X platformasına məxsus “Grok” adlı süni intellekt proqramının 370 mindən çox istifadəçi söhbəti Google axtarış sistemində indekslənərək açıq şəkildə yayımlanıb.
Medianews.az xəbər ki, bu barədə ABŞ-nin “Forbes” jurnalı məlumat yayıb.
İstifadəçilərin bir dəfəlik keçidlər vasitəsilə paylaşdığı söhbətlərdə şifrələr, sağlamlıq məlumatları, şəxsi münasibətlər və hətta zorakılıq və narkotiklə bağlı mətnlər yer alıb. Grok söhbətlərin anonim olduğunu iddia etsə də, bu məlumatların əksəriyyəti istifadəçilərin kimliyini müəyyənləşdirməyə imkan verən detalları ehtiva edir.
Təhlükəli sistem boşluğu
“Grok”un paylaşım sistemi nə vaxt limiti, nə də giriş məhdudiyyəti tətbiq edir. Yayımlanan söhbətlər yalnız əl ilə silinərsə axtarış nəticələrindən çıxarılır. Bu da platformaya olan etibarı sarsıdıb.
İstifadəçilər nə etməlidir?
• Söhbətləri paylaşmaqdan çəkinin.
• Əvvəl paylaşdığınız keçidlərin Google-dan silinməsi üçün müraciət edin.
• X platformasında məxfilik ayarlarınızı yenidən nəzərdən keçirin və məlumatlarınızın süni intellekt təlimlərində istifadəsini məhdudlaşdırın.
Süni intellektdə artan məxfilik böhranı
“Grok” bu cür problem yaşayan ilk platforma deyil. Daha əvvəl ChatGPT və Meta-nın botları ilə bağlı oxşar hallar yaşanıb. Avropada bəzi şirkətlər artıq Grok istifadəsini məxfilik narahatlıqları səbəbilə qadağan edib.
Mütəxəssislər texnologiya şirkətlərinin məhsulları sürətlə bazara çıxardığını, lakin istifadəçi məxfiliyini təmin etmədən hərəkət etdiyini bildirirlər. Bu cür sızmalar süni intellektə olan etibarı ciddi şəkildə zədələyir.
Medianews.az