Müttəhimlərin şüşə sədd arxasında mühakimə edilməsi son illərin məhsuludur. Əvvəllər belə şey yox idi. Məhkəmələr açıq keçirilirdi.
Hətta dövlət və ticarət sirlərinin, yaxud hərbi sirlərin açıqlanması təhlükəsi olan məhkəmələr də açıq keçirilirdi və heç vaxt heç bir sirr açıqlanmırdı.
Çünki sadəcə olaraq, o sirlər nə mühakimə olunanlarda, nə şahidlərdə, nə də mühakimə edənlərdə yox idi.
Ancaq son illərdə bu “islahat” gözlənilmədən vacib oldu və deyəsən, ilk dəfə Əli İnsanovun apelyasiya məhkəməsində tətbiq edildi.
Əslində bu, çox danışan, təhlükəli, xoşagəlməz ifadələr dilə gətirən, ifşaedici faktlar səsləndirən dustaqların media ilə ünsiyyətini məhdudlaşdırmaq üçün idi.
İş ondadır ki, keçmişdə mühüm dövlət postu tutmuş informasiyalı dustaqlar öz status və sanballarına uyğun çıxışlar edəndə, bu, dərhal mətbuatın diqqətini çəkir və günlərlə müzakirə olunur.
Əli İnsanov onlardan biri idi və məhkəməsində olduqca cəsarətli ittihamlar səsləndirirdi. Hakimiyyət sabiq naziri apelyasiya şikayəti əsasında mühakimə etməyin rahat yolunu onu şüşə qəfəsə salmaqda gördü. İnsanov sərt bir söz demək istəyən kimi səsini kəsirdilər.
Sonradan bu üsul bəzi başqa dustaqlara da tətbiq edildi. Mövcud rejim onların da artıq-əskik danışacaqlarından çəkinirdi.
Beləliklə, hazırda müttəhimlər iki növ qəfəsə salınaraq mühakimə edilirlər. Bunlardan biri dəmir barmaqlıqların arxasıdır, digəri şüşə qəfəsdir.
Birinci ondan ötrüdür ki, aqressiv dustaqlar şahidlərə, məhkəməni izləyənlərə fiziki zərər yetirə bilməsinlər (eləcə də əksinə, aqressiv zərərçəkənlər dustağa xəsarət yetirməsinlər).
İkincisi isə ondan ötrüdür ki, dustaq özü barədə, başına gətirilənlər haqqında mediaya, ictimaiyyətə geniş bilgi verə bilməsin, kimlərisə söyüb yamanlamasın, təhqir etməsin.
Nağıl qəhrəmanı divin canı şüşədə olduğu kimi, şüşə qəfəsə salınmış dustağın sözünün canı da hakimin əlinin altındakı düymədədir və o, düyməni basaraq istənilən vaxt dustağı susdura bilər. Neçə ildir ki, elə də edirlər.
Bundan başqa, hazırda bəzi dustaqların öz yaxınları ilə görüşü şüşə səddin arxasında baş tutur. Ailə üzvləri, qohumlar şüşənin bir üzündə oturur, dustaq başqa üzündə, səslərinin şüşədəki deşiklərdən keçməsilə bir-birini eşidirlər.
Amma elə dustaqlar var ki, xüsusi günlərdə ailələri ilə görüşür, saatlarla birlikdə olur. Həbsxanada evlənən və müvəqqəti olaraq həyat yoldaşıyla bir otaqda yaşayan dustaqlara da rast gəlinir.
Hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli isə dəmir barmaqlıq arxasına salınanlardan və şüşə səddin dalında qalanlardandır. Dünən o, ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, yazıb ki, şüşə sədd işgəncəsinə son qoyulmasını istəyir.
Doğrudan da anlamaq mümkün deyil ki, azyaşlı uşağı olan bir hüquq müdafiəçisi, jurnalist şübhəli ittihamlarla mühakimə olunaraq dustaq edildiyi halda, üstəlik, nəyə görə öz ailəsi ilə şüşə səddin arxasından ünsiyyət qurmalıdır?
Bu hal Pərviz Həşimli üçün psixoloji işgəncədirsə, onun hələ birinci sinifə getməyən qızı üçün ikiqat psixoloji travmadır.
Bu sayaq xırda bir məsələni həll etmək üçün dustaq birbaşa nazirə müraciət etməməlidir. Bu daha aşağı instansiyalarda asanlıqla həll oluna biləsi məsələdir.
Sadəcə, Pərviz Həşimlinin dustaqlıq statusu fərqlidir. O, oğru, quldur, dələduz, qatil və sair canilərdən biri deyil, siyasi məhbuslardan biridir, ona görə də personası nəzarətdədir. Başqa dustaqlar müəyyən vasitələrlə öz məhbəs güzəranlarını yaxşılaşdıra, bəzi üstünlüklərdən yararlana bilərləsə, vicdan məhbusları, siyasi dustaqlar bu imkandan məhrumdurlar. Qanunlar, daxili nizamnamə və təlimatlar onlara bütün sərtliyi ilə tətbiq edilir.
Artıq ölkədə vəziyyət o həddə çatıb ki, “insanlar siyasi motivlərlə həbsə alınmasın” deyə tələb irəli sürənlərdən çox, “siyasi məhbuslarla adi dustaqlar arasında ayrı-seçkilik qoyulmasın” deyənlər var.
