Bütün uca millətimiz kimi mən də yazın gəlişinə sevinirəm, buna görə iqtidarımıza Ağcabədi müəllimləri adından təşəkkürümü də bildirirəm. Çünki ölkəmizdə yazın gəlişi məqsədyönlü, uğurlu dövlət siyasətinin nəticəsidir. Burundidə, Uqandada, Şpitsbergen adasında niyə yaz gəlmir? Çünki oralarda Yeni Azərbaycan Partiyası yaradılmayıbdır! Yenilik ancaq Yeni Azərbaycan Partiyası olan yerlərə gəlir (o cümlədən “Yeni Müsavat” qəzeti də yazın gəlişi üçün vacib atributlardan biridir).
Yazın gəlişi ilk növbədə Kosa və Keçəlin, səməni və şəkərburanın gündəmə gəlməsidir. Sumqayıtın icra başçısı Eldar müəllim isə Novruz personajları sırasına Troya atı, Yuli Sezar, Apuleyin eşşəyini də əlavə etmişdir. Bu, geniş araşdırma mövzusudur, qalsın başqa vaxta.
Oxucumuz Vasif Həsənovun məktubu da yazın gəlişi problemlərinə toxunur. Bildiyimiz kimi, deputatxanada gərgin müzakirə edilən ümummilli (bu düşük sözü ilk fikirləşən adamı yıxıb yerə ağzına-ağzına döymək lazımdır, çünki milli elə ümumi deməkdir, ümummilli sözü “qatıqlıqatıq” kimi bir şey alınır) məsələlərdən biri Novruz bayramında hasarı uzun olan villaya necə papaq atılması idi. Deputat Fazil Mustafa bunu kəskin tələb eləmişdi, spiker Oqtay müəllim isə bütün villa sahiblərinə məsləhət görmüşdü ki, Fazil müəllim gəlsə onun papağını boş qoymasınlar. Ancaq oxucumuz Vasif bəy problemin bu cür fərdi, dənə şəklində həllini qəbul etmir, təklif irəli sürür: “Qoy MM qanun qayırsın, orda atılan papağın ölçüsü, hasarın hündürlüyü, papağa qoyulası şirinliyin miqdarı və sairə dəqiq göstərilsin”.
Zabratdan, 307 saylı məktəbin yanından zəng vuran oxucumuz Hamlet Budaqov isə qaz idarəsindən şikayətlənir. Deyir qazımız çox zəif gəlir, şikayət edəndə Sabunçu qaz idarəsi “Bayramdır, hamı qaz işlədir, ona görə qaz azalır” - deyir. Nə yaxşı Günəşə Sabunçu qaz idarəsi baxmır, yoxsa biz qaranlıqda qalardıq, deyərdilər yazdır, özünü günə verənlər artıbdır.
Yeri gəlib, bir müşahidəmi də yazım. Fikir vermisinizsə, adam eyni problemi, hətta faciəni də qışa nisbətən yazda daha yüngül qarşılayır. Elə bil Günəş dərdi də bir qədər əridir. Hər halda mən özüm bu cürəm, bəlkə hamının adından danışmaq doğru çıxmadı. Buludlu havanın sevincindənsə günəşli günün kədərini üstün bilirəm - yalan olmasın. Azərbaycanın, o cümlədən planetin başqa günəşli qurşaq ölkələrinin daim problemli olması bəlkə bu heliopolitik səbəblə bağlıdır: adamlar təbiətin işığından zövq alıb sosial qaranlığı, cəmiyyətin bataqlığını, zülmətini unudurlar. Əksinə, ilin çoxu buludlu, dumanlı, qaranlıq keçən şimal ölkələrində (Kanada, Norveç, İsveç, İslandiya, Britaniya və sairə) isə adamlar normal cəmiyyət qurmağa məcbur olublar. “Heç olmazsa bu tərəfdən yarıyaq, sosial aydınlığa çıxaq” məntiqi ilə.
Ancaq əlbəttə, bunlar hamısı nəzəriyyədir, Molla Nəsrəddinin sarımsaqla bal yemək məsləhətindəki kimi, əməliyyəsi bir qədər ağır da ola bilər. Bu baxımdan, heç kimə yazın gəlişi, səməninin uzunluğu, Kosanın saqqalı, “Keçəlin ala başı, Yağladım qoydum günə” tipli mövzularda məsləhət vermək istəmirəm. İnsan haqları konvensiyasına görə də hər kəsin yaza istədiyi yerdən girmək hüququ vardır. Bu, yaltaqlara, namərdlərə, satqınlara, alçaqlara, acgözlərə - uzun sözün qısası, ölkəmizin bütün fauna və florasına da aiddir. “Günəş hər kəsi qızdırır” - o qədim fikirdə deyilən kimi. Onun qəlbi o qədər böyükdür.
Sonda Neft Şirkətindən bir narazılığımı bildirmək istəyirəm. Rövnəq müəllim deyib ki, ARDNŞ dövlət büdcəsindən 1 milyard manat kredit götürəcək. Məqsədindən asılı olmayaraq qınayıram. Biz deyirik bunlar neft çıxarıb büdcəyə pul versin, bunlar artıq büdcəni sümürür. Bu saat mənim “Samsunq” şirkətinə soyuducu krediti borcum var, elə bil indi “Samsunq” gəlib məndən borc istəyir. Ta nə oldu? Rövnəq müəllimə istefa!
Zarafata yazdım, qorxmasın. Çoxlu şəkərbura ye, Rövnəq müəllim!
20.03.2015, 08:03
322 baxış
Zamin Hacı
“Apardı tula başı...”