Medianews.az
Məscidin işığı elə bil azalıb
214 baxış

Məscidin işığı elə bil azalıb

zamin yeni razDeyir Gömrük Komitəsi tacirləri yığıb idarəyə, bundan sonra onlarla centlmen kimi davranacaqlarını söyləyib. Tacirlər də minnətdarlıq eləyiblər. 
Ancaq bundan da maraqlı xəbər var. Binəqədinin icra başçısı Xaləddin müəllim Ziya Bünyadov prospektinin qırağında ota bürünmüş çardaqlar, o çardaqların da altında ağappaq skameykalar qoydurmuşdu. 4 tərəfli, sürətli yolun az qala içinə qoyulan bu obyektlərin təyinatı zəhmətkeşlərimizi çox düşündürürdü. Biri deyirdi ola bilsin Xaləddin müəllim həmin ot kamuflyajlı çardaqlarda snayperlər yetişdirəcək, cəbhə xəttinə yola salacaq. Başqası deyirdi yolda tıxac olanda toy maşınlarındakı bəy və gəlin düşüb o çardaq-gərdəklərdə dincələcəklər, ağ skameyka da ondan ötəridir.
Biz hər bir versiyaya inanmağa məcbur idik. Misal üçün, srağagün çərşənbə bayramı münasibətilə BDU-nun həyətində elm tonqalı qalanmışdı, kösövləri odun içinə şəxsən rektor Abel müəllim itələyirdi. Mən şəklinə baxdım, elə xoş mənzərə idi, adam heyran qalırdı, istər-istəməz başa düşürdün ki, bu tonqaldan hoppanan gənclər sabah həyatın istənilən nöqtəsinə uğurla hoppanacaqdır. Bax, həmin fotoda bir məqam diqqətimi çəkdi: tonqalı universitetin həyətində qaladıqları üçün (taxtaları auditoriyalardan söküb gətirmişdilər, ya da “Sovetski”-dən, çünki mıxları üstündə idi, bir taxtanın üstündə isə sulu boya ilə yazılan “Yaxşı kənd qatığı var” elanı aydın görünürdü) yerə döşənmiş metlax təbəqəsi istilikdən ziyan çəkməsin deyə ağacların altına bir qat qum təbəqəsi səpilmişdi! Heyrətamiz idi. Gör BDU-da gənclərimizə hansı elmlər öyrədilir. Halbuki, mən eşitdiyimə görə APİ-də tonqalı birbaşa metlaxın üstündə qalamışdırlar. Kim bilir, bəlkə də Cordano Brunonu elə APİ-Lenin-in müəllimləri yandırıblar.
Qayıdaq çardağımıza. Qeyd etdiyim kimi, mən o çardaqların yolun içində qoyulmasını tənqid elədim, sonra manat devalvasiyaya uğradı, ordan keçəndə gördüm skameykalar yoxdur. Ya icra başçısı götürüb, ya da kimsə oğurlamışdır. Hər halda, indi ancaq çardaq qalır. Bəs niyə qalır? Fikrimcə, Xaləddin müəllim Ziya Bünyadov prospektinin böyürlərində antikrizis tədbirləri olaraq qarpız-yemiş bostanları salmaq fikrindədir, o çardaqlarda da bostan qoruqçuları müvəqqəti məskunlaşacaqdır. Mən jurnalist vəzifəmi yerinə yetirdim, yayda kimisə qarpız oğurlayanda tutsalar özündən küssün.
Ta mövzu düşüb, icra başçısından bir xahişim də var. Biləcəri Dəmiryolçuların İstirahət Parkında çox biabırçı qiymət artımına yol verilmişdir, primitiv uşaq yelləncəyinin 10 dəqiqəsi 40 qəpiyə qaldırılıbdır. Necə ola bilər ki, sən alman mühəndisin qayırdığı avtobusa minib 20 qəpiyə “Neftçilər”dən Beynəlxalq Avtovağzala qədər 30 kilometr gəlirsən, ancaq
 Məmmədağanın iki əyri dəmir və 3-4 sınıq taxtadan qayırdığı yelləncəyi Biləcəridə 40 qəpiyə uca millətimizə sırıyırlar? Vallah, bu yaxında bir qadın 5 uşaqla ordan keçirdi, hesabladı ki, tək yelləncəyə 2 manat verməlidir, uşaqlar ağlaşa-ağlaşa qaldı. Mənim də ürəyim qana döndü. Ümid edirəm Xaləddin
 müəllim bu biabırçılığa son qoyacaqdır. Hər halda Ağdərəni geri almağı istəmirik.
Yox, əgər hörmətli Xaləddin müəllim cavab məktubu yazıb yelləncəyin ikiqat bahalaşmasını dolların kursu ilə izah etsə mən bunu qəbul edərəm. Ayrı yolumuz da yoxdur. Təki vətən yaşasın. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Yaxşı yadıma düşdü, bildiyiniz kimi Cənubi Qafqazın ən böyük məscidi - “Heydər məscidi” də Binəqədi ərazisində yerləşir. Onun minarələri o qədər uzundur ki, edilən dualar birbaşa göyün yeddinci qatındakı mələklərin qəbul otağına çatır. Məscidin mükəmməl projektorları da vardır, işığı göydə Marsa, yerdə isə Şuşadakı İsa bulağına qədər çatırdı. Keçmiş zamanda ona görə yazdım ki, krizisdən bəri elə bil məscidin işığına qənaət edirlər. Kürdəmirdən əhali redaksiyamıza şikayət yazıb, deyirlər neçə gündür məscidin işığı evimizə düşmür, uşaqlar dərslərini oxuya bilmir.
İndi söz əlaqədar təşkilatlarındır.

Bizə qoşulun