Medianews.az
“İftixar Piriyev teatrı qalmaqal, şəxsi ədavət ocağına çevirdi, qurub yaratdığımızı dağıtdı, teatrın adı məhkəmələrdə hallandı” -
153 baxış

“İftixar Piriyev teatrı qalmaqal, şəxsi ədavət ocağına çevirdi, qurub yaratdığımızı dağıtdı, teatrın adı məhkəmələrdə hallandı” - QALMAQAL+ÖZƏL

“Bu gün İrəvan Dövlət Azərbaycan Dram teatrının binası istifadəyə verildi. Məni də, Elmira xanımı da dəvət etmişdilər. Səhhətimizlə əlaqədar açılışda iştirak edə bilmədik. Hazırda teatrın direktoru yoxdur. Teatrda çalışan bir xanım oranı hələ ki, müvəqqəti olaraq idarə edir. Nəhayət ki, bu teatrın öz binası oldu. Ömür boyu nə İrəvanda, nə də Azərbaycanda bu teatrın binası olmayıb. Bina var, amma içindəkilər... Bu başqa, amma böyük dərddir. Ümid edək ki, bundan sonra yaxşı olacaq”. 

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Vidadi Əliyev deyib.

O daha sonra teatrdan güclə çıxarıldığını etiraf edərək, keçmiş direktor İftixar Piriyevin ünvanına ittihamlar səsləndirib:

“Mən o vaxt pensiya yaşım çatanda da teatrdan çıxmaq istəmirdim, işləmək istəyirdim. Bilirdim ki, əmr var, pensiya yaşın çatdısa çıxmalısan. Hətta maaşdan da imtina etməyə hazır idim. Bu istəyimi direktora da bildirmişdim. Çünki o teatrı özüm qurub, özüm yaratmışdım. Bu gün isə teatrda çalışmaq istəmirəm. Çünki səhhətim sözümə baxmır. Direktordan xahiş etdim ki, rejissor kimi gəlib-gedim, səhnələşdirdiyim tamaşalara nəzarət edim. İftixar Piriyev hiss etdim ki, nəsə məni qısqanır. Başqa bir şey fikirləşirdi.. O düşünürdü ki, mən orada işləyərəm, birdən ona qarşı nəsə kampaniya düzəldərəm. Mənim onsuz da yaşım çatmırdı orada direktor olmağa. Bilmirəm bu insan nədən qorxurdu? Son illərdə İrəvan teatrının adı ancaq qalmaqallarda hallanırdı. Teatrda nə qədər məhkəmə işi gedər? Nə qədər aktyor, rejissorla direktor məhkəməlik oldu! İllər boyu bu belə dava edib. Bu da rəhbərlikdən irəli gəlirdi. O insan teatrı hörmətdən saldı. Hamı teatrımızı çəkişmə meydançasına, qalmaqal ocağına bənzətdi. Sanki bu teatrın Azərbaycan teatr tarixində xüsusi yaradıcılığı, hansısa payı olmayıb. Teatr nüfuzunu itirdi. İftixar Piriyevin rəhbərlik etdiyi dövrdə teatrdan bir çox sənətkarlar üz döndərdi. Adlarını saymaqla bitməz.. Oradan Rada Nəsibova, Əjdər Zeynalov, Mehman Piriyev və s. aktyorlar getdi. İftixar Piriyev məni də, Elmira xanımı da saxlaya bilərdi. Saxlamalı idi də. Biz bu qədər gəncləri güc-bəla ilə, dənə-dənə yığmışdıq ki, onları bu sənətə həvəsləndirək. Biz kadr qurduq yaratdıq, o vurub dağıtdı. Şəxsi ədavət teatrı yaratdı. Təki bundan sonra gələnlər aktyorların qədrini, qiymətini bilsin”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun