Medianews.az
Bir lampalıq neft
429 baxış

Bir lampalıq neft

images_xalid bey s
Dünya bazarında neftin qiymətinin ucuzlaşması nefti olmayan ölkələrin əhalisini sevindirir. Bu təbiidir. Ona görə ki, onlar hər gün istifadə etdikləri yanacağın gündən-günə bahalaşmasından qurtulurlar, dövlət büdcəsi bir tərəfə dursun, ailə büdcələri ziyana düşmür.
Uzağa getməyək, Yaponiya, Çin, Çili, Madaqaskarla işimiz yoxdur. Öz regionumuzdakı 6 dövlətə baxaq. Bunlar Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkiyə və Ermənistandır.
İlk üç dövlət neft hasil edən ölkədir və təbii olaraq neftin ucuzlaşmasından hər gün milyonlarla dollar ziyan görürlər.
Yerdə qalan üç dövlət isə nefti, yanacağı idxal edən ölkələrdir və neftin ucuzlaşması onlara sərf edir, bir neçə ay öncə ilə müqayisədə yanacağı yarı qiymətdən də ucuza alırlar.
Ona görə də hazırda nefti ucuz alan ölkələrin əhalisi beynəlxalq birjalardakı durumdan məmnundurlar. Bu ölkələrdə əhaliyə satılan yanacağın qiyməti enib və onlar istəyirlər ki, uzun müddət bu cür davam etsin.
Eyni zamanda Rusiya və İran əhalisi durumdan olduqca pərişandırlar. Dünya bazarında neftin ucuzlaşması onları az qala qırx arşın quyunun dibinə salıb.
Bu ölkələrdə insanların maddi durumu pisləşib, biznes layihələri dondurulub, ölkəyə axan neft milyonlarının (hətta milyardları) azalması dövlət büdcəsində kəsir, sıxıntı yaradıb və bu ölkələrin tərəqqisi tormozlanıb.
Bu üzdən İran və Rusiya əhalisi neftin ucuzlaşmasından narazıdırlar və qiymətləri süni şəkildə azaldan “imperialist qüvvələr”i yamanlayırlar.
Gördüyünüz kimi, bu altı dövlətin içində Azərbaycan müstəsna bir yerdədir. Əksər məsələlərdə olduğu kimi, neftin qiymətinin düşməsinə münasibətdə də biz haçalı mövqedəyik - yarı elə, yarı belə.
Əhalinin bir hissəsi əsas milli sərvətimizin dünyaya su qiymətinə satılmasından pəjmürdə olduğu halda, bir hissəsi də dövlət büdcəmizin 65 faizini təşkil edən gəlirləri verən neftin ucuzlaşmasından məmnundur.
Hətta bu məmnunluq peşəkar və sosial mediadakı qeydlərdə də öz əksini tapır. Dildə-ağızda isə ən təmkinli şərh bu cürdür: “Cəhənnəmə ucuzlaşsın. O neftin nə xeyrini gördük ki, ziyanı da bizi narahat eləsin. Neftdən gələn milyardları basıb yeyənlər narahat olsun”.
Bəli, əhali kütləvi şəkildə əmindir ki, “neftdən gələn milyonlardan” ona bir qəpik də çatmayıb və neftin ucuzlaşmasına görə “milyardları basıb-yeyənlər” narahat olmalıdır.
Bu fikirlərdə müəyyən həqiqət olduğu qədər də yanlış qənaətlər var.
Birincisi, ölkədə gedən tikinti-quruculuq işlərinin əsas səbəbi məhz neftdən gələn böyük pullardır. Yoxsa son 10 ildə Bakıda bu qədər yol ötürücüsü, körpülər, tunellər, metro stansiyaları, keçidlər, möhtəşəm tikililər inşa oluna bilməzdi.
Heç kəs “tikilməsəydi” də deməsin. Bakının bu tikililərə böyük ehtiyacı vardı. Bunsuz olmazdı. Artıq şəhərdə xaos yaranmışdı və bizi, əslində, neftin dünya bazarında birdən-birə, gözlənilmədən, həm çox iti templə, həm də rekord səviyyədə bahalaşması xilas etdi.
Neft və ondan gələn milyardlar olmasaydı, ölkəni idarə edən məmur təbəqəsinin bəlli tamahkarlığı və səriştəsizliyi sayəsində ölkəmiz çöllərə daraşıb yeməyə böcək toplayan Zimbabve əhalisinin gününə düşərdi.
İndinin özündə neftin ucuzlaşması hələ ölkə əhalisinin rifahına öz mənfi təsirini göstərməyib, amma göstərməyə başlayanda çox pis olacaq.
Sanmayın ki, gününə 10 min, 100 min, 1 milyon qazanan şəxslər gəlirlərinin ikiqat azalmasından çox sıxıntı çəkəcəklər. Çəkməyəcəklər. Onların kifayət qədər ehtiyatları da var, itirdiklərinin yerini doldurmaq üçün əllərində inzibati rıçaqlar da var.
Nə zərbə dəysə, orta təbəqəyə, bir də gündə 10-20 manat qazanan kasıb təbəqəyə dəyəcək. Məhz onların ailə büdcəsi sıxıntıya məruz qalacaq, dolanışıqları çətinləşəcək, övladlarına lazımi səviyyədə təhsil verə bilməyəcəklər və s.
Bu baxımdan neftin hazırkı qiymətinə görə gürcülərə, ermənilərə qoşulub sevinənləri anlamaq çətindir. Neftin tonları, barelləri bizə çatmasa da, hər halda, hər kəsə bir lampalıq çatır. Onun qədrini bilək.

Bizə qoşulun