Medianews.az
Gündə bir qanun qəbul olunur, dünən imtina edilən hüquqi normaya bu gün yenidən qayıdılır – <span style=color:red>Səbəb nədir?
214 baxış

Gündə bir qanun qəbul olunur, dünən imtina edilən hüquqi normaya bu gün yenidən qayıdılır – Səbəb nədir?

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunların tətbiqinə dair əsasnamələr dəyişir. Milli Məclisin üçüncü oxunuşda təsdiqlədiyi qanun layihəsində şəxsiyyət vəsiqəsindəki məlumatların dairəsində dəyişiklik edilməsi də nəzərdə tutulur. Belə ki, qanun qüvvəyə minəndən sonra şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları da əlavə ediləcək. Mövzu ilə bağlı Medianews.az saytına danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, hüquqi normalara tez-tez əlavə və dəyişikliklərin edilməsi müsbət hal deyil: “Bizim klassik hüquqşünas alimlər belə deyirlər ki, qanunlar nə qədər uzağı görsə və uzun müddətə qəbul olunsa daha yaxşıdır. Ona görə qanunların hazırlanması prosesinə kifayət qədər təcrübəli, peşəkar, savadlı, erudisiyalı insanlar cəlb olunmalıdır. Elə insanlar ki, təkcə hüquq sahəsini deyil, digər elmləri də bilsinlər, məsələyə kompleks yanaşsınlar. Nəticədə qanunlara tez-tez düzəliş etməyə ehtiyac qalmasın. Bəli, Milli Məclisin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunların tətbiqinə dair əsasnamələrə etdiyi dəyişikliklər qüvvəyə minəndən sonra ölkədə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesinə başlanacaq. Hazırda istifadə etdiyimiz şəxsiyyət vəsiqələrində vətəndaşın yaşadığı ünvan göstərilmir, vətəndaşlığı da qeyd olunmur. Yeni vəsiqələrdə bunlar yazılacaq. Amma yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə şəxsiyyəti təsdiq edən sənədlərdə vətəndaşlıq qeyd olunurdu. Yazılırdı ki, Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşın qeydiyyatda olduğu ünvan, hətta bir zamanlar milliyyəti də göstərilirdi. İndi şəxsiyyəti təsdiq edən sənədlərdə bu məlumatlar yoxdur. Məncə, bu, düzgün deyil. Niyə mənim Azərbaycan dövlətinə siyasi-hüquqi bağlılığım vəsiqəmdə təsbit edilməsin? Niyə sənəddə milliyyətim və vətəndaşlığım göstərilməsin? Bu məlumatlar niyə çıxarılıb? Niyə vaxtilə bu cür əlavə və dəyişikliklər ciddi müzakirə aparılmadan, Milli Məclisdə dərhal səsə qoyularaq qəbul edilib? Halbuki bu, yanlış dəyişiklik idi. Zaman keçdikcə bu səhvlərin nəticəsi daha aydın görünür və indi bəlli olur ki, yenidən dəyişikliyə, daha doğrusu, faktiki olaraq keçmiş varianta qayıdılmasına ehtiyac var. Hesab edirəm ki, şəxsiyyət vəsiqələrində milliyyət də qeyd olunmalıdır. Məsələn, Azərbaycan vətəndaşı, milliyyəti – azərbaycanlı. Yaxud Azərbaycan vətəndaşı, milliyyəti – rus, ləzgi, tat, talış və s. Bu məlumatlar olmalıdır. Biz bu gün çoxmillətli, beynəlmiləl bir dövlətik və hüquqi sənədlərdə bu reallıq əksini tapmalıdır”. Ş.Əliyevin fikrincə, əslində Azərbaycanın qanunvericilik bazasında bir çox məqam əvvəlki vəziyyətinə qaytarılmalıdır: “Məsələn, Cinayət Məcəlləsində, Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Əmək Məcəlləsində və digər normativ aktlarda o qədər dəyişiklik edilib ki... Kişilərin pensiya yaşı artırılıb, azaldılıb; qadınların pensiya yaşı da eyni şəkildə dəyişdirilib. Bu dəyişikliklərin isə bir hissəsi cəmiyyətin rifah halına, layiqli həyat səviyyəsinin təmininə, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasına mənfi təsir göstərir. Bəli, bu gün müəyyən əlavələrə, dəyişikliklərə ehtiyac var, amma belə işlər tələskənliklə yox, düşünülmüş şəkildə aparılmalıdır. Zaman və tarix bunu tələb edir. Qüvvədə olan qanunvericiliyə əlavə və dəyişikliklər mütləq şəkildə peşəkar süzgəcdən, hüquq təfəkkürünə və təcrübəsinə malik, məsələni dərindən anlayan insanların süzgəcindən keçməlidir. Şəhid ailəsi statusunun verilməsi qaydasının əvvəlki redaksiyasında şəhidin ata-anası, bacı-qardaşı, həyat yoldaşı və uşaqları şəhid ailəsinin üzvləri sırasına daxil idi. Sonradan bu siyahıdan bacı-qardaşlar çıxarıldı. Axı niyə bacı-qardaş şəhidin ailə üzvü sayılmasın? Niyə bu status şəhidin bacı-qardaşına rəva görülməsin? Çox absurd yanaşmadır. Mən hesab edirəm ki, bu məsələdə də əvvəlki redaksiyaya qayıdılmalı, bacı-qardaşlar şəhid ailəsinin üzvü kimi tanınmalıdır. İmtiyazlar məsələsi isə artıq başqa müzakirələrin mövzusudur. Məsələyə tək maddi yöndən yanaşmaq olmaz. Məsələnin mənəvi tərəfi var. Digər nümunə: Cinayət-Prosessual Məcəlləsində andlı iclasçılar institutu ilə bağlı bir fəsil var idi. Sonra çıxarıldı. Eyni hal Cinayət Məcəlləsində cəza növləri ilə bağlı yaşandı. Bu, son dərəcə ziddiyyətli və məntiqi ardıcıllığı olmayan yanaşmaların nəticəsidir. Yaxşı olardı ki, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ictimai nüfuza malik qeyri-hökumət təşkilatlarının nümayəndələri qanun yaradıcılığı, qanunvericiliyə yenidən baxılması prosesinə yaxından cəlb olunsun. Onda çox faydalı təkliflər, kompleks yanaşmalar ortaya çıxa, qanunlardakı müddəaların uzunmüddətli olmasına təminat yarana bilər və gündə qanuna bir dəyişiklik etməyə, dünən dəyişmiş hüquqi normaya bu gün yenindən qayıtmağa ehtiyac qalmaz. Məsələn, son zamanlar ailə münaqişələri, ailədaxili zorakılıqlar, boşanmalar geniş yayılıb. Səbəb nədir? Bu suala aydın cavab verilmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti də, təəssüf ki, mahiyyətinə uyğun deyil və ortaya konkret konseptual yanaşma qoyulmur. Bizim ailə institutu ilə bağlı milli konsepsiyamız olmalıdır. Azərbaycan ailəsi necə olmalıdır - biz bunu bilməliyik. Milli təhlükəsizlik konsepsiyamız var, dövlət orqanlarının fəaliyyət istiqamətləri müəyyən olunub, Prezident fərmanları ilə strategiyalar təsdiqlənib. Amma ailə dediyimiz institut – hansı ki, cəmiyyətin əsas özəyidir və dövlətin xüsusi himayəsində olmalıdır – bu gün konseptual baxımdan boşluqdadır. Bu səbəbdən ailə nə cəmiyyətin əsas özəyi kimi tanınır, nə də ailənin dövlətin himayəsində olduğu duyulur. Yəni problemlərimiz çoxşaxəlidir, amma həll yolları var”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun