İyunun 1-də Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi "Hörümçək toru" əməliyyatı ən riskli və ən genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumlarından biri kimi qiymətləndirilir.
Əməliyyatın əsas məqsədi Rusiya Silahlı Qüvvələrinin uzunmüddətli strateji bombardmançı təyyarələrini məhv etmək olub. Bu təyyarələr arasında Tu-95MS, Tu-160, Tu-22M3 və A-50 radar təyyarələri yer alıb.

Əməliyyatı Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) təşkil edib. Əməliyyat birbaşa Prezident Volodimir Zelenskinin və SBU rəhbəri Vasili Malyukun nəzarəti ilə həyata keçirilib.
Əməliyyatın planlaşdırılması 18 ay davam edib. Dronlar Rusiyanın müxtəlif bölgələrindəki hərbi hava bazalarına gizli şəkildə daşınıb və orada qurulmuş konteynerlərdən havaya buraxılıb. Nəticədə Rusiyanın Belaya (Sibir), Dyaqilevo (Ryazan), İvanovo Severnı, Olenya (Murmansk vilayəti) və Ukrainka (Amur vilayəti) hava bazaları hücuma məruz qalıb.
Ukrayna tərəfi 40-dan çox Rusiya hərbi təyyarəsinin məhv edildiyini bildirir. Rusiya Müdafiə Nazirliyi bu hücumu "terror aktı" kimi qiymətləndirib, bəzi bölgələrdə hava hücumundan müdafiə sistemlərinin hücumları dəf etdiyini açıqlayıb.

"Hörümçək toru" əməliyyatı nəticəsində Rusiya Silahlı Qüvvələrinin strateji bombardmançı təyyarələrinin təxminən 34%-nin məhv olduğu, Rusiyanın uzunmüddətli raket hücumları qabiliyyətinin zəiflədiyi vurğulanır.
Bundan az öncə - mayın 29-da Rusiya Ukraynaya ağır zərbələr endirmişdi.
İyunun 1-də isə Rusiya qüvvələri Ukraynanın cəbhə xəttindən 100 kilometr aralıda yerləşən təlim mərkəzinə raket hücumu təşkil edib. Nəticədə 12 ukraynalı əsgər həlak olub, 60-dan çoxu isə yaralanıb. Hücumdan sonra Ukrayna Quru Qoşunlarının komandanı general-mayor Mixaylo Drapatyi istefa verib.

Bütün bu hadisələr Ukrayna ilə Rusiya arasında İstanbulda keçiriləcək atəşkəs danışıqları ərəfəsinə təsadüf edir.
Qarşılıqlı ağır zərbələr Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasını sürətləndirəcək, yoxsa daha da ləngidəcək? Rusiyanın strateji bombardmançı təyyarələrə hücuma ən sərt formada, yəni nüvə silahı ilə cavab verməsi ehtimalı nə dərəcədə böyükdür?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Xaqani Cəfərli bildirib ki, "Hörümçək toru" BMT nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olduğu üçün qanuni əməliyyatdır: “Rusiya uzun müddətdir strateji bombardmançı təyyarələrdən - Tu-95MS, Tu-160 və Tu-22M3-dən atılan ballistik raketlərlə Ukraynanın dinc əhalisinə qarşı terror həyata keçirir. Ukraynanın bu terrorun qarşısını alması üçün lazım olan addımları atması BMT nizamnaməsinin 51-ci maddəsi ilə müəyyən olunmuş hüquqdur. Yəni beynəlxalq hüquqa tam uyğun olduğu üçün Rusiyanın və ya onun dəstəkçilərinin bütün əks iddiaları əsassızdır”.

Politoloq qeyd edib ki, “Hörümçək toru” əməliyyatının İstanbulda keçiriləcək görüş ərəfəsində baş verməsi təsadüfi deyil: “Ukrayna məğlub olmadığını göstərir, təslim olmayacağının mesajını verir. Eyni zamanda Moskvaya və Kiyevi təslimçiliyə vadar etməyə çalışanlara xəbərdarlıq edilir ki, Rusiyanın taktiki uğurları qarşısında Ukraynanın strateji uğur qazanmaq imkanları var. Rusiya böyük itkilər hesabına Ukraynanın bir neçə kəndini işğal edir, Ukrayna isə çox kiçik resurs hesabına Rusiyaya strateji zərbə vurur”.

X.Cəfərli vurğulayıb ki, bu vəziyyət əslində Rusiyanı sülhə vadar etməlidir: “Əgər Rusiya rəsmiləri ağıllarını sona qədər itirməyiblərsə, Ukraynanın bu əməliyaytından sonra sülhə hər kəsdən daha çox can atmalıdırlar. Əks halda Rusiya bundan ağır hadisələrə hazır olmalıdır. Belə demək olar ki, hadisələrin gələcək inkişafı Rusiya rəsmilərinin, ilk növbədə Vladimir Putinin soyuqqanlı düşünə bilmə qabliyətindən asılıdır. Əgər Putin soyuqqanlı düşünmək qabliyyətini itiribsə, sülh olmayacaq.
Rusiyanın nüvə silahına əl atması isə vəziyyəti daha da ağırlaşdıracaq. Bunu ağlı başında olan hər kəs bilir. Əgər Moskva nüvə silahına əl atsa, bu hadisə rus xalqının suverenliyini itirərək uzun müddətə dövlət qurma hüququndan məhrum olunması ilə nəticələnəcək. Moskva bununla bağlı xəbərdar edilib”.
Nailə Qasımova,
Medianews.az