Medianews.az
“Öldürən”, “bala saldıran” mediamız
496 baxış

“Öldürən”, “bala saldıran” mediamız

samir sari kose 1
Maşallah, hər şeydə absurda, palaz səviyyəsinə gəlib çıxmışıq. Təhsil, səhiyyə, qanunçuluq, idarəetmə, mədəniyyət, incəsənət - hamısı 0-dan bir az aşağı, 0-dan bir az yuxarı gündədir. Amma bu gün onları qoyaq qırağa. Bu gün öz sferamızdan - jurnalistikanın səviyyəsindən yazaq.
Srağagün yerli jurnalistlər bir xalq artistini rəsmən öldürmüş, bir idmançıya isə uşaq saldırmışdılar.
Məşhur aktyor Arif Quliyev barədə “vəfat etdi”, “öldü”, “dünyasını dəyişdi” feli ilə bitən xəbərlər saytlarda “göz oxşayarkən”, əsas təkzib “rəhmətliyin” özündən gəldi. Aktyor ona, “o dünya”ya zəng edən jurnalistə deyib ki, Allah ağzınızdan eşitsin. Buna qədər isə 47 sayt Arif Quliyevi “yuyub-kəfənləyib” dəfnə hazır vəziyyətə gətirmişdi, hələ bir qəbiristanlıq da soraqlayırdılar ki, aparıb torpağa tapşırsınlar.
Sosial şəbəkədə “Allah rəhmət eləsin”in üçü bir qəpiyə düşmüşdü. Hələ əsas vay-şivən dəfn günü başlayacaqdı. Arif Quliyevlə birgə şəkli olan yüzlərlə adam o fotoları paylaşacaq, “əvəzsiz sənətkar idi” yazacaq, kədərlənəcəkdilər. Cem Yılmazın sözü olmasın, “o, həmişə bizi güldürürdü, bu gün ağlatdı” kimi min dəfələrlə dilə gətirilmiş ifadə işlədənlər də olacaqdı.
Ancaq sənətkar tamaşaçılarını bu dəfə də güldürdü - əsasən də jurnalistikamızın üstünə.
Ən pisi odur ki, “Allah rəhmət eləsin” silsiləsi davam edir. Artıq 63 sayt aktyorun ölmədiyini yazıb, ancaq beş-altı təzə başlayan sayt israr edir, təkzib olunmuş xəbərin ilk, “öldü” variantını verirlər. Aktyorun çıxış yolu yoxdur: bu saytlar onu gerçəkdən öldürəcək.
Voleybolçu Valeriya Korotenkonun uşaq salması xəbəri isə aktyorun ölümü qədər müdhiş xəbər olmasa da, xanımı şoka salmağa bəs edib. O da dünən həmin xəbəri təkzib edərək bildirib ki, ümumiyyətlə, hamilə olmayıb ki, hələ bir uşaq da salsın.
Razılaşaq ki, hamilə olmayan qadının bətnindəki övladını itirməsi çətin məsələdir. Hələ məlum olsa ki, Korotenko ərdə də deyil, sadəcə, sevgilisi var, onda bu xəbər onun gələcək ailə səadətini  bu başdan tarmar edəcək. Gələcək ər deməzmi, qız, bu nə xəbərdir, bu boyda haqq-hesab olub, mənim xəbərim niyə yoxdur, mənsiz harda nə iş görmüsən.
Adam mat qalır, bu cür xəbərləri kim, necə, hansı ağılla “istehsal edir” və yayır, məqsədi nədir, nəyə varmaq, nəyə nail olmaq istəyir. Deyək ki, biri baməzə adamdır, bir az da manyaklığı var, belə “dezo”ları yaymasından, özü demişkən, “kayf tutur”, bəs 47-96 arasında fəaliyyət göstərən başqa saytların əkə-bükə, qos-qoca redaktor və administratorlarına nə gəlib ki, yalan informasiyaları ard-arda tirajlayırlar? O gün cəmi-cümlətanı 3-4 ciddi sayt bu xəbərləri yaymamışdı (anti-reklam olmasın deyə adlarını çəkmirəm). İndi siz həmişə ciddi, mötəbər xəbər yayan saytların da ziyarətçi sayına baxın, Korotenkoya uşaq saldıranların İP-inə (“ay pi”sinə) də. Yerlə göy qədər fərq var. İkincilər rekord qırır, birincilər “biz ciddi xəbərlər veririk” deyə özlərinə təsəlli verirlər. Marafon isə davam edir.
Bir də xəbərlərin başlığındakı və mətnindəki bisavadlıq problemi var. Savadsızlıq, jarqon leksikonu göz deşir. Jurnalistlər türmə barakında, avtobus qarajında işlək olan jarqonla mətnlər yazır, başlıqlar qoyurlar.
Adicə bir misal: srağagün 7 yaşlı uşağın internatda döyülməsi barədə xəbərin başlığı 77 variantda beləydi: “Bakıda internat məktəbində uşaq dubinka ilə döyüldü”.
Heç olmasa, biri xəbərə yaradıcı yanaşa, “dubinka” əvəzinə, “dəyənək”, “zopa”, “ağac”, “çubuq” və sair insan (eləcə də tək və cüt dırnaqlı heyvan) döymək üçün nəzərdə tutulan texniki vasitələrdən birinin adını qeyd edə, adamı yandırmaz. Hey “dubinka”, “dubinka”... Oxucu da haqlı olaraq soruşur ki, müəllimdə polis dubinkası haradandır.
(Onu da qeyd edək ki, Təhsil Nazirliyi o xəbəri təkzib elədi, uşaq döyülməyibmiş, sürüşüb yıxılıbmış. Necə deyərlər, “sürüşdü birdən-birə, dəydi üz üstə yerə, uşaq durdu neylədi”, DİN-ə belə söylədi: “Özüm yıxılmışam”. Halaldır! Əsl əsgərdir. Məlum olduğu kimi, əsgərlikdə döyülən gənclər də döyənləri satmırlar, hamısı “yıxılmışam” deyir).
Xüləs, əziz həmkarlar, gəlin, elə xəbər yazaq və yayaq ki, oxucuları üstümüzə qaldırmayaq. Vallahi, İP-mizi kəsərlər.

Bizə qoşulun