Şərq incə məsələ-zad deyil, bunu kim deyibsə, düz deməyib. Şərq patavalı, zopalı, yoğun, qaba məsələdir. Dünyanın ən absurd işləri Asiyada, Şərqdə baş verir. Ən geridə qalmış adət-ənənələr, quruluşlar, rejimlər, müstəbidlər burdadır.
Baxın, Finlandiya (eləcə də Hollandiya, Norveç, İsveç, Danimarka, Belçika, Avstriya və s.) Qərbdədir, son 25 ildə bu ölkədə azı 7 hakimiyyət dəyişib, Qazaxıstanın sultanı isə heç dəyişməyib - Nursultan.
Adam baş nazir kürsüsünə 31 il əvvəl, 1984-cü ildə oturub. Odu-budu, yeri başdadır. Arada o, Qazaxıstanın Ali Sovetinin 13-cü sədri, paralel olaraq Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 13-cü birinci katibi olub. 25 ildir də prezidentdir.
Axırıncı dəfə o, srağagün yenidən seçilib. Seçicilərdən 97 faiz səs alıb. Deyilənə görə, ölkədəki seçicilərin 95 faizi seçkidə iştirak edibmiş.
Qərblə Şərqin bir fərqi də budur. Avropada nadir hallarda seçkilərdə 50 faizdən artıq seçici seçkilərə qatılar. Əslində isə seçki Avropada maraqlıdır, seçici bilir ki, səsverməyə gedib səs verəndə dəyişiklik görə bilər. Seçilənin öncədən bəlli olduğunu bilə-bilə millətin 95 faizi niyə məntəqələrə axışsın ki?
Avropada seçkidə iştirak edənlər isə heç vaxt bir siyasi liderə birinci turda 50 faizdən çox səs verməzlər. Məsələ adətən ikinci turda həll olunur. Səslər seçkiyə qatılan namizədlər (tutaq ki, 6-8 şəxs) arasında elə bölünür ki, ən çox səs alan iki namizəd seçkilərin ikinci turuna keçir və kimin xalqdan daha çox səs aldığı o zaman məlum olur. Şərqdə alternativ namizədlər adətən 1-2 faiz səs alırlar. Onu da onlara minnətlə yazırlar, bəzən birini aşağılayıb qəsdən açıq autsayderdən də aşağıya qoyurlar.
Daha bir məqam: iki müddət hakimiyyətdə olmuş qüvvə (lider) ağzıyla qış tutsa da, xalqdan səs alıb üçüncü müddətə seçilə bilməz. Bu, çox nadir, müstəsna haldır. Əksər hallarda hər partiya, hər lider cəmi bir dəfə hakimiyyət olimpinin zirvəsində olur.
Şərqdə isə hakim partiyaların hakimiyyət dövrü də ömürlükdür, hökmdarların hökmranlığı da. Burada hakimiyyətlər yalnız o vaxt dəyişir ki, inqilablar, çevrilişlər, sui-qəsdlər oldun və ya birinci şəxs öz əcəli ilə dünyasını dəyişsin.
Şərq ölkələrinin tam əksəriyyətində seçki-filan formal prosedurdur, dövlət büdcəsi üçün izafi xərcdən başqa bir şey deyil.
Bir halda ki, hakimiyyətdə olan qüvvə öz dövranını nəyin bahasına olursa-olsun, daha bir müddət uzadacaq və seçilənin kimliyi seçkilərdən çox-çox öncədən bəllidir, ona seçki demək olarmı?
Şərqdəki seçkilərdə hökmdarın qazanacağı səs faizi də öncədən bəlli olur. Rəsmi təbliğatçılar hətta bu rüsvayçı “öncəgörmə”ni seçkilərdən əvvəl qürur duya-duya bəyan edirlər.
Nazarbayevin qazandığı 97 faiz səs bu regionda heç kəsi təəccübləndirmir. Şərq belə göstəricilərə alışıqdır.
Deyilə bilər ki, Azərbaycanda elə deyil, burada artıq seçilənlər seçənlərdən 95-97 faiz səs almırlar. Düzdür. Amma 75-77 faiz səs “alırlar” və bunun hakim partiyanın və hökmdarın seçilməsinə istisi-soyuğu olmur.
Qərbdə belə rəqəmlər gülüş doğurur. Avropa dövlətlərinin siyasiləri də, siyasətşünasları və siyasətlə maraqlananları da Nazarbayev kimilərinin səs faizini istehzalı təbəssümlə qarşılayırlar. Onlar işin nə yerdə olduğunu, bu 97 faizin nə məna verdiyini ovuclarının içi kimi bilirlər. Ancaq heç vaxt 97 faiz səs qamarlayan hökmdara “sən diktatorsan, keçirdiyin seçki də başdan-başa saxtadır” demirlər, uzağı “seçkilər Avropa standartlarına uyğun olmayıb, ciddi pozuntular olub” deyirlər, seçilən şəxslərin legitimliyini müvəqqəti olaraq şübhə altına alırlar, daha sonra enerji layihələrində əməkdaşlıq edirlər.
Şərqdə hakimiyyətdən doymaq, vəzifədən könüllü əl çəkmək söhbəti yoxdur. 80 yaşlı Nazarbayev 2020-ci ildə də seçiləcək, 85 yaşı olanda (2025-də) da. Ömrü çatsa 2030-da da.
Dünya ölümlü dünyadır, bunu Nazarbayev də bilir, öləcəyini biləndə o, hakimiyyəti ən əziz adamına verəcək. Bu, onun bioloji varisi də ola bilər, siyasi varisi də.
28.04.2015, 07:28
238 baxış
Xalid Kazımlı
Qazax elinin ömürlük sultanı