Medianews.az
Amnistiya aktı necə qəbul olunur? -
175 baxış

Amnistiya aktı necə qəbul olunur? - PROSEDUR

Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Xəbər rəsmən dekabrın 15-də açıqlanıb.

Medianews.az bildirir ki, konstitusiyaya əsasən, amnistiya aktının qəbul edilməsi Milli Məclisin səlahiyyətinə daxildir. Bu səbəbdən Prezident İlham Əliyev amnistiya aktının layihəsini Milli Məclisə göndərib.

Milli Məclisdə amnistiya aktı layihəsi öncə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsində müzakirə olunur, sonra parlamentin plenar iclasına tövsiyə edilir.  

Milli Məclisin iradəsindən asılı olaraq amnistiya aktı bir oxunuşda da qəbul edilə bilər.

Amnistiya aktı parlamentdə sadə səs çoxluğu ilə qəbul edilir.

Azərbaycanda sonuncu amnistiya 2021-ci ilin noyabr ayında - 8 Noyabr Zəfər Gününün birinci ildönümü münasibətilə elan olunub.

Prezidentin 2025-ci ilin dekabrında “Konstitusiya və Suverenlik İli” münasibətilə parlamentə göndərdiyi amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun