Medianews.az
 Bu da Avropa dövləti olmağın faydası
504 baxış

Bu da Avropa dövləti olmağın faydası

Çoxlu düşük-düşük seriallar istehsal etdiyinə baxmayın, Venesuela neft ölkəsidir. Ölkənin rəhbərləri qırmızı geyinib, kommunistlik  edirlər, amma Venesuelanın başlıca məziyyəti odur ki, benzinin qiyməti 3 sentdir - bizim pulla 2 qəpik. Yəni bu gün venesuelalı  Pedro 1 dollar verir, avtomobilinin çənini ləbələb doldurur, xırdasını alır və Konçitanı da yanına alıb gedir işinə-gücünə.

Amma o baxımdan Türkmənistan bir az fərqlidir. Qardaş türkmən xalqı da nəhəng neft, qaz, eləcə də qoyun yataqlarına malik olduğuna  görə burada da benzinin qiyməti təxminən 2 qəpikdir. Yəni maşını olan istənilən Rövnəqqulu Aldıqaçdıyev 40 qəpik verərək öz “Niva”  markalı avtomobilinin çənini doldura, Ağcaqum çölündə düz də gedə bilər, köndələn də. 

Səudiyyə Ərəbistanı son vaxtlar benzinin qiymətini hardasa 1 sent bahalaşdırıb, 16 sentə çatdırıb. Ancaq yenə də bu ölkənin orta  statistik vətəndaşı olan Əbu Müslüm ibn Makfuz əl-Məcid 10 dollar verərək öz cipinin çənini ağız-buğuz doldura və Böyük Səhranın  dilbər guşələrində səyahətə çıxa bilər.

Heç bir yerli adamın qara işdə işləmədiyi, yenicə doğulan uşaqların adına içi dolu bank hesabı açıldığı Küveytdə benzinin qiyməti o  birilərə nisbətən xeyli bahadır - 23 sent. Amma dəxli yoxdur, bu ölkənin vətəndaşı ay ərzində öz maaşının 2-3 faizini benzinə verib  ölkəsində sərbəstcə dolaşa bilər. Onsuz da Küveyt balaca ölkədir. Bir çən benzinlə 3-4 dəfə Astarasından Ağstafasına (məsələn)  gedib-gələ bilərsən.   

Hamımızın Dubay kimi tanıdığımız, ancaq yalnız 5 vilayətindən birinin adı Dubay olan Birləşmiş Ərəb Əmirliklərində benzinin bir  litrinin qiyməti bahaymış - 46 sent. Araşdırsaq, məlum olacaq ki, bu ölkədə benzin ona görə bahadır ki, orda əcnəbi iş adamları  çoxdur, hamısı da çox yanacaq işlədən ciplər sürür, yerli hökumət də deyir, maşallah, bunlarda ki bu qədər para var, benzini baha  da ala bilərlər, inşallah.

İnşallah demişkən, İran da neft ölkəsi olduğu üçün benzini camaata baha satmağa arlanır, hələlik 38 sentdən verir. Hələ bu ölkə  Qərbin sanksiyalarına məruz qalmamış olsa, yəqin ki, yanacaq daha ucuz olardı. Amma nə etsinlər, uranı zənginləşdirməyə bir ətək  pul lazımdır. Ona görə də İran adlanan dövlət yanacağı çox ucuz sata bilmir. 

Bununla belə, ABŞ adlanan dövlətin İraqı yaman günə qoymasından, öz standartlarını bu ölkəyə gətirməsindən sonra İraqda benzinin  qiyməti təxminən Arkanzasın standartlarına uyğundur - 75 sent. 

ABŞ özü neft ölkəsi olsa da, benzini ucuz satmır. Burada benzinin litri 1 dollar civarındadır. Ancaq ayda ortalama 2-3 min dollar  para qazanan Con üçün bunun elə bir fərqi yoxdur, onsuz da o, azlitrajlı “Toyota” sürür və bir ştatdan o biri ştata səyahət edəndə  25-30 dollar xərcə düşməyi vecinə almır. Düzdür, bu ölkədə çox benzin yandıran avtomobillər sürənlər də var, amma onlar əsasən  afro-amerikalı mayklar, cessikalardır və onlar ştatdan-ştata getmək üçün 150 dollar xərcləyəndə qanlarını qaraltmırlar.

Nəhayət, gələk öz ölkəmizə. Dünyadakı neft ölkələrinin içində ən baha benzin artıq bizdədir. Tarif Şuramız (o.a.s. - yəni onları  Allah saxlasın) benzinin 1 litrinin qiymətini 1 dollar 2 sentə çatdırıb. 

Deyirlər, Avropada belədir. Həə, axı biz Avropa dövlətiyik. Yadınızdan çıxmışdı? Seçki keçirəndə Avropa dövləti olmaq yada düşmür,  insan haqları məsələsində Avropa standartları xatırlanmır, ailə saxlamaq, uşaq böyütmək, təhsil, səhiyyə xüsusunda Avropa dəyərləri  yaxın buraxılmır, amma işə bax, benzinin qiymətinə gələndə oluruq İsveçin, İtaliyanın, Belçikanın, Norveçin tayı. Niyə? Çünki  dünyada ən baha benzin bu ölkələrdə satılır. 

Kimsə mütləq deyəcək ki, baxın, Norveç də neft ölkəsidir, amma benzinin qiyməti 2 avrodur. Düzdür, elədir. Amma norveçli insanlar  100 il bundan sonra da neft pullarının toplandığı fonddan para götürüb xərcləyəcəklər. Üstəlik, Norveçdə adicə tələbənin aldığı  təqaüd bizim məmurların maaşı qədərdir. 

Xüləs, deməklə düzələn deyil. Ekspertlərin sözü olmasın, bu, hələ başlanğıcdır. İndi ölkədə elə bir “qaldırhaqaldır” başlayacaq ki,  hökumət kərəvəngə qalacaq, “inflyasiya təkrəqəmli olub” deyə yalan danışanların boğazının hülqumu neft buruğunun nasosu kimi qalxıb  enəcək.

 

Bizə qoşulun