Prezidentlərin Soçi görüşündə bir neçə maraqlı hadisə olub. Başlıcası odur ki, regionun iki düşmən xalqı oturub ciddi-ciddi ölüm-qalım söhbəti olacağını gözlədiyi halda, Putinin Sarkisyan və Əliyevi sambo yarışına baxmağa dəvət etməsi özü məzəli hadisəydi.
Bu o zaman idi ki, təmas xəttində ara qarışmışdı. Səngərdə üzü bəri dayanan Aşotun əli tətikdəydi və arada atırdı ki, azərbaycanlılar elə bilməsin, düşmən yatıb.
Eyni zamanda Tovuzun Ağbulaq kəndində yaşayan Röyal və anası Fəridə xanım evlərinin arxasındakı dikdirdə düzəltdikləri səngərdə növbə çəkərək gözləyirdilər ki, birdən yenə erməni diversantları kəndə cumar, elə bir şey eləsələr, onları tutub rəşadətli hərbçilərimizə versinlər, onlar da diversantı diz çökdürsünlər.
Soçidə sambo yarışının ilk döyüşü başlayanda düşmən prezidentlər yanaşıydılar, intəhası, Putin ortada oturmuşdu. Həmin vaxt onların ağlından keçənləri yüzdəyüz dəqiqliklə yazmaq mümkün deyil.
Amma Ermənistanda yüz minlərlə adam düşünürdü ki, ey ulu Astvas, sən özün Putinin ürəyinə rəhm sal, prezidentləri dalaşmağa qoymasın, əgər onlar orda dalaşsalar, müharibə yenidən qızışacaq, dığalar öləcək, axçilər evdə qarıyacaqlar. Ona görə də ermənilər çıxıb müharibəyə qarşı mitinq edirdilər.
Belə bir vaxtda ölkəmizdə yüz minlərlə adam səmimi, bir o qədəri də qeyri-səmimi şəkildə sosial mediada militarist statuslar paylaşır, böyük ümidlə Soçiyə baxırdılar ki, ay nə ola, elə oradaca prezidentlər tutaşalar, Putin də onları aralaşdırmaya və Qarabağ müharibəsi başlaya, nəhayət, biz ermənilərin üstünə hücum edək. Bu tərəfdə hamı əmin idi ki, bu münaqişəni yalnız müharibə yolu ilə həll etmək olar.
Hər iki ölkənin politoloqları da dinc oturmurdular, bir-birindən dərin, ağıllı, hətta müdrik şərhlər, analizlər verir, çıxış yolu göstərirdilər. Belə görünürdü ki, əslində, 26 ildən bəri davam edən münaqişəni çözmək elə də çətin deyil, sadəcə, siyasi iradə lazımdır.
Bu məsələyə dair rəy bildirən əcnəbi diplomatlar isə bir-birinin ağzına tüpürübmüş kimi deyirdilər ki, münaqişənin tənzimlənməsi yalnız sülh yolu ilə, danışıqlar vasitəsilə mümkün ola bilər. Yəni prezidentlər otursun, danışsın, yerdə qalanlar isə “xalq diplomatiyası” ilə məşğul olsun.
Sırf həmin əsnada ölkəmizdə “xalq diplomatiyası” ilə məşğul olanların bir neçəsini tutmuşdular və tutmaqda davam edirdilər. Yəni bu işin zibili çıxmışdı.
Samboçular kanatlarla əhatələnmiş boks rinqindəki tatami üzərinə çıxanda Əliyev Putinin sağında, Sarkisyan isə solunda idi və hər üçü düçüncəli-düşüncəli yarışa baxırdılar.
Bayaqdı ha, idmançılardan biri diversantlara layiq çevik hərəkətlə o birisinin üstünə cumdu və onun rəqibi kanatların arasından çıxaraq Putinin ayaqları altına düşdü. Keçmişdə özü də samboçu olmuş Putin cəld onu yerindən qaldıraraq rinqə qaytardı və yarışma davam etdi.
Mübarizənin sonunda rus samboçu amerikalı samboçuya qalib gəldi və Putin dönüb əvvəlcə mənalı-mənalı Əliyevə, sonra isə Sərkisyana baxdı.
Əslində bundan sonra prezidentlərin oturub uzun-uzadı “Qarabağ münaqişəsi”ndən danışmalarına ehtiyac yox idi.
Rus samboçu amerikalı samboçuya qalib gələndə prezidentlərə, Ermənistan və Azərbaycan xalqlarına, eləcə də bütün dünyaya mesaj verilmişdi. Bu o demək idi ki, Amerika bu işə nahaq qarışır, mənim döyüşçüm onun döyüşçüsünə qalib gəlir, Qarabağ mənlikdir, siz də durun gedin, savaşmayın.
Beləcə, Soçi görüşü bu minvalla başa çatdı. Görüş zamanı yaşanan söz atışması, üz-göz turşudulması, sair gərginliklər təfərrüat idi, məsələni samboçu Tokov amerikalı rəqibi Cordanı tataminin üstündə cındır şəlpəyə çevirəndə həll etmişdi.
Budur, hamı qayıdıb gəlib vətəninə. Yeni xəbər ondan ibarətdir ki, Azərbaycan Pakistan və İsraildən raketlər alır. Bax, gərək bizimkilər o boyda xərc çəkməzdən əvvəl bunu Putinlə məsləhətləşələr: görək Putin qoyacaqmı o silahlardan istifadə edək?
