Medianews.az
Bakı yollarında itən saatlar... – Tıxac problemi həll olunur? – <span style=color:red>ARAŞDIRMA
448 baxış

Bakı yollarında itən saatlar... – Tıxac problemi həll olunur? – ARAŞDIRMA

Bakı şəhərində nəqliyyatın sıxlığı və tıxaclar günün pik saatlarında ciddi problemə çevrilir. Sıxlıq səbəbindən həm vətəndaşlar vaxt itkisi ilə üzləşir, həm də ekoloji və iqtisadi problemlər yaranır. Bu vəziyyəti yaxşılaşdırmaq üçün müxtəlif həll yolları təklif olunsa da, problemin tam həlli hələ də mümkün olmayıb. Məsələnin həll yolları üçün qeyd edilən Dövlət Proqramına əsasən, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün, Xırdalan şəhərinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması planlaşdırılır. Bu çərçivədə M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xırdalanın mərkəzi ilə birləşdirilməsi üçün müxtəlif səviyyəli yol ötürücüsü tikiləcək. Eyni zamanda, şəhərin M-1 Bakı-Quba-Rusiya sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax yolları ilə bağlantısını gücləndirmək məqsədilə yol şəbəkəsi yenilənəcək. Bundan əlavə, M-4 yolunun “VAZ dairəsi” və Xırdalanın Həsən Əliyev küçəsi ilə əlaqələndirilməsi üçün yol ötürücüsünün inşası 2025-2030-cu illərdə həyata keçiriləcək. Bakıda tıxac probleminin aradan qaldırılması üçün başqa hansı tədbirlər görülməlidir? Yeni yol və körpülər tıxac problemlərini həll edəcəkmi? Medianews mövzunun aktuallığını nəzərə alaraq ekspertlərin fikir və təkliflərini öyrənib. Cavabları təqdim edirik. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov: “Bakı və ətraf ərazilərdə tıxacların aradan qaldırılması məqsədilə yeni dövlət proqramı qəbul olunub. 2025-2030-cu illəri əhatə edən bu proqram çərçivəsində məhz müddəalardan bir neçəsi də tıxaclara səbəb olan yolların, dar boğazların yenidən sökülüb inşa edilməsidir. Koroğlu m\s-ı ərazisindən Həsən Əliyev küçəsinə qədər yeni yolun inşası nəzərdə tutulub. Bu proses artıq gedir. Tikinti işlərinə başlanılıb, layihələndirmə də mövcuddur. Sonrakı mərhələdə Babək prospekti, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəkərinin kəsişməsi ərazilərində, "Nargilə" dediyimiz ərazidə, 20 Yanvar ərazisində də həmin proseslər həyata keçiriləcək. Bakı-Sumqayıt magistralındakı sıxlığın da aradan qaldırılması məqsədilə 20 Yanvar, Şamaxı yolu, Xırdalan ərazisi istiqamətlərində də yeni yollar, yol ötürücüləri salınacaq. Bakı-Sumqayıta alternativ ən azı iki yol da olacaq. Bunlar Xırdalandan keçməklə və ənənəvi Bakı-Sumqayıt şossesinin kənar hissələrini əhatə etməklə həll olunacaq. Orada dairəvi yollar təşkil olunacaq. Həm də Bakı-Sumqayıt magistralındakı sıxlığı aradan qaldırmaq məqsədilə ictimai nəqliyyatın bir sıra seqmentlərilə də bağlı işlər görüləcək. Yeni dəmiryolu xəttinin çəkilməsi, daha sonra avtobus seqmentinin açılması. Ümid edirik ki, bunların hamısı sıxlığın aradan qaldırılmasına kömək edəcək”. Sosioloq Yusif Nəbiyev: “Düşünürəm ki, bu barədə urbanistika üzrə ixtisaslaşmış yoldaşlar daha dolğun və ətraflı məlumat verə bilərlər. Amma mən dünya praktikasını izlədiyim, gördüyüm qədərilə bunu deyə bilərəm ki, Bakının tıxac problemi yalnız yeni yollar və ya körpülər salmaqla həll ediləsi bir məsələ deyil. Düzdür, tez-tez bu kimi şikayət və tələblərlə qarşılaşırıq: "Yollar genişlədilsin", "Təzə körpü salınsın", "Şəhərin ətrafına dolaşan yeni magistral yaradılsın" və s. Amma bu kimi həllər qısamüddətli rahatlama yaratsa da, uzunmüddətli perspektivdə problemi nəinki həll etmir, hətta daha da dərinləşdirə bilir. Yeni yollar və körpülər daha çox avtomobil cəlb edir və nəticədə bir neçə ildən sonra daha ağır tıxaclar yaranır . Dünya praktikasına baxdıqda böyük şəhərlərin tıxac və ifrat sıxlıq problemi ilə başa çıxmaq üçün bu kimi addımlar atdıqlarını görürük:
  1. İctimai nəqliyyatın gücləndirilməsi və nəqliyyat tələbatının əsasən buraya yönəldilməsi
Bakı kimi böyük bir şəhər üçün olduqca kiçik metro şəbəkəsinə sahibik. Stansiyalarının sayı azdır və şəhərin hər yerini əhatə etmir. O baxımdan, hal-hazırda yeni xətlərin açılmasına ehtiyac var. Marşrut sistemimiz optimallaşdırılmalıdır. Avtobuslar daha komfortlu, geniş olmalı, daha kiçik intervalla işləməlidirlər ki, ifrat sərnişin sıxlığı yaranmasın. Bundan əlavə olaraq qrafikə tam uyğun şəkildə hərəkət etməlidirlər ki, insanlar planlama edərkən, təcili nəqliyyat ehtiyaclarını planlaşdırarkən Avtobus nəqliyyatını da bir alternativ kimi görə bilsinlər.
  1. Şəxsi avtomobil istifadəsinin məhdudlaşdırılması
Dünyanın bir çox şəhərlərində (Londonda, Stokholmda) tətbiq olunan bu model Bakıda da işləyə bilər. Mərkəzə fərdi avtomobillərlə giriş ödənişli olarsa, insanlar ictimai nəqliyyata keçməyə daha çox maraqlı olacaqlar. Ancaq burada mütləq nəzərə alınmalı məqam budur ki, bu tip radikal tədbirlər ancaq mükəmməl işləyən infrastruktur təmin olunandan sonra görülə bilər. Keyfiyyətli ictimai nəqliyyat sistemi olmadan belə addımlar atılarsa, bu ancaq qaş düzəldərkən vurub göz çıxarmağa xidmət edəcəkdir. Küçələrdə, yol kənarlarında qeyri-qanuni parklanmaya qarşı cərimələr artırılmalı, şəhərin müxtəlif yerlərində çoxmərtəbəli dayanacaqlar tikilməlidir. Ancaq burada da yuxarıdakı məqam nəzərə alınmalıdır. Əvvəl düzgün və leqal parklanma üçün bütün imkanlar yaradılmalı, yalnız bundan sonra qeyri-qanuni parklanmalara sərt cərimələr tətbiq edilməlidir.
  1. Alternativ nəqliyyat vasitələrinin təşviqi
Velosiped zolaqları genişləndirilməli, şəhərdə velosiped istifadəsi təşviq edilməlidir. Hazırda bu yöndə şəhərimizdə müəyyən işlər görülür. Ancaq bu işlərin səmərəliliyi daha da artırılmalı, iş təkcə veloyollarla kifayətlənməməli, təhlükəsiz veloparkinq üçün imkanlar yaradılmalıdır. Əlavə olaraq, şəhərdə piyadaların rahat hərəkəti üçün geniş, kölgəli və təhlükəsiz yollar yaradılmalıdır ki, insanlar qısa məsafələri piyada qət etməyə üstünlük versinlər. Tez-tez unudulsa da, insanoğlunun ilk "nəqliyyat vasitəsi" onun ayaqlarıdır. Qısa məsafələrdə şərait yaradılmalıdır ki, insanlar piyada şəkildə hərəkət edə bilsinlər.
  1. Məskunlaşmanın balanslaşdırılması
Hazırda insanların çoxu mərkəzə işləməyə gedir. Əgər şəhərin müxtəlif yerlərində yeni biznes mərkəzləri və inzibati binalar açılarsa, insanlar mərkəzə gəlmək məcburiyyətində qalmadan da işlərini görə bilərlər. Çox detallara girmədən qeyd etmək istərdim ki, nəqliyyatın idarə olunmasında yeni "smart" həllər tətbiq edilməlidir. Tıxac yerləri və saatlarına uyğun olaraq nəqliyyat axımının adaptiv tənzimlənməsi, işıqforların sıxlıq saatlarına uyğun olaraq avtomatik nizamlanması və s. kimi yanaşmalar müasir böyük şəhərlərdə tətbiq olunan praktikalardandır. Qısaca isə bunu deyə bilərik ki, məqsədimiz problemləri müəyyən müddətə təxirə salmaq yox, köklü həll etməkdirsə, lokal preventiv qərarlara yox, daha əhatəli və strateji yanaşmalara meyillənməliyik”. Oğuz Ayvaz Medianews.az

Bizə qoşulun