22.04.2025, 11:14
107 baxış
Azad
Dörd min il yaşı olan musiqi alətləri tapılıb
Arxeoloqlar yaxşı vəziyyətdə olan 4000 illik unikal musiqi aləti aşkar ediblər.
Medianews.az xəbər verir ki, tapılan boşqabların heç birinin səthinə ziyan dəyməyib.
Omanın ərazisində işləyən arxeoloqların qazıntılar zamanı əldə etdikləri qeyri-adi artefakt dəsti, qədim tarixə malik olan 4000 illik bir cüt boşqab heyrətə gətirib. "Fox News" kanalının yaydığı məlumata görə, arxeoloqlar bu boşqabların əslində qədim musiqi aləti olduğunu öyrəniblər.
Alimlər bu lövhələrin eramızdan əvvəl III minilliyə aid olduğunu söyləyiblər. Onlar bildiriblər ki, bu qədim ərazidə yerləşən tikililərdə 2018-ci ildən arxeoloji qazıntılar indiyə qədər davam edir və bir müddət sonra isə bu dairəvi əşyalar tapılıb.
Tədqiqatçılar boşqabların (alətlərin) hamısının eyni ölçüdə olduğunu qeyd ediblər. Alimlərin fikrincə, onların səthinə ziyan dəyməməsi göstərir ki, lövhələr etibarlı bir yerdə çox diqqətlə qorunub.
"Hər iki boşqab (alət) yuvarlaqdır və bir dəliklə perforasiya edilib" söyləyən arxeoloq qrupunun üzvlərindən biri tapıntı barədə məlumat verib. Tədqiqatçı deyib ki, min illər boyu bu lövhələr müəyyən dərəcədə deqradasiyaya uğrayıb. Alimlər təsdiq ediblər ki, misin min illər ərzində oksidləşməsi lövhələrin səthini yaşıllaşdırıb. Eyni zamanda, alimlər qeyd ediblər ki, bu cür qədim musiqi alətləri o dövrlərdə ancaq metaldan və ya sümüklərdən hazırlanırdı, lakin yeni tapılmış sinclər istisnadır.
"Bu cür mis xəlitəli qədim sinclər adətən Yaxın Şərqdə Tunc dövrü kontekstlərində tapılan nadir musiqi alətləri sırasındadır. Bu zərb alətləri hələ eramızdan əvvəl III minillikdə Mesopotamiya, Hind vadisində tapılıb. Levant nümunələri isə eramızdan əvvəl II minilliyə aiddir" - deyə tədqiqatçı bildirib.
Alimlər bu boşqabların məbədlərin inşası kimi ayinlərdə müjdə çatdırmaq, çağırış musiqisi səsləndirmək üçün istifadə edilə biləcəyi ehtimalını irəli sürüblər. Bununla belə, tədqiqatçılar özləri də etiraf edirlər ki, nəticə çıxarmaq hələ tezdir.
Arxeoloqlar qədim tarixə malik olan bir cüt musiqi zərb alətinin, yəni 4000 illik artefaktın həmin dövrlərdə hansı məqsədlə və necə istifadə edildiyini dəqiq müəyyən etməkdən ötrü hər iki sinc lövhənin öyrənilməsini davam etdirməyi planlaşdırırlar.
Medianews.az