Vətən söhbəti yenə şiddətlənib. Vətəndaşlarımız vətənpərvərlərə, kosmopolitlərə, bəzilərinin təhqiramiz və sarkastik şəkildə “vətənşüvən” adlandırdığı ultrapatriotlara bölünüb. Şəffaf xəttin haradan keçdiyi bilinmir.
Hər qrup digərlərini günahlandırır. Hamı özünü dürüst, haqq yolu tutmuş sayır. Siyasi-ideoloji sektalaşma müşahidə olunur. O qədər xaotik bir durum var ki...
Bugünlərdə baş verən hadisələrə bir qədər ayıq gözlə, realistcəsinə baxmaq istəyən, bəşəri dəyərlərin, humanizmin ibtidai etnokimlik hissindən üstün olması fikrini müdafiə edən hər kəs “vətən xaini”, “xalq düşməni”, “antimilli qüvvə” adlandırıla bilər.
Sosial şəbəkələrdə ifrata varmış şovinizm boy göstərir, şərhlərdə faşist çağırışları yer alır. Hər hansı bir etnik qrupa mənsubluq avtomatik olaraq cinayətkar olmaq kimi qəbul edilir. Başqa cür fikirləşənlər satqındır, xaindir, millətə qarşıdır, “bizdən deyil”.
Biz illərlə ermənilərə xas olan bu təfəkkür tərzinə doğru düz iyirmi beş il yol gəlmişik. Nəhayət, biz də gəlib bu cür aşırı millətçilik, qıcqırmış vətənpərvərlik yarışında ermənilərə çatmış, onlarla tən olmuşuq. Düşüncə tərzimiz yaxınlaşıb, ritorikamız eyniləşib.
Söz yox, bizim yerimizdə hər hansı başqa bir millət olsaydı, onun da ərazisinin 20 faizi 20 il işğal altında qalsaydı, 1 milyon qaçqın-köçkünü çadır şəhərciklərinə, köçkün gettolarına sığınsaydı, düşmən gəncləri gəlib onun dədə-baba torpaqlarında yanıq verə-verə fotosessiya edib yaysaydı, onun da millətçiliyi əndazəni aşar, ifrata çatar, illərlə yığılmış nifrəti bir gün hiddət püskürməsinə səbəb olardı.
Ancaq gerçəkdən də güclü olan millət özünü toparlayıb səviyyəsinin bu şəkildə enməsinə təhəmmül etməməlidir. Bu haqq vermir ki, biz dünyaya, Avropaya inteqrasiyadan danışa-danışa, ermənilərdə dominant düşüncə formasına çevrilmiş xəstə millətçiliyi pisləyə-pisləyə özümüz də o cür olaq?
Bununla belə, hiss olunur ki, bir çoxlarının vətənpərvərliyi, millətçiliyi göstərmə xarakterlidir. Əslində onlar heç də böyük vətənpərvər deyirlər, sadəcə, içlərində olsa-olsa bəsit bir yurdsevərlik, təəssübkeşlik var, amma istəyirlər ki, fanatik vətənpərvər, qatı millətçi kimi görünsünlər.
Bir zamanların vətənpərvərliyi ilə indikinin arasında xeyli fərq var. İndiki patriotluq daha sərfəlidir. İndi hakimiyyət orqanları vətənpərvər görünənləri mükafatlandırır, layihələrini maliyyələşdirirlər. (Əvvəllər əsl vətənpərvərləri tuturdular). Hazırda vətən, millət ritorikası ilə qabağa getmək daha asandır. Ona görə də bu, indilikdə dəbdir, siyasi konyukturaya uyğundur.
Bəla burasındadır ki, bizdə kosmopolotizm də ifrat xarakter daşıyır. Özlərini bəşəri dəyərlərin, humanizm prinsiplərinin daşıyıcıları hesab edənlər az qala İsrail dövlətini haram sayan ortodoksal yəhudi hahamları kimi düşünür, millətimiz və dövlətimiz barədə aşağılayıcı fikirlər səsləndirməkdən çəkinmirlər.
Hakimiyyət komandasının dövləti pis, mafiya qayda-qanunlarıyla idarə etməsi, yersiz cəza tədbirləri həyata keçirməsi, ölkəni böyük bir islah-əmək düşərgəsinə, talan obyektinə çevirməsi fikirləri ilə razılaşaq, amma bu, hələ o demək deyil ki, dünyadakı 200 dövlətin hamısından pisik və millət olaraq bu vəziyyətdən çıxmağa, heç bir sahədə uğur əldə etməyə qadir deyilik.
Hər qazanılan qələbəyə xor baxmaq, ölkə adına əldə edilən xırım-xırda uğurlara lağ eləmək, onlara kölgə düşürmək, özünü Qərb təfəkkür tərzi ilə Şərqdə yaşayan əzabkeş kimi aparmaq - milli kosmopolitlərin özünüifadə cəhdləri belədir və sonunun hara varacağı bilinmir.
Adam hərdən fikirləşir ki, onlar nə istəyirlər: ölkəmizin tərəqqisinimi, yoxsa dövlətimizin süqutunumu? Durum bu qədər anlaşılmazdır.
Ancaq bir qızıl orta həmişə var: vətənpərvər, yurdsevər olaq, amma çığırqan patriotlardan olmayaq, millətsevər, elcanlı olaq, amma faşist, iqrçi olmayaq, beynəlmiləlçi, humanist, liberal olaq, amma kosmopolit, manqurt, qınından çıxıb qınını bəyənməyən tısbağa olmayaq.
Qütblərdə olmaq, hər şeydə ifrata varmaq ziyanlıdır. Ağıllı, tədbirli, soyuqqanlı olmaqda yarar var.
