Medianews.az
İli 54 min manata orta məktəb olar? -
200 baxış

İli 54 min manata orta məktəb olar? - Şəffaf gəlirlə bu xərci ödəyə bilən neçə ailə var?..

Təhsil gələcək həyatımızın təməlidir desək, doğru olar. Keyfiyyətli təhsil üçün isə yaxşı bir məktəb seçmək lazımdır. Azərbaycanda təhsil almaq üçün kifayət qədər dövlət və özəl məktəblər var. Dövlət məktəblərində təhsil pulsuzdur.

Ödənişli təhsil verən lisey və məktəblərdə isə qiymətlər məktəbdəki tədris dilinə, məktəbin yerləşdiyi ünvana, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə fərqlənir. Ancaq özəl məktəblərdə təhsil haqqı hər kəsin, hər ailənin büdcəsinə görə deyil. Belə ki, özəl məktəblərdə təhsil haqqı 2,500 - 54900 AZN arasında dəyişir. Özəl məktəblərdə təhsil haqqının yüksək olması ictimaiyyəti narahat edir. Elə ailə var ki, 2-3 uşağı liseydə təhsil alır. Bu isə o deməkdir ki, həmin ailə il ərzində 10000 və ya 100000 ödəniş edir. Bu isə həmin ailələrin gəlirinin şəffaf olmamasından xəbər verir.

“Özəl məktəblər yalnız varlılar üçündür, çünki bu məktəbləri yaradan sahibkarlar kommersiya məqsədilə bu addımı atıblar”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda özəl məktəblərin qiyməti çox bahadır. Xarici ölkələrlə belə qiymət müqayisə oluna bilməz: “Özəl məktəblər qiymətin baha olmasını onunla əsaslandırırlar ki, müəllimlərin maaşı yüksəkdir, dərslikləri xaricdən alırlar və s. Araşdırsaq görərik ki, həmin təhsil müəssisələrində çalışan müəllimlər 10-20 min əmək haqqı almır. Təhsilin özəl sektorunu əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. İllik təhsil haqqı 50-60 min manata qədər olan özəl liseylər var. Buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, həmin məktəblərin nəticələri heç də regiondakı məktəblərin nəticələrindən üstün deyil. Hətta bəzi bölgə məktəblərinin göstəriciləri onlardan daha yuxarıdır. Burada digər üstün tərəflərdən biri özəl liseylərin beynəlxalq imtahanları ilə bağlıdır. Lakin biz bu xərcləri də hesablasaq, heç də bu qədər yüksək qiymətlər alınmır. Etiraf etmək lazımdır ki, özəl məktəblər yalnız varlılar üçündür. Çünki bu məktəbləri yaradan sahibkarlar kommersiya məqsədilə bu addımı atıblar. Rəqabət olmadığına görə qiymətlər də fantastikdir. Demək olar ki, hamısında standart qaydalar tətbiq olunub. Yəni kreativ və fərqli metodlar yoxdur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, cəmiyyətdə təbəqələşmənin artması və sosial bərabərsizliyin mövcudluğu bütün sahələrdə ictimai narazılıq yaradır və ciddi psixoloji təsirlərə səbəb olur. Bu, ictimaiyyətin ümumi ruhuna və yanaşmasına mənfi təsir göstərir: “Təhsil sahəsinə diqqət yetirsək, sosial bərabərsizlik burada da qabarıq şəkildə özünü göstərir. Əvvəllər təhsil standart idi. Sovet dövründə həm imkanlıların, həm də fəhlələrin övladları eyni təhsili alırdı. Lakin kapitalizmə keçid dövründən sonra təbəqələşmə və sinfi ayrıseçkilik dərinləşməyə başladı. Imkanlı şəxslər övladlarına illik 10 min, 50 min təhsil haqqı ödəyir. Ölkədə minimum və yüksək əmək haqqı da bəllidir. Belə olan halda sual yaranır: illik 54 min təhsil haqqı ödəyən valideyn harada işləyir və onun rəsmi gəliri nə qədərdir?”

Günel Cəlilova,
"Baxı-Xəbər" qəzeti

Bizə qoşulun