Medianews.az
Talıbov modeli
512 baxış

Talıbov modeli

Talıbov modeli deyilərkən bəzilərinin ağlına başqa şeylər gələ bilər. Məsələn, bir sıra gənclər elə bilər ki, söhbət Naxçıvan sultanının oğlunun İngiltərədə qol-boyun şəkil çəkdirdiyi model qızlardan gedir. Amma elə deyil, söhbət heç şahzadənin son model saat, avtomobil, telefonlarından da getmir.
Siyavuş Novruzovun dediyi “Talıbov modeli” başqa şeydir, dövlət işlərinə aiddir.
Novruzovun dediyinə görə, Vasif Talıbov əziz adamının yasında deyib ki, süfrəyə ancaq bu ərzaqlar verilməlidir və bu müddətdə olmalıdır: “Üç-dörd il əvvəl Vasif müəllim bunu özündən tətbiq edib. Bundan sonra demək olar ki, Naxçıvanın bütün kəndlərində bu könüllü olaraq tətbiq edildi. Bu, həm də Vasif Talıbov modeli idi. Biz indi bunu təbliğ edərək bütün Azərbaycanda tətbiq etmək istəyirik”.
Bəli, Talıbov modeli yas yerində verilən xurmanın, qəndin sayını, nəlbəkiyə yayılmış halvanın qalınlığını, hüzrə gələnlərin yas mağarında ləngimə müddətlərini nəzərdə tutur. Standart belədir ki, hüzrə gələn adam yas mağarına girib çənəyə verməməlidir, mollaların qızıl xırdalamasına qulaq asmamalıdır, 10-15 dəqiqə oturmalıdır, sonra mollaya tərəf baxmalıdır ki, bir “fatihə” ver, duraq. Bundan sonra qonaqlar saatlarına baxa-baxa (15 dəqiqəlik vaxt müddətini keçirməmək üçün) təcili mağardan və yas düşən evin həyətindən çıxmalıdırlar. Uzatma halları istisna hallarda və üzrlü səbəbdən (əgər hüzrə gələn yoldaşıyla gəlibsə və o da qadınlar məclisində ləngiyirsə) ola bilər.
images_dekabr_kose samir sari
Düzdür, deyilənə görə, Naxçıvan mahalının özündə ilk vaxtlarda “Talıbov modeli”nin tətbiqi müqavimətlə üzləşirmiş, amma bir xeyli adam təcridxanalara basılandan, arvad-uşağının qabağında döyüləndən, cərimələnəndən sonra xalq görüb ki, Talıbov modelində kəramət var.
Talıbov modeli təkcə hüzr məclisində standartlar tətbiq etməklə məhdudlaşmır, özünü yaxşı aparmayan adamların ağaca bağlanıb döyülməsini, təndirlərin yasaqlanmasını, yuyulmuş paltarların binalardan asılmasının qadağasını, müəllimlərin, tibb işçilərinin biyara aparılmasını (xüsusilə də çuğundur toplanışına, ot yolmağa-filana) nəzərdə tutur.
Əgər ölkənin bu hissəsində də Talıbov modeli tətbiq ediləcəksə, bu, ölkədə seyrəklik yaranacağı, paytaxtda tıxac probleminin həll olunacağı anlamına gəlir. Məlum olduğu kimi, Naxçıvanda Talıbov modelinin uğurla tətbiqindən sonra muxtar respublikanın heç bir şəhərində tıxac problemi yoxdur, küçələr bomboşdur, çünki mahal əhalisi başda Bakı olmaqla ölkənin bir çox şəhərlərinə, eləcə də Türkiyə, İran, Rusiya və Ukrayna kimi yaxın ölkələrə dağılıblar.
Biz Talıbov modelini tətbiq etməklə xarici ölkələrdə güclü diaspora yaratmaq strategiyasını paralel şəkildə həyata keçirə bilərik. Adamlar başlarını götürüb qaçar, bir neçə ildən sonra hiddətləri azalınca, hirsləri soyuyunca, dövlətçilik ətrafında sıx birləşər, elə mühacirətdəcə vətənin xeyrinə işləyərlər (necə ki, vaxtilə ölkədən “həyatımıza təhlükə var” deyə mühacirət edənlərin bir çoxu hazırda səfirliklərimizlə əməkdaşlıq edirlər).
Əslində, çoxdandır ölkənin bəri yanında da Talıbov modeli altdan-altdan, xəfif-xəfif, yavaş-yavaş tətbiq edilir. Məsələn, müxalifət qüvvələrini tamamilə sıradan çıxarmaq layihəsi əvvəlcə məhz Naxçıvanda həyata keçirilib. Bu, bir parlaq Talıbov modeli idi. Müxalif qəzetlərin yasaqlanması da sırf Talıbov modelinə uyğun gerçəkləşdi. Hüquq müdafiəçilərinin döyülməsi, tutulması halları da ilk dəfə Naxçıvanda sınaqdan keçirildi. Budur, artıq o işlər Bakıda, Gəncədə, Lənkəranda da görülür.
Belə çıxır ki, biz bir-iki ildən sonra başımıza nə iş gələcəyini bilmək üçün gözümüzü Naxçıvana dikməliyik və Talıbov modellərini izləməliyik.
Söylü bacı demişkən, yenə o gözəgörünməzə şükür edək. Dünyada daha pis modellər var. Məsələn, Pol Pot modeli, Pinoçet modeli, İdi Amin modeli, Bokassa modeli...
Sonuncu modelin nə olduğunu bilməyənlər varsa, deyim ki, cənab Bokassa insanları kəsdirib soyuducuya yığır, sonra da yavaş-yavaş yeyirmiş.
Xüləs, söz tamam yetdi. Bir şeyi də deyim ki, bəzi hərəkətlərin adına əvvəllər “zülm” deyirdilər, indi “model” deyirlər.
 

Bizə qoşulun