Medianews.az
Gizli bahalaşma təşkilatı - GBT
216 baxış

Gizli bahalaşma təşkilatı - GBT

zamin yeni razFransanın ölkəmizdəki səfirliyi bir neçə fransız dili müəllimini seçib, uşaqlara yaxşı dərs keçdiklərinə görə onlara Fransanın Akademik Palma (Kavaler dərəcəsi) ordenini vermişdir. 
Mən yapistlərin yerinə olsam məzə üçün o müəllimləri tutub Kürdəxanıya salardım.
 Necə ki, bundan qabaq Fransanın yüksək orden verdiyi hüquq müdafiəçisi Leyla Yunusu həmin zindana salıblar. Nəticədə fransızlara, camaatımıza dərs olar. Bəs necə, bu xarabada orden-medal vermək hüququ ancaq hökumətimizdə olmalıdır. Sən dur qıraqdan gəl, hökumətin başı üstündən medal ver... Bunlar hamısı bizim daxili işlərimizə qarışmaqdır, təxribatdır, dövlətçiliyə ziddir, canım sənə desin, süni qiymət artımıdır.
Hələ sən medalın adına bax: Akademik Palma. Bununla firənglər işarət edirlər ki, sizin akademiklərinizi palma ağacında hoppanıb düşən meymun sayırıq. Verirsən çinar ordeni ver, qoz ağacı medalı düzəlt, cəhənnəmə, fındıq nişanı elə. Yoxsa palma... Bunlar da hamısı ekstremizm, fırıldaq, gizli qiymət artımı, Elman Rüstəmovun saçlarını yolmaq cəhdidir!
Elman demişkən, Elman Türkoğluna bir xoruz alıb verib təzədən Fransa səfirliyini hoydu-hoyduya götürməyin məqamıdır. Çoxdandır səfirlik yumurta sarısına bülənd olmur, hədlərini aşıblar. Yığışdırın özünüzü, Balıq Hafiz demişkən! (Görün nə koloritli tipajlarımız var, hər abzasa minimum üçünü basmaq olur, Parisdə bunlar yoxdur).
Fransanın inqilab eləməkdən özgə yolu qalmır, biz isə qayıdaq “öz qoyunlarımızın yanına”.
Yuxarıda işlətdiyim “süni qiymət artımı”, “gizli bahalaşma” ifadələri son günlər hökumətin dilindən düşmür. Bir az gülməli səslənir, necə yəni gizli qiymət artımı, lap hər şey açıqdır, bahalaşma gözə girir. Ancaq bu süni qiymət məsələsində mən hökumətlə tam razıyam. Çünki bəzi zəhmətkeşlərimiz doğrudan da Çindən süni qiymətlər alıb gətirirlər, halbuki öz ölkəmizdə, həmçinin xaricdə təbii qiymət artımları yetişdirilir. Camaata genetik modifikasiya olunmuş (GMO) qiymətlər təklif edilir. Ən yaxşısı öz təbii qiymətlərimizdir, qurban olum vətənimin təbii qiymətlərinə! (Bahalaşmadan sonra müəllifin başı bir az xarab olub, fikir verməyin - baş red.)
Hökumətyosunlu “İrəli” gənclər hərəkatı hazırda İsmayıllı rayonunda gənc jurnalistlərə “Əkinçi” adlı proyekt çərçivəsində dərs keçir. Kursu uğurla bitirən yazarları Basqal yolunun qırağında əkəcəklər. Bundan başqa, hotel yandırmağın üsulları, nazirin qardaşı oğlunu söyməyin metodikası, əhaliyə bibər qazı və başqa qazlar buraxıb boğmağın pedaqogikası öyrədiləcəkdir. Dedim xəbəriniz olsun, yoxsa gizli bahalaşma kimi bu da gizli qalar.
Məncə, bu gizli bahalaşma ilə dövlət səviyyəsində mübarizə tədbirlərini təkcə İqtisadiyyat Nazirliyinin belinə şəlləmək olmaz. Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi də prosesə cəlb edilməlidir. Yoxsa gedirsən bazara, görürsən dünən 1 manat 10 qəpiyə satılan kartof indi 1 manat 20 qəpikdir. Bunu mütləq gizli casuslar, mason təşkilatları, kosmosdan gələnlər edir.
Hələ sən “Banaqua”nı de! 20 qəpiklik su 25 qəpik olmuşdur! Amerikanın “Koka Kola” şirkəti gəlib Xırdalanda, Tağıyevin çəkdiyi su kəmərinin üstündə zavod qurur, öz suyumuzu bizə satır, üstəlik, əvvəlkindən 5 qəpik baha satır. Nə olub, “Bonaqua”nın bulağı quruyub? Ya suya vurulan qızıl-gümüş tərkibi bahalanıb? Bu gizli bahalaşmanı edən Obamadır. MTN problemi araşdırsa bəlkə son bahalaşmanı siyasi məhbus Əli İnsanovun törətdiyi aşkar ediləcəkdir.
Bu bahalaşmada, valyutamızın çezməsində yapistlərdən başqa hər kəs günahkardır. Gizli və süni şəkildə günahkarıq, ancaq hökumət bizi ifşa eləyir.

Bizə qoşulun