Medianews.az
Politoloq Pezeşkian haqqında: <span style=color:red>“Tarixdə ikinci bir belə nümunə yoxdur”
140 baxış

Politoloq Pezeşkian haqqında: “Tarixdə ikinci bir belə nümunə yoxdur”

“İrandakı son prezident seçkilərində (Güney) Azərbaycanda doğulduğunu, milliyyətinin türk olduğunu, ailəsində farsca (İranın rəsmi dövlət dili) danışılmasını qadağan etdiyini bəyan edərək qalib gələn Məsud Pezeşkianın hər bir addımı, hər bir sözü azərbaycanlılar tərəfindən həssaslıqla izlənir. Çünki bəşəriyyət tarixində ikinci bir belə nümunə yoxdur. Bu mənada Prezident Məsud Pezeşkianın Bakıya səfərinin xüsusi həssaslıqla izlənəcəyi də gözlənilən idi”. Politoloq Xaqani Cəfərli İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfərini Medianews.az-a şərh edərkən belə deyib. X.Cəfərli qeyd edib ki, Pezeşkianın rəsmi dövlət protokoluna uyğun olaraq farsca danışması bəzi soydaşlarımız tərəfindən yanlış dəyərləndirilir: “Qənaətimcə, Məsud Pezeşkiandan gözləntilərimizi doğru müəyyən etmədiyimiz üçün belə hallar yaşanır və bundan sonra da yaşana bilər. Buna görə də Məsud Pezeşkiandan gözləntilərimizi doğru müəyyən etməli və bunu güneyli-quzeyli bütün azərbaycanlıların fikrinə çevirməyə nail olmalıyıq. Dağılan dünya düzəni nəhəng binanı uçurmaqdadır. Bu uçqunun qəlpələri bir çox dövlətləri dağıdacaq, bir çox xalqları isə ağır yaralayacaq. Qənaətimcə, Məsud Pezeşkianın əsas vəzifəsi Güney Azərbaycanı dağılan dünya düzənin qəlpələrindən qorumaq olmalıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar bu fikri ifadə etməli, tarixin Məsud Pezeşkianın üzərinə qoyduğu müqəddəs vəzifənin nədən ibarət olduğunu hər imkanda ona xatırlatmalıdır. Ümumiyyətlə isə Güney Azərbaycanı dağılan dünyanın yaradacağı qəlpələrdən qorumaq hər birimizin vəzifəsi olmalıdır”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun