Medianews.az
Kim yoxa çıxacaq: <span style=color:red>tərcüməçi, yoxsa tərcüməni kompüterlə edənlər? FOTO
266 baxış

Kim yoxa çıxacaq: tərcüməçi, yoxsa tərcüməni kompüterlə edənlər? FOTO

Kompüter proqramlarının, onlayn tətbiqlərin, süni intellektin, avtomatlaşdırmanın sürətlə inkişaf etməsi bir çox sahəni köklü surətdə dəyişir. Artıq robotların hətta yaradıcı sahələrdə də insanları tam əvəz edəcəyi haqda fikirlər səslənir. Bu sırada tərcüməçilik peşəsinin də adı çəkilir. Şübhəsiz ki, tərcümə proqramları insanların bilmədikləri xarici dillərdəki mətnləri, audio, video materialları anlamasına yardım olur. Bəs, tərcüməçilik bir peşə kimi sıradan çıxa bilərmi? Bu sahədə robotun insanı (tərcüməçini) tam əvəz etməsi mümkündürmü? Medianews.az sualları sanballı bədii-publisistik tərcümələrin müəlliflərinə ünvanlayıb. Şair, yazıçı, jurnalist, tərcüməçi Etimad Başkeçid Medianews.az-a bildirib ki, texnologiyaların və avtomatik tərcümə sistemlərinin sürətli inkişafına, əhəmiyyətli dərəcədə təkmilləşməsinə baxmayaraq, tərcüməçi peşəsi nə yaxın gələcəkdə, nə də uzaq perspektivdə yox olub getməyəcək: “Maşın tərcüməsi”nə həsr olunmuş heç bir beynəlxalq konfransda, mütəxəssislərin fikir mübadiləsi apardığı sanballı tədbirlərdə belə proqnoz verilmir. Texnologiyalar, şübhəsiz, tərcümə proseslərini sürətləndirir və onları daha əlçatan edir, amma onlar tam olaraq insanları əvəz etməyəcək. Xüsusən də bədii əsərlərin, hüquqi sənədlərin, media kontentinin tərcüməsi zamanı, mədəni fərqliliklərin və dilin incəliklərinin, nüansların nəzərə alınmasının vacib olduğu sahələrdə. Təsadüfi deyil ki, hazırda dünya üzrə tərcümə xidmətləri bazarının ümumi həcmi altmış milyard dollara yaxındır. Buraya həm yazılı, həm də şifahi, proqram təminatının lokalizasiyası və bununla bağlı digər xidmətlər daxildir. Yəni fakt faktlığında qalır – bu sahəyə çəkilən xərclər ilbəil artır. Maşın tərcüməsinin keyfiyyətini yaxşılaşdıran, mürəkkəb və ixtisaslaşmış mətnlərlə işləməyi bacaran mütəxəssislərin gəlirləri də həmçinin. Ona görə, narahat olmağa dəyməz. Bədii ədəbiyyatı neyroşəbəkənin köməyi ilə tərcümə edənlər narahat olsun ki, onlar şübhəsiz yox olacaq”. Nasir, publisist, ssenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlı Medianews.az-un sorğusuna cavab olaraq deyib ki, maşının insan üzərində zəfər qazanması özünü hələ 1950-ci illərdən, avtomatik tərcümə sahəsində ilk təcrübələrin aparıldığı vaxtdan göstərir: “Bununla belə, indi tərcüməçilərin sayı bütün dövrlərdə olduğundan daha artıqdır. Xeyli dərəcədə təkmilləşdirilmiş, əksər insanlar üçün əlçatar olmuş onlayn tərcümə sistemləri tərcüməçi sənətini aradan çıxarmadı, mahiyyətcə dəyişməsinə şərait yaratdı. Avtomatik tərcümə (maşın tərcüməsi) üzrə ilk hamıya açıq təcrübə 1954-cü ildə IBM şirkəti və Corctaun universtetinin (Vaşinqton, ABŞ) tədqiqatçıları tərəfindən aparıldı. Tədqiqatçıların qarşısında bir neçə il ərzində rus dilindən ingilis dilinə yüksək səviyyəli avtomatik tərcümə proqramı işəyib hazırlamaq vəzifəsi dururdu. Həmin vaxtdan da cəmiyyətdə tezliklə tərcüməçiləri maşınların əvəz edəcəkləri ilə bağlı fikirlər tez-tez səslənməyə başladı. 2018-ci ildə Microsoft şirkəti bildirdi ki, onun Çin dilindən ingilis dilinə xəbərlər tərcüməsi səviyyəsinə görə insanın yerinə yetirdiyi tərcümə ilə müqayisə oluna bilər. Amma ziddiyyət bundan ibarətdir ki, indi avtomatik tərcümə sistemi, demək olar, hər bir kəs üçün əlçatar olsa da, tərcümə sahəsində çalışanların – yəni, bütün dünyada təxminən 600.000 nəfərin – sayı heç vaxt bu qədər çox olmamışdı. Bütün bunları nəzərə alaraq haqlı sual vermək oar: Tərcüməçi peşəsi, həqiqətən, yox olmaq təhlükəsi ilə üzləşib, yoxsa bu narahatlığın heç bir əsası yoxdur?” N.Əbdülrəhmanlının sözlərinə görə, əslində, vəziyyət zahirən göründüyündən daha mürəkkəbdir: “Ondan başlayaq ki, tərcüməçilər özləri belə, bəzən rəqəmsal texnologiyanın imkanlarından istifadə edirlər. Eynitipli, yaxud məzmunca çoxsaylı təkrarlardan ibarət olan mətnlərlə işləyən kəslər “tərcümələrin yaddaşı” adlandırılan metodu tətbiq edə bilərlər. Bu metod vaxtı qənaətlə xərcləməyə, artıq əvvəllər rastlaşdığı, yaxud onlara oxşar cümlələrin, abzasların, bütöv mətnlərin tərcüməsini qısa müddətdə gerçəkləşdirməyə şərait yaradır. Bir çox tərcüməçilər avtomatik tərcümədən faydalanır, sonra proqramın təklif etdiyi mətnin redaktəsi üzərində çalışırlar. Başqaları bu metoddan boyun qaçırır, belə bir işi maraqsız, çəkdiyi zəhmətə görə ödənişi isə yetərsiz sayır. Bəzi mətnlər, həqiqətən, maşın tərəfindən, insanın müdaxiləsi omadan tərcümə edilir. Bu gün rəqəmsal informasiyanın həcmi o qədər böyükdür ki, tərcüməçilər bütün hallarda get-gedə çoxlan tələbləri ödəmək iqtidarında deyillər. Avtomatik tərcümənin imkanlarından yararlanıb-yararlanmamaqla bağlı qərar, əsasən, mətnin “yaşarılıq müddəti”nin uzunluğundan, eyni zamanda da həmin mətnlərdəki səhvlərin cüzi nəticələrə səbəb olub-olmayacağından asılıdır. Hər hansı bir otellə bağlı onlayn rəyi və ya bildirişi avtomatik tərcümə etmək heç bir təhlükə törətmir. Ammma tibbi sənədlər, yaxud çap üçün nəzərdə tutulan sənədlər insan tərəfindən ciddi surətdə yoxlanmadan üzə çıxarıla bilməz. Başlıca problemlərdən biri budur ki, avtomatik tərcümənin keyfiyyəti lap başlanğıcdan düzgün dəyərləndirilməmiş, 1954-cü ildə avtomalaşdırılmış tərcümə sistemi ilə bağlı ümidlər özünü doğrultmamışdı. Kompüter proqramlarının xəbər mətnlərinin səviyyəsi ilə bağlı bayaq xatırlatdığımız iddiaya gəldikdə isə deməliyik ki, bu cür nəticələr çox məhdud kriteriyalar əsasında çıxarılmışdı. Bununla yanaşı, etiraf etmək lazımdır ki, son illərdə texnologiyalar hədən artıq inkişaf edib. Avtomatlaşdırılmış tərcümənin ilk sistemləri ikidilli sözlüklərdən istifadə edirdilər, qaydalar dəsti isə əllə kodlaşdırılırdı. 1990-cı ilərdən başlayaraq, həmin sistemlər yeni cümlənin daha optimal variantını müəyyənləşdirmək üçün artıq mövcud olan, insan tərəfindən yerinə yetirilmiş tərcümələrin statistik analizlərinə əsaslanır. 2000-ci illərdən ödənişsiz avtomatik tərcümə xidmətləri geniş yayılmağa başladı. 2016-cı ildən isə neyron avtomatik tərcümənin (NAT) meydana çıxması sayəsində xidmətlərin fəaliyyəti yeni mərhələyə keçdi. İnsan beyninin neyronlar şəbəkəsinin işini yamsılmamaq vəzifəsini yetirən NAT sistemi “məlumatlar bazasını öyrənmək” əsasında tərcümənin daha məqbul variantını statistik cəhətdən hesablayır. Həmin baza isə mətnin çevriləcəyi dildəki çoxsaylı cümlələr yığınından və onların insan tərəfindən yerinə yetirilmiş tərcümələrindən ibarətdir. Hər bir kəsin istifadə edə biləcəyi və səmərəli bu cür onlayn-sistemlər çox geniş yayıldı. 2016-cı ildə Google şirkəti bildirdi ki, Google Translate sistemi gündə ən azı 143 milyard söz çevirir. Amma bəzən həmin tərcümələrin keyfiyyəti tələbatçıları razı salmır". N.Əbdülrəhmanlı bildirir ki, NAT sistemlərinin yerinə yetirdikləri bəzi mətnlər sərrast və məntiqli görünürsə, bəzi hallarda avtomatik tərcümə araşdırıcıların “hallüsinasiya” adlandırdıqları gözlənilməz nəticələr verə bilər. Cümlədə məntiqin qorunub saxlandığı, mənanın isə tamamilə dəyişildiyi sözlərin düzgün tərcümə edilməməsi daha tez-tez rast gəlinən problemlərdəndir. Avtomatik tərcümənin başqa bir çatışmazlığı da tərcümə alqoritmlərinin gender çaşqınlığıdır. Belə ki, “gözəl”, “cazibədar”, yaxud “şəhvətli” alqoritmləri yalnız qadın cinsinə, “dərrakəli”, “mətin”, yaxud “mehriban” alqoritmləti isə ancaq kişi cinsinə şamil edilə bilər. Bu cür səhvləri üzə çıxarmaq və aradan qaldırmaq çox çətin olur. Hələ ki, sözlərin çoxmənalılığı qarşıya əsas problemlərdən biri kimi çıxır. Çoxmənalı sözlər ilk avromatik tərcümə sistemlərini sarsıtmışdılar, bu gün də kütləvi informasiya vasitələrində gözlənilməz nəticələrə səbəb ola bilərlər. 2018-ci ildə Google Translatedəki bir sıra qəbuledilməz səhvlərlə bağlı məruzə dərc edildi. Həmin məruzədə göstərilirdi ki, bir sıra söz birləşmələrinin sistemə xaotik çəkldə daxil edilməsi nəticəsində sistemin istifadəçiləri qəribə dini kəhanətlər şəklində tərcümələrlə qarşılaşmışlar. Müəllifin fikri alqoritmin yardımı ilə müəyyənləşdirilə bilməz. Texnoloji inkişafın indiki mərhələsində belə bir şey mümkün görünmür. Çünki əldə edilmiş nəticə mətnin bütün leksik zənginliyini əks etdirmək iqtidarında deyil, çünki tərcümədə üstünlük məlumat bazasında mövcud olan daha işlək sözlərə veriləcək. Ədəbi, yaxud yaraqdıcılıq xarakterli mətnlərin avtomatik tərcüməsi zamanı müəllif səsinin itməsi qaçılmazdır. Bu problemlərə baxmayaraq, bu gün daha keyfiyyəti və daha ucuz avtomatik tərcümədən həyatımızın müxtəlif sahələrində geniş istifadə olunur. Həmin mətnlərin redaktəsi isə artıq əksər tərcüməçilərin gündəlik məşğuliyyətinin bir hissəsinə çevrilib. Onların əksəriyyəti fərdi sahibkarlardırlar və avtomatik tərcümədən boyun qaçırmaq üçün öz şərtlərini diqtə etmək imkanına malik deyillər. Belə ki, avtomatik tərcümədən xərcləri, həm də işin yerinə yetirilməsi müddətini azaltmaq məqsədi ilə subtitrlərin yazılışında da geniş istifadə olunur. Amma həmin mətnləri redaktə etməyə ehtiyac yaranır, çünki aşağı səviyyəli subtitrlər tamaşaçılarda narazılıq doğurur”. N.Əbdülrəhmanlı sonda vurğulayıb ki, həm insanın müdaxiləsi olmadan, həm də onun yardımı ilə gerçəkləşdirilmiş avtomatik tərcümələr məqsədəmüvafiq və praktik cəkətdən sərfəli ola bilər: “Amma tərcümə sahəsinin həddən artıq avtomatlaşdırılması tərcüməçi peşəsinin cəlbediciliyini azalda, həm avtomatik, həm də qeyri-avtomatik tərcüməyə mənfi təsir göstərə bilər...” Nailə Qasımova, Medianews.az

Bizə qoşulun