Ermənistanda hökumətə yaxın dini qruplarla Apostol Kilsəsinin rəhbərliyi arasındakı qarşıdurma açıq fazaya keçib.
Musavat.com xəbər verir ki, Nikol Paşinyana sədaqətli 10 yepiskop “Kilsə islahatları üzrə Koordinasiya Şurası” adı ilə bəyanat yayaraq Eçmiədzindəki Ali Ruhani Şuranın “qeyri-legitim və müddəti bitmiş struktur” olduğunu açıqlayıb.
Bəyanatda qeyd olunur ki, şura 2017-ci ildə dörd illik mandatla seçilmiş və 2021-ci ildən sonra katolikos tərəfindən “təkbaşına formalaşdırılıb”. Bu səbəbdən onun qəbul etdiyi qərarların “kanonik olmadığı” bildirilir.
Yepiskoplar həmçinin fevralın 16–19-da Avstriyanın Sankt Pölten şəhərində keçiriləcək kilsə toplantısını “dövlətçiliyi və Eçmiədzini nüfuzdan salan addım” adlandırıb və bunun Ermənistanda deyil, xaricdə keçirilməsinə etiraz ediblər.
Bəyanatda Ermənistan hökumətinin uzun müddətdir katolikos və kilsə rəhbərliyinə ünvanladığı ittihamların cavabsız qaldığı iddia edilir.
Bəyanatın sonunda katolikosluq “anti-milli, xarici qüvvələrə xidmət edən qruplarla” əməkdaşlıqda ittiham olunur. Ermənistan daxilində isə bu ifadələr artıq uzun müddətdir hökumətin kilsəyə tətbiq etdiyi siyasi diskursun tərkib hissəsidir.