ABŞ Prezidenti Donald Tramp Melonini sərt şəkildə tənqid edərək, ona şok yaşatdığını bildirib.
Medianews.az “Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi son müsahibəsində bir vaxtlar təriflədiyi Meloninin cəsarətsizliyindən gileylənib.
“O mənə şok yaşatdı. Düşünürdüm ki, onun cəsarəti var, amma yanılmışam. O, sadəcə olaraq İtaliyanın bu işə qarışmaq istəmədiyini deyir və Amerikanın onun əvəzinə hər şeyi həll etməsini gözləyir”, – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, Trampın qəzəbinə səbəb Meloninin İrana qarşı müharibə planlarında Vaşinqtona dəstək verməməsi və İtaliyanın NATO çərçivəsindəki passivliyidir.
Məlumat üçün bildirək ki, iki lider arasındakı uçurumu dərinləşdirən əsas hadisə Papanın müdafiəsidir. Belə ki, Donald Tramp daha əvvəl sülh çağırışları edən Papa XIV Leonu kəskin tənqid edərək, onu “zəif” adlandırmışdı. Meloni isə tənqidlərə səssiz qalmayaraq Papanı müdafiə edib və Trampın sözlərini “qəbuledilməz” adlandırmışdı.
Xatırladaq ki, Tramp həmçinin daha əvvəl Papanın varlığını da özünə bağlayaraq, “Mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı” iddiasını irəli sürmüşdü.