Medianews.az
Bəd proqnozları puç edən başqan
459 baxış

Bəd proqnozları puç edən başqan

xalid kazimli kose 1
İsa Qəmbər Müsavat başqanı statusunda son sözünü dedi, son mətbuat konfransını keçirdi və getdi. Bu gündən o tamam başqa bir statusda olacaq - Müsavat üzvü, eyni zamanda Müsavat lideri.
Deyirdilər, əslində bu, bir oyundur, İsa Qəmbər başqanlıqdan getməyəcək, vaxtı qəsdən uzadırlar, məqsəd başqa şeydir. Siyavuş Novruzov bu xüsusda bir kitablıq bəd proqnoz vermişdi, hamısı yanlış çıxdı.
“Vəzifəsini oğullarından birinə verib gedəcək” deyənlər, hətta bunu arzulayanlar da vardı. Belə bir şey olsa onların dili uzanacaqdı, “gördünüzmü, sülalə siyasəti pis şeydirsə, İsa Qəmbər niyə elə etdi?”, - deyə üzə kükrəmək şansı qazanacaqdılar. Onlar da yanıldılar.
O qədər çox söz deyirdilər, “dərin-dərin” analizlər, uzaqgörən proqnozlar verirdilər ki, bəzən ictimai rəy də çaşırdı.
Zatən, son vaxtlar müxalifət liderlərinin “öz kreslolarından yapışıb durması” məsələsi ümummilli problem halına gəlmişdi, müxalifətin opponentləri eyzən bunu müzakirə edir, müxalifət düşərgəsinin baş töhmətinə çevirmək istəyirdilər.
Sanki müxalifət lideri olmaq xüsusi bir imtiyazdır, adam lider olanda cah-cəlal içində yaşayır, kef edir.
İctimaiyyət arasında doğrudan da belə bir geniş yayılmış qənaət var. Çox az adamlar bilir ki, indiki halda müxalifət lideri olmağın ən böyük “mükafatı” sıxıntı və məhrumiyyətlərin məngənəsində əzilməkdir.
Partiyanın cari xərclərini ödəmək, həbs olunan üzvlərin ailələrinə maddi yardım göstərmək, qonaq-qaranı qəbul etmək, yola salmaq, ehtiyacı olanlara əl tutmaq - neçə-neçə bu cür xərclər var və Azərbaycan reallığında bir müxalif liderin bunların öhdəsindən gəlməsi olduqca çətindir.
Bu ölkənin istənilən möhürlü, ştamplı dövlət vəzifəsini tutan şəxsin maddi imkanları müxalifət liderininkindən qat-qat böyükdür.
“Bəzi məmurların liderlərə gizlicə milyonlar verməsi”, “xaricdən axan qrantlar” barədə deyilənlər isə sadəcə mifdir - ən azı İsa Qəmbərə münasibətdə.
Bu hakimiyyət uzun illər müxalifət partiyalarını məhz maddi problemlər içində boğaraq zəiflətməyə çalışdı və buna müəyyən dərəcədə nail oldu. Partiyaların dövlət büdcəsindən maliyyələşməsinin qarşısını almaq üçün böyük və aparıcı partiyaların nümayəndələrinin 2010-cu il seçkilərində parlamentə düşməsinin qarşısı da buna görə alındı.
Ancaq hər halda meydanda fədakar, dəyanətli və mətin insanlar var, onlar bu keyfiyyətləri daşıyan başqanlarının ətrafında birləşdilər, dözüb durdular, partiyanı da, müxalifət institutunu da qoruyub saxladılar.
Hazırda İsa Qəmbərin partiya başqanlığından getməsinə görə dərindən üzülənlərlə yanaşı, çırtma çalıb oynamağa hazır olanlar da var.
Bir müddət sonra hər iki qrup yanıldığını anlayacaq. İsa Qəmbər nə tərəfdarlarını üzəcək qədər uzağa gedəcək, nə də rəqiblərini sevindirəcək qədər. O, hələ bir müddət də siyasətdə olacaq, qərarlara, situasiyaya bacardığı qədər təsir edəcək.
Bu, bir örnəkdir, ölkənin demokratikləşməsini istəyən hər bir şəxs öz təcrübəsi, fəaliyyəti ilə bu cür nümunə göstərə bilməlidir.
Bənzər addımı İsa Qəmbərdən də əvvəl atanlar olub, fəqət o zaman həmin addım bu qədər ictimai rezonans doğurmamışdı. Görünür, bu, partiyaların təşkilatlanma, populyarlıq və ictimai rəyə təsir əmsalları ilə bağlı idi.
Bu addım əslində müxalifətə yönəlik bir sıra spekuliyasiyaların qarşısını da almalıdır. Siyasi arenada boy göstərmək istəyən bir sıra yeni siyasilər tez-tez deyirdilər: “Onlar qocalıb, təqaüdə getməlidirlər”; “Vitrinə yeni şəxslər gəlməlidir”; “Gənclərin qarşısı açılmalıdır”; “Ənənəvi müxalifət yerini müasir düşüncəli siyasətçilərə verməlidirlər”.
Hər dəfə bu kimi iddialar səslənəndə hamı nədənsə İsa Qəmbər tərəfə boylanır, ondan reaksiya gözləyirdi. İsa Qəmbər də “heç kəsin qabağını kəsməmişik, buyurub ortaya çıxsınlar” deyirdi. Ancaq onlar həmişə “Müsavat başqanı İsa Qəmbər” amilinin kölgəsi altına qalırdılar.
Budur, İsa Qəmbər artıq partiya başqanı deyil, sıravi partiya üzvüdür, iddialı şəxslərin lider olmağa nə dərəcədə potensialı çatdığı tezliklə ortaya çıxacaq.
 

Bizə qoşulun