Medianews.az
Aqlay generalı
538 baxış

Aqlay generalı

zamin yeni raz
Bütün zəhmətkeşlərimiz kimi mən də Qarabağ mövzusunda hər bir xəbəri diqqətlə izləyirəm. Hətta “Q” hərfi ilə başlayan sözlər belə gözümdən yayınmır. Səbəb odur ki, birdən camaatımız gedər Şuşaya üçrəngli bayraq taxar, mən isə yatıb qalaram, xəbərim olmaz. Böyük xəcalət olar. Ali Baş Komandanın əmrini gözləyirik, dərhal gedib özümüzə “Mazerati” alacağıq. Zarafat edirəm.
Ümumiyyətlə, bu savaş söhbətləri mənə həmişə o gözəl və kədərli lətifəni xatırladır. Bir kişinin  oğullarını davada öldürürlər, axırıncı oğlunu da orduya aparmağa gələndə deyir: “Uşaqlar qurtardı, ta gedin o padşahınıza deyin qocalmışam, bir də mənə arxayın olub müharibəyə başlamasın”. Əlbəttə, lətifənin əsl variantı qəzetə yazmaq mümkün olmayan şəkildədir, ümid edirəm hörmətli oxucular özləri başa düşərlər.
Dünən YAP sədrinin birinci müavini Əli Əhmədovun “Bütün xalqımız Qarabağ uğrunda yürüşə hazırdır” cümləsini görəndə də həyəcanlandım, fikirləşdim ey dadi-bidad, gedirik “İrəvanı almağa” - o kinodakı xan demişkən. Ancaq sonra diqqətlə oxudum, məlum oldu vəziyyət karikatura bir şeydir: sən demə, kimlərsə idman baxımından motosiklet yürüşü qayırıblar, Əli əkə bunlarla görüşübdür, həmin yürüş söhbəti də bununla əlaqədar ortaya atılan ənənəvi goplardan biri imiş. Ürəyim yerinə gəldi, yoxsa kimdi bu saat gedib Haramı düzünün istisində erməniylə atışan...
Ancaq heç doğru bir işi də tarixdə qalmamış atalarımız demişkən, yanlış da bir naxışdır və mən fikirləşdim Azərbaycan xalqı doğrudan yürüşə hazırdır. Əgər Əli Əhmədov bizim hərəmizə Neft Fondunun pulu ilə bir “Harley Devidson” motosikleti alıb versə, nədən onu minib Ağdama tərəf fitildəməyək? Onsuz Ağcabədiyə qədər yol polisi hamımızı tutub cərimələyəcək, heç kim ali məqsədə çatmayacaqdır, ara yerdə dünya ictimaiyyətinə Qarabağ yanğımızı göstərərdik. Ya Qarabağ!
Yürüşün başqa növləri də ola bilər. Qaça-qaça gedərik, üzə-üzə gedərik, lap bəzi zəhmətkeşlərimiz uçar. Təki Əli Əhmədov və ona bənzərlərin könlü xoş olsun. Bizim adımızdan davaya başlamaq hələlik mümkündür - o qədər də qocalmamışıq. Son illər hər yerinə söyüş yazılan bir KİV-in dediyi kimi, döyüş bizim alın yazımızdır.
Bunlar işin mənəvi tərəfləridir, ancaq texniki baxımdan Qarabağ yürüşünü düzüb-qoşmaq Müdafiə Nazirliyinin vəzifəsidir. Oradan isə heç yaxşı xəbərlər gəlmir. Əli Əhmədov yürüşə çıxıb, Zakir Həsənov isə... küsüşməklə məşğuldur. Əcaib durumdur. Gah deyirlər nazir hansısa islahat eləyəcəkmiş, baş qərargah rəisi qoymayıb, gah yazırlar nazirin bir polkovnikə acığı tutub, qaçıb (Əli müəllim demişkən, yürüyüb) gedib evlərinə. Bu adam mənə Yaqub Məmmədovun deputatxana spikerliyini xatırladır. 1992-ci ilin yazında Yaqub müəllim sırf təsadüfən ora sədr olmuşdu, iclasda dava düşəndə hər dəfə küsürdü, yoldan güclə qaytarırdılar.
Məsələn, nazirin ən son küsməsi Qaradağ rayonunda qeydə alınıb. Keçən həftə Zakir Həsənov orda MN üçün tikilən yaşayış binasına baxmağa gedibmiş. Ancaq görülən işi bəyənməyib, tədbiri tərk edərək qaçmışdır. Bəzi mənbələr yazır ki, nazir qəzəblə ərazini tərk edib. Dəxli nədir? Müdafiə naziri heç bir halda ərazini tərk etməz. Son damla qanına qədər vuruşar! Rəhmətlik Səfər Əbiyev kimi - yazıq son ana qədər vuruşdu, axırda əsir düşməsin deyə qumbaranı partlatdı.
Gəlin generalın o müdhiş manevr xəbərini tam oxuyaq:
“Kompleksə ”Azərenerji" prezidenti Etibar Pirverdiyevlə birlikdə baş çəkən müdafiə naziri Zakir Həsənov gördüklərindən heç də xoşhal olmayıb və oranı qəzəbli tərk edib.
Bildirilir ki, həmin nəhəng kompleks “Azərenerji”nin törəmə şirkəti olan “Azenko” tərəfindən inşa edilir və tikintidə çoxsaylı işlər naziri qane etməyib. Nəticədə o ərazidəki yolların kənarlarına döşənmiş betondan olan bardurların tamamilə sökülərək layihədə göstərildiyi kimi, mərmər bardurlarla əvəz edilməsini və fasadlara vurulan aqlayların dəyişdirilməsini tələb edib" (moderator.az). Sitatın sonu.
 
General bardur və aqlaya görə narahat olursa, vətən basılmaz! Vallahi basılmaz! Kim inanmırsa bassın!

Bizə qoşulun