Medianews.az
Administrasiyadan sehrli təbəssüm
201 baxış

Administrasiyadan sehrli təbəssüm

zamin yeni raz
Bütün dünyada iqtisadi böhran şəraiti hökm sürür, İŞİD-in buldozerləri bir vaxt Rövnəq müəllimin buldozerləri Sulutəpəyə hücuma keçdiklərinə bənzər şəkildə Orta Doğunu düzləməkdədir, hətta amerikalıların Çuryumov-Gerasimenko kometinə endirdikləri, qaranlıq yerə düşüb Günəş panelləri çezən “Fila” qurğusu da Yerdən gedən siqnallara müsbət reaksiya vermir, ancaq bütün kainatda yeganə ümidverici, daim dəyişməkdə, yenilənməkdə olan müqəddəs məkan vardır: bizim Prezident Administrasiyası.
Orda həyat ilk okeandakı, o cümlədən qədim Tetis dənizindəki kimi qaynayır, yeni kadrlar ortaya çıxır, köhnələrin yeri dəyişilir, xalqımız sevinir, çəpik çalır. Gah hansısa şöbə müdiri yenilənir, gah sektor müdirlərinin yeri dəyişilir, gah prezidentə təzə köməkçi qoyulur və sairə və ilaxır.
Örnək üçün, 4-5 gün qabaq ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsinə Cəmaləddin Quliyev qoyulmuşdur. Mən sayıram ki, (Rəsul Quliyev demişkən) bu təyinat ölkəmizdə KİV-lərin inkişafına böyük təkan verəcəkdir. Nə üçün? Çünki Cəmaləddin müəllimin təyinatı haqda xəbərin yanında onun fotosu da qoyulmuşdu və inanılmaz idi: Cəmaləddin müəllim həmin fotoda gülürdü! Təsəvvür edirsinizmi? Dünya yaranandan bəri bizim müqəddəs Prezident Administrasiyası tarixində üzügülər şəkil çəkdirən ilk kadr olaraq Cəmaləddin müəllim bəlkə də Ginnesin rekordlar kitabına düşmüşdür. Əgər düşməyibsə, yüz faiz alçaq erməni lobbisinin əməlidir, lazım gəlsə biz bu yolda mübarizəyə başlayaraq, öz sektor müdirimizə hər cür dəstəyi verməyə hazırıq (Elə bu yazını da PA İSM MİO şefinə dəstək yazısı kimi təqdim edirəm. İlkin büdcə 50 manat. Aşağı yeri yoxdur).
Başqa yolumuz da yoxdur, çünki ilk gülən adam olaraq Cəmaləddin müəllim bizə böyük ümidlər verir. O mənada yox ki, bundan sonra Azərbaycan mediasının durumu daha da gülməli olacaqdır. Yox. Qətiyyən yox. Heç indi də gülməli yox, ağlamalı gündəyik. Ancaq müdirimizin gülüşü gələcəyə inamla baxmağa, biz yazarların tezliklə güləcəyinə əsas yaradır. Buna görə Zəngilan və Kürdəmir zəhmətkeşləri adından dərin minnətdarlığımı bildirirəm. (Növbə onların idi, başqa mənası yoxdur).
İndi də keçək xalqın qarnını doyuracaq, üzünü güldürəcək xəbərlərə. İqtisadçı ekspertlər deyir ki, bizim gömrük sistemində oğrular əyləşib, o üzdən bahaçılıqdır. Misal üçün, Rusiyadan gətirilən kartofun kilosunu gömrükdə 4 qəpikdən sənədləşdirirlər, nəticədə dövlət büdcəsinə qoz qabığı da getmir, ancaq sonradan bu kartof Nəsimi bazarında 1 manata satılır.
Mənim bu kartof probleminə münasibət bildirməyə həvəsim yoxdur, üstəlik, adımız-sanımız var, qabaqdan Avropa oyunları gəlir, bizə yaraşmaz xırdaçılıq eləmək. Ən düzgünü odur ki, hörmətli oxuculardan Vasif Həsənovun məktubunu oxuyaq. Bəy çox geopolitik bir məktub yazmışdır, ümid edirəm Barak Obama da oxuyar, həyatı başa düşər:
“Hörmətli Zamin bəy, qoyun bərəkətli heyvandır, biz onun məhsullarından maksimum dərəcədə yararlanırıq. Ətindən, südündən, dərisindən, hətta qığından (gübrə kimi) fayda götürürük. ”Qoyun" sözünün özü belə dərin hikmət, müdriklik mücəssəməsidir. Sözün əvvəlindən hər hərfi ardıcıllıqla götürdükdə mükəmməl  söz oyununun şahidi oluruq: qoyun, oyun, yun, un. Hətta sonuncu n hərfi də söz kimi istifadə olunur: N saylı hərbi hissə. Tariximizdə qoyun adlı dövlətlərimiz olub: Ağqoyunlu, Qaraqoyunlu. Amma biz, cəmiyyətimiz bu sülhsevər, sakit, olduqca mədəni heyvana çox nankor münasibət bəsləyirik. İnsanlar bir-birinə müraciətdə “qoyun” sözünü təhqir anlamında yararlanır. Başqa millətlərdə Koyun, Baranov, Baranin kimi soyadlar var, bizdə isə Qoyunov (li, zadə, soy) soyadı yoxdur. Qısası, bu müdrik heyvan haqda nə qədər danışsan azdır. AMEA-nın alimləri bekarçılıqdan domino, nərd oynamaqdansa bu mövzuda cild-cild əsərlər yaza bilərlər. Hətta Nobel ödülü almaq mümkündür. Hökumətimizin də məhz qoyun ilində manatın dəyərini endirməyi çox mətləblərdən xəbər verir. İşlərinizdə uğurlar arzu edirəm".

Bizə qoşulun