Medianews.az
 “Mən heç vaxt evli kişinin sevgilisi ola bilmərəm”
4,539 baxış

“Mən heç vaxt evli kişinin sevgilisi ola bilmərəm”

aysel elizade mtk

Aysel Əlizadə: “Sadiqlik insana şərəf gətirən, rahat edən və güvən qazandıran dəyərdi”

Yazar Aysel Əlizadə ilə müsahibənin 2-ci hissəsini təqdim edirik.

- Kitablarınızın adları maraqlıdı. “Göy qurşağ”, “Erkəklər”, “Azad” “Ora” və s. Nəyə görə kişilər yox, erkəklər? Bu söz ikibaşlı anlam daşıdığı üçün?
- İkibaşlı deməzdim, türk dilində “erkək” sözü cinsin özünü dəqiq ifadə etdiyi üçün. Heç bir halda aşağılamaq məqsədi daşımır. Kitabda bir qadının dilindən bir neçə kişi portreti çəkilib. Mən bunu bir neçə qadının dili ilə də verə bilərdim. Ancaq “lokal və qlobal” prinsipinə söykənib uzunçuluq etmədən konkretlik üslubunu seçdim. Janrları qarışdırıb yazdım. Kitabı fərdiləşdirmək əvəzinə, oxucu verilən mesajları alsa biz işimizi görmüş sayılarıq. Fərqi yoxdur yazıçı bunu hansı formada çatdırır. Mən yazıda hər cümlənin üstündə əsirəm. Eləcə də ad seçimində dəfələrlə düşünürəm ki, konsepsiya tamamlasın.
- Erkək sizin həyatınızda hansı yeri tutur? 
- Öz yerini.
 - Öz yeri nədən ibarətdi?
Deyirlər e kişilər ağıllı qadınları sevmir, əslində, ağıllı kişi elə ağıllı qadın istəyir, ağıllı kişiyə axmaq qadın sırımaq mümkün deyil. Çünki adam bilir ki, axmaq qadınla əl-ələ verib mikrorayon tikə bilməyəcək”
- Bayaq danışdığımız mövzudu. Əvvəlcə birhüceyrəlilər olub, sonra erkək dişi hüceyrə ayrılıb. Bütövləşmək, bir hüceyrəli olmaq üçün, yarımçıq qalmamaq üçün qadının həyatında bir kişi, kişinin həyatında bir qadın öz yerini tutmalıdı. “Öz yerini” ona görə dedim. Bu yeri təbiət müəyyən edib. Təbiətə qarşı çıxmaq düzəni pozmaqdı. Fizioloji, bioloji, ruhsal cəhətlərinə görə bu iki cins bir-birindən ağacla qaya kimi fərqlənir. Ona görə də onları zorla bir tərəziyə qoymaq olmur, olmaz. Biz əsgərliyə gedirik? Yox. Ova gedirik? Yox. Biz sərhəd qoruyuruq? Yox. Sərhəd qoruyan qadın artıq amazonka olur, amazonkalarsa vəhşi dişilərdi bildiyiniz kimi. Adi bir misal, kişi qadını qucağına götürə bilir, amma qadın kişini yox. Bir qadının bir kişi gücündə olması üçün çoxlu məşq etməsi lazım gəlir. Hə, biz insan kimi bərabər hüquqluyuq. Çünki Yer kürəsində başqa insan növü yoxdu və eyni planetin havasını, suyunu paylaşırıq. Ancaq kişinin bizimlə eyni ruh halında, eyni düşüncədə olmasını istəmək məntiqsizdi.
- Belə çıxır ki, siz kişinin dominantlığını qəbul edirsiz?
“Kişilər tez-tez “arvadağa belə buyurub”, “arvaddan qorxuram” kimi ironik ifadələr işlədirlər. Əslində bu, ciddi şəkildə onların şüuraltısını ələ verir. Bu ifadələr kişinin gizlində qadına tabe olmaq istəyini, üzərində qadın hökmünü duymaqdan həzz aldığını üzə çıxarır” 
- Belə çıxır. Həm də mən elədim, eləmədim təbiət onu ən azı fiziki olaraq daha güclü yaradıb. Deyirlər e kişilər ağıllı qadınları sevmir, əslində, ağıllı kişi elə ağıllı qadın istəyir, ağıllı kişiyə axmaq qadın sırımaq mümkün deyil. Çünki adam bilir ki, axmaq qadınla əl-ələ verib mikrorayon tikə bilməyəcək. Mənim bir dostum var. Savadlı, intellektual oğlandı. Qızlara ilk sualı bu olurdu: “Dolma bişirə bilirsən?”. Əgər həmin qız qollarını çırmalayıb dolma bişirməklə bağlı elmi-fəlsəfi söhbətə girişirdisə, dostum qızdan uzaqlaşırdı. Söhbət dolma bişirməkdən getmir. Söz konusu “dolma psixologiyası”dı. Burda çox qısa cavab ola bilər, ya “hə”, ya da “yox”. Qadın düşünürsə ki, qarşısındakı kişi özünə dolmabişirən axtarır və buna görə bacarığını sərgiləməyə çalışırsa, deməli, özünü bu rolda görür. Və adətən o, başqa mövzularda bu qədər həvəsli olmur. Ağıllı adam bərabər olduğu biri ilə hər şeyi paylaşmaq istəyir, “o”nu axtarır.
- Dostunuz “o” nu tapdı? 
“Azərbaycanda demək olar ki, hamı özünü ciddi adam kimi təqdim etməyə çalışır və bunun üçün üz-gözünü mümkün qədər boğub qaraldır. Ona görə də işıqlı adam çox azdı” 
- Bəli. Çox da xoşbəxtdi. Kişilər tez-tez “arvadağa belə buyurub”, “arvaddan qorxuram” kimi ironik ifadələr işlədirlər. Əslində bu, ciddi şəkildə onların şüuraltısını ələ verir. Bu ifadələr kişinin gizlində qadına tabe olmaq istəyini, üzərində qadın hökmünü duymaqdan həzz aldığını üzə çıxarır. Bunun əksini də demək olar. Güclü kişi yalnız güclü qadına lazımdı. Çünki zəif qadın üçün fərqi yoxdu, kişi güclüdü, kimdi, nəçidi. O, bu fərqi bilmir. Yalnız güclü qadın bilir, güclü kişi nə deməkdi.
- Evlilik düşünürsüz?
 - Niyə də yox? Düzdü, övladım olduğu üçün bu çox çətin bir addım olar, ancaq tək qalmaq da istəmirəm. Mən heç vaxt evli kişinin sevgilisi ola bilmərəm. Adamın barmağında nişan üzüyü, sənədində evlilik möhürü varsa, başqasınındı. Mənə heç bir qadının əri lazım deyil. Bilirəm bu nə qədər ağır olur bütün tərəflər üçün. Sadiqlik insana şərəf gətirən, rahat edən və güvən qazandıran dəyərdi. Evli kişi dostlarım var və biz bir-birimiz üçün artıq ailə üzvünə çevrilmişik. Çox səmimi ola bilərəm, ərköyünlük edə bilərəm, ancaq ortada elə böyük sayğı var ki, kimsə kiminsə sərhədini keçmir. Çox yaxşı dostlarım var və qürur duyuram ki, onları qazana bilmişəm. Dostu qazanırlar. Subay kişinin isə ailə sahibi olmaq istəyinə, hisslərinə hörmət etmək zorundasan. Öz yaşantıların səni “ailə” sözündən qorxutsa belə, təkcə özünü düşünmək olmaz bu məsələdə.
- Sizcə uşaqlı qadına yenidən ailə qurmaq çətindi?
“Yaşlı-yaşlı adamlar axtarıb tapırdılar məni. Ev, villa, maşın, brilyantlar, nələr təklif etmirdilər... İndi fikirləşəndə dəhşətə gəlirəm. 20 yaşlı aparıcı qızdan əl çəkmirdilər, nələr umurdular” 
 - Çətindi. Mən tək deyiləm, iki nəfərəm və ailə quracağım adam gərək bir qadında iki nəfəri sevə bilsin. Ana qadınla, sadə qadın bir-birindən fərqlənir. Yalnızca dəyərlər səbəbindən, milli-mənəvilikdən yana yox, psixoloji açıdan ana-qadın tamamilə ayrı qadın növüdü. Ailələrdə çox vaxt qadın ana olandan sonra sorunlar yaşanır. Çünki kişilər bu psixoloji məqamı diqqətdən qaçırırlar. Bu haqda xeyli material var, mütləq oxuyub necə davranmaq gərəkdiyini bilməlidilər. Təkcə uşaq doğulmur axı, onunla bir yerdə ana da doğulur.
- Televiziyada, mətbuatda praktikanız olub. Bu illər ərzində təzyiqlər, əngəllər görmüsünüz? 
- Heç vaxt demədiyim məsələləri açıqlayacam. Siz danışdıra bilirsiz, Fəridə xanım. Space TV də “Tam-Tam Şou”-nu aparanda 20 yaşım vardı. Aparıcılıq tərzim, stilistikam hələ də davam edir efirdə. Şıltaq ağ dərili qız və Azərbaycan dilində danışan sevimli qara dərili oğlanın birgə uğurlu işi. Bu, həm də irqlər arası dostluğu ifadə edirdi. Verilişimiz olduqca populyar idi. Onda məndən yaşda və təcrübədə xeyli böyük olan televiziyaçılar populyarlığımı guya ciddi qəbul etmirdilər. Şou proqram aparırdım deyə onlara görə “dərin” ola bilməzdim. Çünki Azərbaycanda demək olar ki, hamı özünü ciddi adam kimi təqdim etməyə çalışır və bunun üçün üz-gözünü mümkün qədər boğub qaraldır. Ona görə də işıqlı adam çox azdı.
“Gəncliyin dikbaşlığından yox, məzlumluğundan qorxmalıdı cəmiyyət. Çünki bu günkü müti gənclik sabahkı xalqdı. Qorxaq, yazıq xalqdan nə çıxacaq?”
Guya mən 20 yaşında əlimə qələm götürüb, əynimə ciddi bir kostyum geyib, analitik proqram aparıb, qələmi qonaqlarımın gözünə soxmalıydım. Biz təkcə sahəmizdə yox, insan kimi də peşəkar ola bilmirik. Peşəkar adam bilir hansı yaşda nə iş görmək mümkün və gərəkdi. Ancaq  Rafiq Hüseynli mənim sevimlim, əziz müəllimim həmişə bircə söz deyib: çox yaxşıdı! Bu qısa söz qanad açıb uçmağıma bəs edirdi. TV-yə təzə gəlmişdim, Rafiq müəllim bizi hazırlayırdı efirə.
Bir gün mənə dedi: “Aysel, əgər bir gün TV  siyasəti ilə sizin ruhunuz ( böyük bir yaş fərqinə baxmayaraq o, tələbələrinə “siz” deyirdi) üst-üstə düşməyəcəksə getməkdən qorxmayın. Gedə bilən adam bir insan və peşəkar kimi heç vaxt itirmir! Əksinə, qalsaz özünüzü itirərsiz.” O cümlə mənim üçün həyat devizi oldu. Və görəndə ki, qalmaq mümkün deyil getmişəm. Mən verilişdən gedəndə ölkə bir-birinə dəydi. Hamı sağ-salamatdı. Kolleqalarım, o dönəmi görənlər təsdiqləyə bilər. Heç nəyi şişirtmirəm. O vaxt Etibar Babayev Space televiziyasına yeni sədr təyin olunmuşdu. Bir gün mənə dedi ki, Aysel xanım, bütün ölkə sənə görə zəng vurur, nə qədər adamın var bu ölkədə?! Halbuki mənim bütün bunlardan xəbərim yox idi. İllər sonra eyni şeyi İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərov da dedi.
Bilmirəm onlar bu adamları mənim nəyim hesab edirdilər, ancaq gerçəkdən tanımırdım və bilmirdim kimlərdi. Saf və havada gəzən, televiziyanı canıyla, qanıyla duyan yaradıcı bir qız idim, başqa da heç nə. Həmişə hamıya elə gəlib ki, arxamda böyük güc var, dəhşətli dayağım filan var. Görünür çox güclü təsir bağışlayıram. İstedad su kimidi, özünə yol tapıb mütləq üzə çıxır. İndi başa düşürəm ki, o vaxt zənglər gəldiyi üçün TV rəhbərləri qisas alıb məni efirdən uzaqlaşdırırdılar, incidirdilər. Halbuki tək idim, təmtək. İşimi də çox sevirdim. İndi düşünəndə tüklərim biz-biz olur. Gör nə qədər əjdaha ağzından salamat, başı dik çıxmışam.
Gör nə qədər işləmişəm, çalışmışam və gör necə qoruyub məni Tanrım! Bilmirəm o adamlar kim olub, ancaq ürəyimdə qalıb həmişə, onlara bu təmənnasız dəstəyə, sevgiyə və yaxşı adam olduqlarına görə “çox sağ olun” demək istəmişəm. Özümü də tapıb dəstək təklif edənlər olurdu. Yaşlı-yaşlı adamlar, arxa fikirlərlə, qəribə təkliflərlə axtarıb tapırdılar məni. Ev, villa, maşın, brilyantlar, nələr təklif etmirdilər... Həyat bizə nə dərslər keçir, Fəridə xanım... İndi fikirləşəndə dəhşətə gəlirəm. 20 yaşlı aparıcı qızdan əl çəkmirdilər, nələr umurdular. Üzümə deyən olub ki, səni efirə həsrət qoyacam. Başqa bir TV də mühafizə xidmətinin rəhbəri vardı, adam məni rəsmən təqib edirdi. Hər gün işə gəlirdim, qapıda tapşırırdı, bəzən də özü dayanıb məndən vəsiqə göstərməyi tələb edirdi.
Halbuki gündəlik canlı yayına çıxırdım, mənim orda işlədiyimi, ora soyğunçuluq məqsədilə gəlmədiyimi bundan artıq nə sübut edə bilərdi?! Vəsiqəni də şirkət verməliydi və o ərəfədə vəsiqələr dəyişdirilirdi deyə çoxu kimi mənə də hələ verilməmişdi. Sonunda bərk hirsləndim və böyük qalmaqal oldu. Adamı söydüm. Düzdü, dikbaş idim, çılğın idim, ancaq o həddə çatdırmaq olmaz axı. Həm də gənclik çılğınlıq dövrdü. Elə bilirsən hamıdan ağıllısan, hər şeydən xəbərin var. Zamanla görürsən ki, heç nə də bilmirsən. Hələ nə qədər şey öyrənməlisən. Gəncliyin dikbaşlığından yox, məzlumluğundan qorxmalıdı cəmiyyət. Çünki bu günki müti gənclik sabahkı xalqdı. Qorxaq, yazıq xalqdan nə çıxacaq? Biz ümumiyyətlə danışan adamdan qorxuruq.
Əlbəttə ki, zaman keçib və mən o adamları da bağışlamışam, yaşananları da unutmağa çalışmışam. Onlar da yəqin ki, bütün bunların anlamsız olduğunu, bir-birini ayaqlamaqdansa, bir-birinə əl tutmağın, dəstək olmağın vicdana, ruha yüngüllük gətirdiyini bilirlər. Ancaq dillər əl çəkmir. İndi də hardasa yazım gedir, deyirlər, baş redaktorun sevgilisdir. Hansısa layihə reallaşır, söz gəzir ki, layihə rəhbəri ilə ilişkisi var. Mən yalnız sevdiyim adamın sevgilisi ola bilərəm. Başqa məqsədlər üçün sevgili olsam, dostlarımla çiyin-çiyinə verib, ölkəmin mədəniyyəti, ədəbiyyatı, cəmiyyətimin qüsurlarının düzəlməsi uğuruna çaba göstərmərəm, çalışmaram. 100 minlik maşın sürüb, villamda xanım kimi oturub həyatımı yaşayaram. Vecimə də olmaz nə baş verir. Sevgilimi heç vaxt pula görə seçməmişəm. Yaradıcı adamlar ruh axtarır, duyğularla yaşayır, maddi iştaha ilə yox.
“Nobelə iddialıyam. Ölkəmə Nobel gətirmək istəyirəm. Məncə vətənimə ən böyük xidmətim də bu olar” 
- Həmkarlarınızın yaradıcılığını necə dəyərləndirirsiz?
- Eləsi var, yazılarından motal pendirinin iyi gəlir. Yaradıcılığı kəndlərindəki Alış kişinin dünyasından, dedi-qodu səviyyəsindən, “çevir tatı, vur tatı”dan o yana keçmir. Bütün yazdıqlarını eşələyib töksən bir dənə ciddi, böyük mövzu işlədiyini görməzsən. Ancaq istedadlı yazarlar da var. Çağdaş ədəbiyyatı yaxından izləyirəm. Bununla bağlı debat təşkil olunmuşdu yaxınlarda, orda da tərəf kimi çağdaş yazarlarımızın müdafiəsinə qalxdım. Bu günlərdə sizin qəzetinizdə də örnəklər verərək yeni ədəbiyyatımızdan yazmışdım.
 - “125-lər” klubunun üzvüsünüz. Sizi siyasətə cəlb edən nə oldu? 
- Mən siyasətə cəlb olunmamışam əslində. Özünə ziyalı deyən, yazıçı deyən və ümumiyyətlə istənilən vətəndaş cəmiyyətindəki qüsurlara qarşı mübarizə aparmağa borcludu. Haqsızlığa, özbaşınalığa, rüşvətə və bu kimi neqativliyə göz yuma bilmir normal adam. Ədəbiyyatçı da bu işlərlə uğraşanda artıq siyasiləşir. Klubun üzvüyəm, ancaq mənim siyasi iddiam yoxdu. Ona görə üzvüyəm ki, problem varsa bununla ayrı-ayrılıqda, orda-burda, sosial şəbəkə səviyyəsində yox, intellektual birgəlikdə mübarizə aparmağın effektli olacağını düşünürəm. Şəxsiləşdirsək, Nobelə iddialıyam. Ölkəmə Nobel gətirmək istəyirəm. Məncə vətənimə ən böyük xidmətim də bu olar.
 - Hazırda yalnız ədəbiyyatla məşğul olursuz? 
- Yox, həm də yeni TV layihə hazırlayırıq. “Brand in Baku” productionun rəhbəri Emil Davudzadə təklif edib bu layihəni. Uzun illərin dostuyuq, vaxtaşırı mənə deyirdi ki, sənin bir parçan ədəbiyyatdırsa, bir parçan da televiziyadır, efirə qayıtmalısan. Beləliklə, saqqızımı oğurladı və gerçəkdən də çox böyük həvəslə, sevgi ilə bu projeyə başladıq. Dekordan tutmuş ən xırda detallara qədər zərgər dəqiqliyi ilə hazırlamağa çalışırıq. Məqsəd isə TV məkanında yeni tərzə start vermək, itirilmiş intellektual auditoriyanı geri qazanmaq, topluma estetik, mədəni, səviyyəli bir proqram təqdim etməkdi. Bu işdə çox ümidliyəm, kimsə yenə də efirlə bağlı mənə əngəl yaratsa bu dəfə dövlətimdən dəstək istəyəcəm.
Aysel xanıma bol-bol uğur diləyərək, restoranı tərk etdik. Birinci mərtəbəyə avtomobilini dayanacaqdan götürməyə getdik. Aşağıdakı kofeaparatından ikimizə də kofe aldı. Bu aparatın kofelərini çox bəyəndiyini deyərək imkan olsa birini də evə alacağını söyləyib güldü. Beləcə dayanacağın haqqını ödədikdən sonra: “Növbəti görüşədək” - deyib, sağollaşdıq...
Musavat.com Birinci hissə ilə bu linkdə tanış ola bilərsiniz

Bizə qoşulun