Medianews.az
“O vaxt da heç kim dolların 1 manat 70 qəpiyə qalxacağını proqnozlaşda bilməzdi” – <span style=color:red> Keçmiş nazir
331 baxış

“O vaxt da heç kim dolların 1 manat 70 qəpiyə qalxacağını proqnozlaşda bilməzdi” – Keçmiş nazir

Məlum olduğu kim, İqtisadiyyat Nazirliyi cari ilin mart ayında ortamüddətli dövr üçün (2026-2029-cu illər) yenilənmiş makroiqtisadi proqnozları təqdim edib. Proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində (1 ABŞ dollarına qarşı 1,70 manat) götürülüb. Doğrudanmı 2030-cu ilədək dolların məzənnəsi 1 manat 70 qəpik səviyyəsində qalacaq? Bu, nə dərəcədə inandırıcıdır? Medianews.az saytı bu suallarla keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifova müraciət edib. F.Yusifov bildirib ki, dünyada siyasi və iqtisadi müstəvidə cərəyan edən təlatümlü hadisələr fonunda orta və uzun müddət üçün dəqiq proqnozlar vermək olduqca çətindir: “İqtisadiyyat Nazirliyi cari ilin mart ayında bu proqnozları verdikdən sonra, aprel ayının 2-də ABŞ Prezidenti Donald Tramp bütün dünyaya rüsum müharibəsi elan etdi. Dünya bazarlarında neftin qiymətləri kəskin şəkildə düşməyə başladı. Sayılı günlər ərzində neft qiymətlərinin bir barel üçün 75 dollardan 58 dollara qədər və ya 30 faizdən çox düşməsi dünya iqtisadiyyatında şok effekti yarada biləcək bir hadisə oldu. Lakin bir neçə gündən sonra Donald Tramp rüsumların əksərinin tətbiqinə üç ay müddətinə moratorium qoydu. Onun bu qərarı neftin qiymətlərində müəyyən artımlara səbəb oldu. Bu gün neft qiymətləri orta hesabla 64-65 dollar səviyyəsində dəyişir. Bəs üç ay bitdikdən sonra nələr baş verəcək? Trampdan başqa heç kim bilmir. ABŞ Prezidentinin yalnız Çinə qarşı tətbiq etdiyi, 145% səviyyəsində olan idxal rüsumları dünya iqtisadiyyatına ciddi təsir edə biləcək hadisədir. Ötən il Çindən Amerika bazarına 420 milyard dollar həcmində ixrac olub. İndi bu həcmdə məhsulun idxal rüsumları fantastik həddə qalxıbsa, deməli, həmin məhsulların yenə Çindən alınıb ABŞ bazarına gətiriləcəyi real deyil. Bəs belə olan halda Çin bu qədər məhsulu kimə satacaq? Öz növbəsində ABŞ daxili bazarının bu həcmdə tələbatını hansı mənbələr hesabına bərpa edə bilər? Bu sualların da cavabı yoxdur”. F.Yusifovun fikrincə, rüsum müharibəsinin Trampın təklif etdiyi qaydada davam etməsi dünya ticarət sisteminin sarsılmasına gətirib çıxara bilər: “Məsələn, Çin 145%-lik idxal rüsumu qarşılığında istehsalı azaltmaq zorunda qalacaq. İstehsalın azalması neftə olan tələbatı aşağı salacaq ki, bu da öz növbəsində neftin qiymətlərinin düşməsinə səbəb olacaq. Baxın, bir qərarın yarada biləcəyi mənzərəyə... Odur ki, indi 5 il sonra nələrin necə olacağını tam əminliklə söyləmək mümkün deyil. Biz 2025-ci ilin büdcəsində neftin bir bareli üçün qiymətləri 70 dollar səviyyəsində götürmüşük. ABŞ prezidenti isə bu qiymətlərin dünya bazarlarında 50-55 dollar səviyyəsində olması uğrunda çalışır və bunu açıq şəkildə bəyan edir. Hesab edirəm ki, bu məsələdə ABŞ-Səudiyyə Ərəbistanı iş birliyi Trampın neft qiymətləri ilə bağlı planlarının reallaşdırılmasına gətirib çıxaracaq. Biz 2015-ci ildə neftin dünya bazarlarındakı qiymətlərinin kəskin düşməsinin hansı nəticələrə gətirib çıxardığının şahidi olduq. O vaxt da heç kim manatın məzənnəsinin 1 dollar üçün 0,68 qəpikdən 1 manat 70 qəpiyə qalxacağını proqnozlaşda bilməzdi. Odur ki, iqtisadi proseslərin tam siyasiləşdiyi indiki dönəmdə manatın məzənnəsi ilə bağlı 3-4 il bundan sonraya verilmiş proqnozlara güvənmək mümkün deyil. Yaxşı olar ki, bu proqnozların mümkün bütün ssenariləri hazırlansın və hər bir bəd ssenari üçün vəziyyətdən çıxış yolları müəyyən edilsin. Düşünürəm ki, bu ən optimal yanaşma olmalıdır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun