlı adamlar məşğul olmalıdır. Onlar dünya futbolununda baş verənləri günbəgün analiz etməli, yeni təmayülləri incələməli, güclü olmağın yollarını araşdrımalı, qələbənin düsturlarını əzbər bilməlidirlər.
Görünür, başqa səhlərdə vəziyyət düzələndə, futbolda da düzələcək.

Bizə qoşulun