Medianews.az
“Köhnə” şəhadətnamələrin yeni problemi: <span style=color:red>Çıxış yolu nədədir?
236 baxış

“Köhnə” şəhadətnamələrin yeni problemi: Çıxış yolu nədədir?

Xəbər verdiyimiz kimi, hazırda ölkəmizdə doğum haqqında şəhadətnamələrin elektron sistemə daxil edilməsi prosesi gedir. Söhbət bu cür sənədlərin hələ birbaşa elektron sistemə salınmaqla verilmədiyi dövrlərdə, o cümlədən sovet dövründə tərtib olunmuş doğum haqqında şəhadətnamələrdən gedir. Yeni şəhadətnamələr onsuz da birbaşa elektron sistemə salınmaqla verilir. “Köhnə” şəhadətnamələr isə hazırda rayon (şəhər) qeydiyyat şöbələrinin arxivindən elektron sistemə daxil edilir. Ancaq bu zaman bir sıra səbəblərdən vətəndaşın əlindəki kağız şəhadətnamə ilə elektron sistemdəki şəhadətnamə arasında uyğunsuzluqlar da ortaya çıxır. Həmin uyğunsuzluqlar isə doğum haqqında sənədin tələb olunduğu hüquqi prosedurlar zamanı problemlər yaradır. Məsələn, varisliklə əlaqədar rəsmiləşdirmədə “ASAN xidmət” əməkdaşları vətəndaşa xidmət göstərməkdən imtina edir, yəni varisliyi rəsmiləşdirmir. Qeydiyyat şöbələri isə uyğunsuzluqları aradan qaldırmaqdan boyun qaçırır, nəticədə vətəndaşın bir yolu qalır: məhkəməyə müraciət etmək. Əslində problem ondan qaynaqlanır ki, doğum haqqında şəhadətnamələr elektron sistemə yalnız arxivdəki kök əsasında salınır. Ümumiyyətlə bu, nə dərəcədə düzgündür? Medianews.az-ın sualını cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, əgər köhnə arxiv sənədləri texniki baxımdan düzgün, ardıcıl və tam şəkildə rəqəmsallaşdırılırsa, bu yanaşma qəbulolunandır: “Lakin arxiv sənədləri illər əvvəl əllə və fərqli sistemlər üzrə tərtib olunduğuna görə oradakı qeydlərin sistemə ötürülməsi zamanı yanlışlıqların baş verməsi riski yüksəkdir. Bu baxımdan yalnız arxivdəki köklərə əsasən sistemə məlumat ötürmək kifayət deyil — vətəndaşın özündəki sənədin surətinin də rəqəmsal formada sistemə əlavə olunması, həmçinin ikitərəfli yoxlama mexanizmlərinin tətbiqi vacibdir”. Proses zamanı ortaya çıxan problemlərə görə əslində vətəndaş məsuliyyət daşımır. Bu halda məsuliyyətin vətəndaşın üzərinə qoyulması, yəni vətəndaşın məhkəməyə yönləndirilməsi ədalətlidirmi? Elvin Abbasov suala cavab olaraq deyib: “Ədalətli idarəçilik prinsiplərinə görə vətəndaş arxiv səhvlərinin və ya texniki uyğunsuzluqların yükünü daşımalı deyil. Bu cür hallarda dövlət orqanlarının məsuliyyət daşıması və problemi daxili yoxlama, dəqiqləşdirmə yolu ilə həll etməsi daha doğrudur. Məhkəməyə yönləndirmə yalnız çıxış yolu olmadığı hallarda baş verməlidir, o da dövlətin hüquqi yardımı və dəstəyi ilə. Vətəndaşın bu prosesdə yük daşıması həm psixoloji, həm də sosial baxımdan ədalətli sayılmaz”. “Kağız şəhadətnamələrlə elektron sistemdəki şəhadətnamələr arasındakı uyğunsuzluqlar hansı yolla aradan qaldırılsa daha yaxşıdır?” sualına isə ekspertin cavabı belə olub: “Bu problemi həll etməyin ən məqsədəuyğun yolu inteqrasiya olunmuş verifikasiya (doğrulama) sistemidir. Kağız sənədin surətinin skan edilmiş variantı, eyni zamanda müvafiq notariat və ya qeydiyyat orqanının təsdiqi ilə sistemə daxil edilməlidir. Uyğunsuzluq aşkarlandıqda vətəndaşın məlumatı ilə dövlət orqanının nümayəndəsinin iştirakı ilə yerindəcə təhlil və düzəliş imkanları yaradılmalıdır. Eyni zamanda, bu sahədə hüquqi əsaslar təkmilləşdirilməli, məsuliyyət bölgüsü şəffaf şəkildə tənzimlənməlidir”. Uyğunsuzluqların nədən ibarət olduğuna gəlincə, Medianews.az qeyd edir ki, əvvəla, sovet dövrünün şəhadətnamələrinin bəzisi tam rusca yazılıb. İndi qeydiyyat şöbələrinin işçiləri rusca yazılmış ad-soyadları, ata-ana adlarını elektron sistemə heç də həmişə səlis oturda bilmirlər. İkincisi, vaxtilə doğum haqqında şəhadətnamələrdə yol verilən hərf səhvlərinin bəzisi sonradan – pasport, şəxsiyyət vəsiqəsi alanda düzəldilib. Amma elektron sistemə qeydiyyat şöbələrinin arxivindəki səhv variantlar daxil edilir. Üçüncüsü, doğum haqqında şəhadətnamələrin hələ birbaşa elektron sistemə salınmaqla verilmədiyi dövrlərdə bu tip şəhadətnamələrin arxivdəki kökü ilə sonradan ata-anaya, vətəndaşın özünə verilən variantı heç də həmişə üst-üstə düşməyib. Tutalım, uşaq doğulanda arxivdə ilk olaraq ad Mamed kimi qeyd olunub. Şəhadətnamə tərtib olunub valideynlərə təqdim ediləndə isə ad Məmməd, yaxud Məhəmməd kimi yazılıb. Beləliklə, qeydiyyat şöbələrinin arxivində, yəni şəhadətnamənin kökündə ad Mameddir, illər uzunudur vətəndaşın yararlandığı şəhadətnamədə və digər sənədlərində isə adı Məmməd, yaxud Məhəmməddir. Problem ondadır ki, şəhadətnamələr elektron sistemə arxivdəki kökə əsaslanmaqla daxil edilir. Ona görə də elektron sistemdəki adlar vətəndaşın digər sənədlərdəki adına uyğun gəlmir. Dördüncüsü, bəzən uşaq doğulanda ona verilən ad az sonra – şəhadətnamə alınanda dəyişdirilib. Belə hallar xüsusən sovet dövründə çox olub. Yeni doğulan uşağın adı arxivdə kökdə, tutalım, ilkin olaraq Həsən kimi qeyd edilib, valideynlər gedib şəhadətnaməni alanda isə uşağın adını tam fərqli, məsələn, Orxan yazdırıblar, sonradan da bütün sənədlərə məhz Orxan adı qeyd olunub, uşaq bu adla böyüyüb, rəsmi sənədlərdə adı həmişə Orxan kimi gedib. Lakin indi elektron sistemdə onun adı Həsən gedir. Ən böyük problem də ondadır ki, yuxarıda vurğuladığımız kimi, doğum haqqında sənədin tələb olunduğu ciddi hüquqi prosedurlar zamanı, tutalım, varisliklə əlaqədar rəsmiləşdirmədə “ASAN xidmət” “Həsən”i Orxan, “Mamed”i Məhəmməd kimi tanımaqdan imtina edir, yəni varisliyi rəsmiləşdirmir. Orxana deyilir ki, getsin ona şəhadətnamənin yazıldığı qeydiyyat şöbəsinə, sənədin kökündə “Həsən”i ləğv elətdirib “Orxan” yazdırsın. Orxan qeydiyyat şöbəsinə gedir və təbii ki, şöbə bu düzəlişi etməkdən boyun qaçırır. Nəticədə bir yol qalır: məhkəməyə müraciət edib, “Həsən”in “Orxan” olduğunu sübuta yetirmək. Artıq bir sıra Azərbaycan vətəndaşları bu cür hallarla üzləşməkdədir. Nəzərə alsaq ki, bir müddət sonra sənədlə əlaqəli əməliyyatların hamısı elektron sistemlə aparıla, kağız daşıyıcıların ümumiyyətlə üzünə də baxan olmaya bilər, o halda problemin qabaracağı, dərinləşəcəyi şübhəsizdir. Hələlik heç də hər yetkin vətəndaş hər dəm doğum haqqında şəhadətnaməsindən istifadə etmir, amma bir gün nə vaxtsa bu şəhadətnamə tələb olunacaq. Sistemdə onun, yaxud ata-anasının ad-soyadının başqa sənədlərdəki ad-soyadlara uyğun gəlib-gəlmədiyi məhz o vaxt bilinəcək və həmin vaxt vətəndaşın ya bəxti gətirəcək, heç bir problem olmayacaq, ya da vətəndaş, necə deyərlər, durduğu yerdə işə düşəcək, arxivlərin, məhkəmələrin qapısını döymək məcburiyyətində qalacaq. Ona görə Medianews.az hesab edir ki, hər kəsin indidən “ASAN xidmət” mərkəzinə üz tutub şəhadətnaməsini elektron sistemdəki şəhadətnamə ilə tutuşdurması məsləhətdir. Nailə Qasımova,  Medianews.az Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun