Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə ştat olaraq təsdiqlənməsi ehtimal edilən şəxsin adı bəlli olub.
Medianews.az-ın əldə etdiyi məlumata görə, bu şəxs general-mayor Azər Heybətlidir.
Məlumata görə, o hazırda sözügedən Baş İdarənin rəisi vəzifəsini müvəqqəti icra edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov aprel ayında vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Azər Heybətli Azərbaycan Ordusunun rəhbər heyətində təmsil olunan zabitlərdəndir. O, hərbi xidmətinin müxtəlif mərhələlərində taqım komandiri, bölük komandiri və digər komanda vəzifələrində çalışıb. Azər Heybətli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib. Hazırda isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edir.
Ordunun kadr və şəxsi heyət siyasətinin idarə olunmasında əsas fiqurlardan biri hesab olunan Azər Heybətli bundan sonra general korpusunda təmsil olunacaq.//Bakıvaxtı.az
