Medianews.az
Dudu
721 baxış

Dudu

ilqar resul kose 1   Səhər Qara qaya deyilən istiqamətdə qətliamdan xilas olmaq üçün Ağdama tərəf gələn xocalıları xilas edərkən qonşumuz Dudu həlak oldu. Günorta Dudunun bacısı Leylanın naləsi bütün məhəlləni başına götürmüşdü. Dudunun əsil adı yadımda deyil. Çünki biz balaca idik o şəhərimizi tərk edib gedəndə... Dudu sovet sisteminin, partiyanın və cəmiyyətinin qəbul etmədiyi vətəndaşlardan idi. Dəli-dolu, ürəkli, kimsədən qorxub çəkinməyən və öz istədiyi kimi yaşayan cavan bir oğlan. Balaca vaxtı gözü həmişə bizim üzərimizdə olardı. Kimsə xətrimizə dəyə bilməzdi. Qardaşımla məni tez-tez velosipedində gəzdirərdi. Dükanın qabağı deyilən yerdə dava düşəndə təkbaşına iki-üç nəfərin öhdəsindən gələrdi. Tez-tez milisə düşərdi... Sonralar deyirdilər Dudu Rusiyanın hansısa şəhərində (Rostov, ya başqa şəhər, indi unutmuşam) "avtoritet"dir. O tərəflərə satmağa meyvə aparanlar həmişə Dududan razılıq edərdilər. Deyilənə görə, Azərbaycandan kim onun olduğu şəhərə mal aparsa, bazarda ona yer ayırtdırıb rahat alver etməsi üçün hər cür şərait yaradarmış. Özü də təmənnasız... Xocalı işğal olunmazdan bir neçə gün əvvəl gəlibmiş Ağdama. Fevralın 26-da səhər hadisədən xəbər tutanda o da sağ qalanları xilas etmək üçün gedib. İnsanların gülləbaran edildiyi yerdə kiminsə yaralı olduğunu görüb. Yanındakılar nə qədər mane olmağa çalışsalar - getmə, səni də vuracaqlar - desələr də Dudu özünü saxlaya bilməyib. Güllənin altına girərək yaralıya yaxınlaşıb. Onu qolları üzərinə qaldırıb təhlükəsiz yerə gətirərkən ermənilər Dudunu arxadan vurublar... Leylanın səsi hava qaralanadək məhəlləni başına götürmüşdü. Gecəyarısı çığırmaqdan səsi batdı. O səs indi də qulağımdadı: “Ay qardaş, səni ora kim göndərdi?!” Amma Dudunu ora heç kim göndərməmişdi. O özü getmişdi. Necə ki, həmin gün ora gedib şəhid olan digər azərbaycanlılar kimi...

Bizə qoşulun