Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
Medianews.az xəbər verir ki, bu barədə G.Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.
Gültəkin Hacıbəyli qeyd edib ki, noyabrın 29-da İstanbulda saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib. Üç gün əvvəl isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.
Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.