Medianews.az
Doqquz mart düşüncələri
233 baxış

Doqquz mart düşüncələri

zamin yeni razQız uşaqlarını UZİ-nin köməyi ilə məhv edən, bu qurğu çıxmazdan öncəkilərə isə Qızbəs, Kifayət, Bəsti, Yetər, Tamam, Qızyetər... adları qoyan saxtakar cəmiyyətimiz daha bir 8 martı yola verdi. Bu il bu gülünc, saxta bayram bazar gününə düşdüyündən qəribə bir vəziyyət yaranmışdı - adamlar bayramı üç gün qabaqcadan qeyd eləməyə başlamışdılar. Çünki bayram günü zor-xoş hədiyyə töycüsü yığanların çoxu büdcə təşkilatlarında işləyən müəllimlər, həkimlər-filandır, bazar günü onlar iş yerlərində olmayacaqları üçün bir neçə gün qabaqcadan özlərinə əl qatmışdılar. Azərbaycanda cəmi iki nazirlik statuslu dövlət komitəsinin şefi qadındır. Rayon icra başçıları arasında qadın demək olar yoxdur, hər halda mən birini də yadıma sala bilmədim. Bir ara icra hakimlərinə qadın müavin qoyulması yönündə yapistlərin karikatur kampaniyası başlamışdı, o da deyəsən yarımçıq qaldı. Deputatlar arasında da qadınlar çox azdır, hərçənd onların bəziləri aqressivlikdə, qeyri-humanizmdə kişi deputatxana üzvlərini tozanaqda buraxdıqlarından adam “elə az olsalar yaxşıdır” fikirləşir. Əhalinin yarıdan çoxu qadındır, ancaq bu yarıdan çox qadın respublikada demək olar gözə dəymir. Onlar sözün hər anlamında passivdirlər. İctimai həyat cəhənnəmə, öz haqlarını qorumaq sahəsində də bu qadınlar yox kimidir. Azərbaycan bu mənada paralic olmuş canlıya oxşayır. Bəs azərbaycanlı kişilər niyə bu 8 martlarda özlərinə əl qatırlar? Sadə səbəbdən: ikiüzlülük edirlər. Öz saxtakarlıqlarını ört-basdır eləməyə çalışırlar. Azərbaycanlı kişi üçün azərbaycanlı qadın Yeni il bayramında bəzədiyi kauçuk yolkadan fərqlənmir. Qısa müddətə ətrafından şax-şax oyuncaqlar, konfet kağızları, “mişkalar”, yanıb-sönən işıqlar asır, uşaqları bu ana-qadın-sevgili yolkanın böyür başına toplayır, birlikdə hoppanırlar, əylənirlər, sonra da yığışdırıb çardağa atırlar. Azərbaycan qadını başa düşməlidir ki, bu 8 mart tipli bayramlar əslində onlara təhqirdir, qadına asılı, kölə baxan cəmiyyətlərin atavizmidir, eybəcər qalığıdır. O üzdən bunu dövlət səviyyəsində qeyd eləyən ölkələrin siyahısına baxmaq yetərlidir: Rusiya, Şimali Koreya, Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, Zambiya, Kamboca, Madaqaskar, Laos və sairə. Hamısı illərdir qadınlara guya bayram keçirdir, amma hamısında qadınlar da kişilər kimi zülm çəkir. Əksinə, qadınların cəmiyyətdə başqa cinslərlə eyni hüquq daşıdığı sivil dövlətlərin heç biri bu kommunist törəməsi saxta bayramı qeyd eləmir. Bir maraqlı tarixi detal var: 8 mart Beynəlxalq Qadınlar Günü ideyasının almaniyalı kommunist qadın Klara Setkinə məxsus olduğu deyilir. Elə ilk bayramı da keçən əsrin əvvəlində Almaniyada keçiriblər. Amma bu günün Almaniyasında 8 mart yada düşmür. Çünki alman qadını sərbəst şəkildə ölkənin baş naziri ola bilir! O cümlədən, insan yaşayışı normalarına görə dünyanın cənnəti sayılan Skandinaviya ölkələrində 8 mart qeyd edilmir, qadınlar isə kişilərlə eyni hüquqları, vəzifələri daşıyırlar. Çünki saxtakar deyillər, üzdə, ortalıqda bir cür, arxada başqa cür hərəkət eləmirlər. Əlbəttə, azadlıq hədiyyəsini də qadınlara kimsə verməyəcək, hər kəs azadlığını həm də özü almalıdır, bunun uğrunda hər gün savaşmalıdır. Əgər səni xüsusi ayırıb şkafın gözünə bər-bəzəkli şəkildə qoyurlarsa, bundan şübhələnmək lazımdır, çünki ayırıcılıq həmişə təcrid olunmağa, bir gün isə yerə salınıb sındırılmağa aparır. Azərbaycan qadınlarının əsasən infantil - uşaq beyinli olmasının bir əlaməti də hər il 8 martda ortaya çıxan “Mənə filan şey alma, əzizim, filan zadı al” tipli söhbətlərdir. Asılılıq, qul təfəkkürüdür həm də. Hətta guya oxumuş, qabaqda gedən qadınlar sosial şəbəkədə kollaj yaymışdılar, sevgililərindən kitab istəyirdilər. Anlamırlar ki, hətta sevgiliyə də hədiyyəni sifariş eləmək kobud desəm, mədəniyyətsizlikdir. Bəlkə heç onun sənə kitab almağa da pulu yoxdur? Bəlkə o sənə bir qırıq düymə bağışlayacaq? Götürməyəcəksən? Elə bil kişilər Şaxta Babadır, bacadan girib hədiyyə gətirməlidir. Bunlar da həmin müddətdə fısıldaya-fısıldaya yatmalıdır.

Bizə qoşulun