Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun işi apellyasiya mərhələsində də maraqlı detallarla diqqət çəkib.
“Qafqazinfo”nun məlumatına görə, 8 ilə kimi həbslə cəzalandırılan gənclər əməllərinin adam oğurluğuna cəhd kimi deyil, maksimum özbaşınalıq kimi qiymətləndirilməsini istəyirlər.
Bənzər cinayətlərdən fərqli olaraq burada təqsirləndirilən Fikrət Əliyev və Ülvi Səmədovla birlikdə zərərçəkmiş qız da eyni əsasla hökmdən narazıdır. Həm müdafiə tərəfi, həm də zərərçəkmiş qız birgə apellyasiya şikayəti verərək bəraət qərarı çıxarılmasını xahiş edirlər.
Bakı Apellyasiya Məhkəməsi işi yenidən istintaqa qaytarmasa da, zərərçəkmiş qismində tanınan qızın dindirilməsini zəruri hesab edib.

Leyli (ad şərtidir– red.) bu dəfə də bir az dramatik, amma fədakar ifadə verib. O, daha əvvəl də dediyi kimi nə sevgilisi Fikrətdən, nə də onun dostu Ülvidən şikayətçidir. 19 yaşlı Leylinin yeganə istəyi Fikrətlə evlənib xoşbəxt olmaqdır: “Fikrətlə bir-birimizi sevirik. Əvvəl də demişdim, indi də deyirəm. Həmin gün çox həyəcanlı idim, şikayət ərizəsinə qol çəkdiyimi belə anlamadım. Maşında adi qısqanclıq mübahisəsi etdik. Nəticə də gətirib bura çıxardı. Hakimlərdən xahişim, onların azadlığa buraxılmasıdır. Əks halda Fikrəti 8 il də gözləməyə hazıram”.
Şüşə qəfəsdə əyləşən Fikrət sevgilisinin dediklərini başı ilə təsdiq edərək azadlığa çıxdıqdan sonra evlənəcəklərinə təkrar söz verib.
Zərərçəkmiş şəxsin bu cür ifadəsi müdafiə tərəfi üçün böyük üstünlükdür. Leylinin “öz istəyimlə qoşulub qaçmışam”, “şikayətim yoxdur” sözləri təqsirləndirilən şəxslərin niyyətini birbaşa sual altına qoyur.

Fikrətin hüquqlarını bu mərhələdə tanınmış vəkil Ruzi Səmədov müdafiə edir. Müdafiəçi həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı toplanmış sübutları təhlil etdikdən sonra ortada adam oğurluğuna cəhdi təsdiq edən kifayət qədər əsas olmadığını düşünür: “Gənclər uzun müddət münasibətdə olublar, hər ikisi də yetkinlik yaşına çatıb. Hadisə günü müvəkkilim sevgilisinin israrı ilə onu dostunun avtomobili ilə aparmağa razılaşıb. Sonradan qız fikrini dəyişərək geri qayıtmaq istəyib. Bu vaxt da bəxtsizlikdən avtomobil əks yola çıxıb. Əslində bu qayda pozuntusu da qəsdən olmayıb. Müvəkkilim rayon uşağıdır, Saatlıda yaşayır. Şəhər yollarına bələd olmadığı üçün də əks yolla hərəkət edib. Adam oğurluğuna cəhd cinayətində əsas məqsəd hansısa şəxsi iradəsi əleyhinə harasa aparmaq və orada saxlamağa çalışmaqdır. Amma bu işdə tərəflər uzunmüddətli sevgi münasibətində olublar. Açıq-aydın görünür ki, burada oğurlamaq niyyəti deyil, bir-birinə qovuşmaq istəyən iki gəncin emosional istəyi var. Bu ağır ittiham qızın həyəcanlı vəziyyətdə şikayət ərizəsini imzalaması nəticəsində formalaşıb. Məhkəmə də verilmiş ittihamı bir az yüngülləşdirməklə müvəkkilimə 8, dostuna 6 il 9 ay həbs cəzası verib. Onların əməli ən pis halda özbaşınalıq (CM: 322-ci maddə) kimi qiymətləndirilməli idi”.
Müdafiəçilər yekun çıxışlarında gənclərin sərbəst həyatlarına davam etmələri üçün bəraət qərarı verilməsini xahiş ediblər.
Fikrətin atası Umudəli Əliyev isə oğlunun işi ilə bağlı Məhkəmə-Hüquq Şurası və Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib. Ata oğlunun gəncliyini, sevgisi naminə etdiyi səhvləri nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edib.
