Medianews.az
Kürd dövlətinin yaradılması planı - <span style=color:red>Türkiyə ilə Azərbaycanın birbaşa əlaqəsi kəsilə bilər
303 baxış

Kürd dövlətinin yaradılması planı - Türkiyə ilə Azərbaycanın birbaşa əlaqəsi kəsilə bilər

İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında deyib ki, İsrail İranda 3 məqsəd güdür: nüvə proqramının, raket proqramının və “terror oxları”nın məhv edilməsi... İsrail İranın nüvə problemini sülh yolu ilə həll etmək şansı verdi, lakin indi hərbi əməliyyatı qalibiyyətlə sona çatdırmaqda qərarlıdır. Bunun sadə formada anlamı ondan ibarətdir ki, Yaxın və Orta Şərq regionunda yalnız bir dövlət – İsrail “qoçuluq” eləməlidir. Çünki İsrail bu regionda nüvə silahına malik yeganə dövlətdir və onun arxasında nüvə silahına malik olduğu üçün dünya ağalığı iddiasında olan başqa bir dövlət – ABŞ durur. Ona görə də ABŞ-İsrail tandeminin qarşısında dura biləcək heç bir dövlət qalmamalı, mövcud dövlətlərin özünümüdafiə imkanı da olmamalıdır. Bu baxımdan İrandan sonra növbə Türkiyənindir deyənlərin fikirlərinə bir qədər diqqətlə yanaşılmalıdır. Bu, məsələnin daha çox üzdə olan tərəfidir. Lakin hesab edirəm ki, İsrailin İrana hücumunun pərdəarxası tərəfləri var və fikrimcə, bu daha təhlükəlidir. Bu pərdəarxası tərəf də regionda əsasən Suriya, İraq və Güney Azərbaycanın hesabına yeni bir dövlətin – kürd dövlətinin yaradılması projesidir. Bu proje yeni deyil və təxminən 20-25 il bundan əvvəl Azərbaycan mediasında daha çox dartışılan mövzulardan biri olub. İndiki məqamda bu barədə nisbətən az danışılır. Yeni kürd dövlətinin yaradılmasının hazırkı müharibədə gerçəkləşdirilməsinin əsas məqsədlərdən biri olmasını güman etmək üçün kifayət qədər əsas var və bu barədə praktiki cəhdlər artıq müşahidə olunmaqdadır. Türkiyə ilə həmsərhəd olan, azərbaycanlıların yaşadığı ərazilərə Suriya və İraqdan kürdlərin köçürülməsi və məskunlaşdırılmasını, 3-4 ay bundan əvvəl Azərbaycan türklərinin Urmiyada belə məskunlaşmaya sərt etirazlarını xatırlamaq yerinə düşərdi. İki gün əvvəl isə PKK-nın İran (Rojhılat) qolu kimi təqdim olunan Kürdüstan Azad Yaşam Partiyası (PJAK) adlı qurumun İran-İsrail münaqişəsinə dair yazılı açıqlama yaydığı elan olundu. Düzünü desəm, bu qurumun adını ilk dəfə idi eşidirdim və internetdəki axtarışım da ciddi bir nəticə vermədı. Amma həmin bəyanatın məzmunu maraqlı idi və İsrailin müdafiə nazirinin verdiyi aşıqlama ilə qismən üst-üstə düşürdü. (“Müharibəni İranın rəhbərləri başlayıb, onun bədəlini isə ac və yoxsul İran xalqı ödəyir və ödəyəcək – yəni İsrail İran rəhbərlərinin günahı ucbatından İran xalqını cəzalandırır və cəzalandıracaq...”). Bundan sonra həmin qurum xalq hərəkatının yeni mərhələyə keçməsini zəruri sayaraq bütün kürd partiyalarının əməkdaşlığnı və partiya idarəçiliyindən xalq idarəçiliyinə keçidi bu həlledici mərhələdə tarixi bir missiya kimi qiymətləndirir. Qurum bütün İran və xüsusən Kürdüstan əhalisinə müraciət edərək demokratik xalq təşkilatları formasında təşkilatlanmağa və müharibənin dağıdıcı təsirlərinə qarşı tam həmrəylik göstərməyə səsləyib. Oxşar bəyanat İran Kürdüstan Demokrat Partiyası tərəfindən də yayılıb. Yeni kürd dövlətinin güman olunan coğrafiyası da diqqəti çəkir. Həmin coğrafiyada yeni kürd dövlətinin yaranması ilə Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri ilə birbaşa əlaqəsi kəsilir və Türkiyə faktiki ona düşmən olan qüvvələrlə əhatə olunur. Yeri gəlmişkən, bir müddət bundan əvvəl yəhudilərdən gələn Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması təklifinin də eyni məqsədə xidmət etdiyi artıq şübhə doğurmur. Qulamhüseyn Əlibəyli

Bizə qoşulun