Latın Amerikasında Paraqvay adında bir dövlət var, bugünlərdə deputatxanamızın 4 üzvü, başda Asim Mollazadə yoldaş olmaqla, buraya səfər etmişdir. Orda Paraqvay kənd təsərrüfatı nazirini əvəz eləyənin köməkçisi, Paraqvay deputatxanası alt komissiyasının üst şöbə müdirinin müavini tipli vacib insanlarla dəhşətli görüşlər olmuş, Azərbaycan həqiqətləri hər yana yayılmışdır.
Ancaq bunlar əsas səbəb deyil. Jurnalist araşdırması apardım, ortaya çıxan dəqiq xəbərə görə, deputatlarımızı Paraqvayın adındakı “para” hissəsi cəlb edibmiş. Zənn ediblər Paraqvayda pul-para ağacda bitir, yığıb gətirəcəklər, bir neçə kisə də “putyovka”nın üstünü yazan Oqtay əkəyə çatacaqdır. Heyf, umsuq qayıdıblar.
Elə bu cür yarım qalan arzular üzündən deputatxana üzvlərindən həmişə yarımçıq fikirlər axır. Örnək üçün, Hadı Rəcəbli müəllimləri hambal işləməyə dəvət etmişdir. Sitat: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”. Təsəvvür edin, bu yekəqarın düşüncənin yiyəsi deputatxanada sosial siyasət komisyon dükanına başçılıq edir.
Dünyanın heç bir normal dövlətində müəllimə “pulun azdırsa, başqa işlə üstünü düzəlt” deməzlər, çünki müəllimin təkcə dərs zamanı elmlə məşğul olmadığını bilirlər. Sivil dünyada müəllimə o qədər çox pul verirlər ki, onun dərsdən sonra öz üzərində çalışmağa, oxumağa, yeni şeylər öyrənməyə vaxtı olsun. O cümlədən, müəllim dərsdən sonrakı vaxtını şagirdlərin yazı-pozusunu qiymətləndirməyə sərf edir, növbəti dərsi planlaşdırır və sairə. Əgər Hadı Rəcəblinin uzun illər yapizmə sədaqətlə, can-başla, hər cür formada xidməti sayəsində deputatlıqdan əlavə “Palıdlı” restoranı-filan açmağa imkanı varsa, müəllim yazıqda bu imkan yoxdur axı. Söhbət əlbəttə, namuslu müəllimlərdən gedir, yaltaq, cibgir, saxtakar, seçkilərdə tumanında bülleten daşıyan cinayətkar ünsürlərdən getmir.
Həkimlərin maaşı azdırsa, onlar taksi sürsünlər. Polisin pulu azdırsa, yol kəssinlər. Nazirlər əsas işdən sonra öz şadlıq saraylarında zurna çalsınlar. Hadı yoldaşın açıqladığı yeni yapist sosial siyasətin mahiyyəti budur. Afərin. Sükanı belə saxlayın. Yiyəsiz ölkədir də.
Söz düşmüşkən, Gəncədə ASAN-xidmətin işçiləri keçən həftə... teatr tamaşası göstəriblər. Asudə vaxtdan səmərəli istifadə budur. İşdə sənəd-mənəd qayırırlar, işdən sonra “Hamlet”i oynayırlar: “Ya pasport, ya şəxsiyyət vəsiqəsi, Budur əsas məsələ!” Hadı müəllim Gəncə “asançılarının” işinə baxıb sevinə bilər.
Amma “Hamlet”i zarafat üçün yazdım, əslində Gəncə ASAN-ı Əbdürrəhim bəy Haqverdiyevin... “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesini səhnələşdirmişdir! Halal olsun. Necə gözəl repertuar seçiblər, lap deputatlarımızın Paraqvay marşrutu kimi bir şeydir. Ümid edirəm növbəti dəfə Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” pyesini tamaşaya qoyarlar. Bahalaşma dövrünə bu daha uyğundur, çünki qaz əti daha keçmiş zamanda qaldı, indi eşşək dağlama mərhələsidir.
12.03.2015, 06:24
269 baxış
Zamin Hacı
Gəlmişdik kabab iyinə...