Medianews.az
 Balıqçı arvadı haqda nağıl
615 baxış

Balıqçı arvadı haqda nağıl

“Azərenerji”nin şefi, dəvə saxlamaq və bayraq dirəyi qayırmaqdan başı açılanda elektrik təsərrüfatı ilə də məşğul olan Etibar Pirverdiyev deyib ki, elektrik enerjisinin qiymətini qaldırmaq haqda düşünmürlər. Belə bir təklif yox imiş. Guya.

Məncə, camaat bu adama inanmasa yaxşıdır və qiymət artımına etiraz üçün 15 dekabr, günorta saat 2-də Milli Şuranın Bakının “Məhsul” stadionunda təşkil elədiyi mitinqə getməliyik. Çünki respublikada hər şey bir-biriylə zəncirvari əlaqəlidir, əgər benzin və başqa yanacaqların qiyməti qalxıbsa, çox tezliklə elektrikin də qiyməti qalxacaq, buna şübhəniz olmasın. Ən azı ona görə ki, bizim bir çox elektrik stansiyaları qazla işləyir, qazın bu cür obyektlərə satış qiymətini isə qaldırıblar. 

Qiymət artımının guya hansısa təklif əsasında olması isə anekdotdan başqa bir şey deyil. Azərbaycanda mal və məhsulların qiymətləri heç bir iqtisadi əsaslara, bazarın tələb və təkliflərinə söykənmir. Gömrükdə, vergidə yığılan rüşvətlər, hüquq-mühafizə orqanlarına, icra hakimiyyətinə ödənilən qanunsuz pullar, hakimiyyətdəki bir qrup şəxsin əlində cəmləşmiş bazar - bizdə qiymətləri qaldıran budur. O səbəbdən Gürcüstanda 5 manata olan bir şey sərhədi keçən kimi bizdə 15 manat olur. 

Bunlar, əlbəttə, məsələnin ciddi tərəfləridir və hörmətli oxucularımı məyus edərək daha belə cəfəngiyat şeylər yazmaq istəmirəm. Azərbaycan haqda, Azərbaycanda baş verənlər haqda ciddi şeylər düşünənlərin ağlına şübhəm var. Bu, çox qeyri-ciddi, mənasız proseslərin hökm sürdüyü yerdir. 

Misal üçün, elə o benzinin qiymətini qaldıran Tarif Şurasına nəzər salaq. Son qiymət artımı zamanı qəzetlər şuranın tərkibini çap eləmişdilər, guya xalq dostu-düşməni kimdir, onları tanısın məntiqiylə. İqtisadi inkişaf nazirinin rəhbərlik elədiyi həmin 12 nəfərlik “apostollar məclisinin” çox ekzotik üzvləri var idi. Birini burda yazım:  Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov. 

İndi bir oğul lazımdır getsin yapışsın bu adından dövlətçiliyə sədaqət fışqıran Dövlətxan müəllimin yaxasından, soruşsun ki, ay müəllim, bax bu benzinin qiymətini qaldırmaq sənin nəyinə lazım idi? Sən hardan bunun iqtisadi tərəflərini müəyyən eləyən oldun? Sən get binalara alkopon üzlük yapışdırmaq, yeraltı keçidlərə mərmər düzüb camaatı sürüşdürmək işlərinə bax da bə! Bəlkə Rövnəq Abdullayev benzin işini buraxıb arxitektura ilə məşğuldur, sən də onun acığına benzinə barmaq eləyirsən - ta bunu deyə bilmərəm. Bu haqda əlavə məlumatımız yoxdur, adamın üstündə Allahı olar. 

Yaxud Tarif Şurasının başqa bir üzvü ədliyyə nazirinin müavini Toğrul Musayev adında yoldaşdır. Toğrul müəllim, benzinin qiymətini qaldırdın, bu ədalətli deyil axı. Jurnalist Pərviz Həşimliyə MTN zindanında niyə işgəncə verirsiniz? Belə ədliyyə olmaz. Yəqin ölkəmizdə ədalət də benzinlə işləyir. Bakını doldurmasan getmir. Gərək düşüb dalından basasan. Dünən “20 Yanvar” metrosunun üstündə təkəri deşilmiş bir ədalət gördüm. Sumqayıta, radikal dindarların atışmasına baxmağa gedirmiş. Yaxşı olar, inşallah. Nə qalıb ki? Uzağı gələn il çox idarənin ayağı göydə olacaqdır, neft gəlirləri azaldıqca hamının əsl sifəti ortaya çıxacaqdır. 

O zaman Tarif Şurasına təkliflər verməyin əsl zamanı gələcəkdir. Hər kəs təklif verəcək. Mobil telefon şirkətinin 15 il qabaqkı məşhur reklamındakı kimi: “İndi hamı danışacaq. Hüdudları aşacaqsınız”. Heç “axı necə?” soruşan da olmayacaq.

Çünki hüdudları aşanların quyruğu da ələ gəlməyəcək və yırtıq təknənin böyründə oturan balıqçı arvadı haqda nağılı qəfildən xatırlayacağıq. Yadınıza gəlirmi? O əri qızıl balıq tutan arvad vardı ha, onu deyirəm... 

Düzdür, sonluq bir qədər kədərli oldu, ancaq başqa sonluğum yox idi, üzürlü sayın.

Bizə qoşulun